Razim Məmmədova “dur” deyən olacaqmı?

Razim Məmmədov

Əli Əhmədov Xətai rayon İcra Hakimiyətinin başçısına sahib çıxdı

Paytaxtın Xətai rayon icra hakimiyyətinin başçsı Razim Məmmədov da artıq Tanrıya bəndəlik etmir. Bir neçə müddətdir ki, rayon ərazisi kvadrat metrlərlə ayrı–ayrı şəxslərə müxtəlif məqsədlərlə satılır. Bütün ara küçələr sanki tikinti meydançasıdır. Hər tərəfdə pərakəndə, şəhərsalma mədəniyyəti ilə qətiyyən uyğunlaşmayan kiçik həcmli ticarət obyektləri tikilir. Ötən saylarımızda Xətai rayon ərazisində baş verən bu tip hadisələrlə bağlı silsilə yazıların dərcindən sonra sanki cənab Məmmədov “yaxşı edirəm” tipli mesaj verərək xırda ticarət obyektlərnin tikintisini daha da sürətləndirmiş və həmin tikililərin küçə boyu sayını hiss ediləcək dərəcədə artırmışdı. Sadıqcan, Cavanşir, Məhəmməd Hadi kücələrində tikilən ticarət obyektləri əsasən yolun hərəkət istiqaməti ilə birləşik vəziyyətdə inşa olunur. Ən maraqlı cəhət isə odur ki, həmin obyektlərin tikiintisinə icazə üçün hər hansı sərəncam və ya digər hüquqi sənəd verilmir. Belə olan halda iri tutumlu avtobusların və digər avtomobillərin daimi hərək etdiyi dar küçələrdə baş verəcək hər hansı nəqliyyat hadisəsi zamanı yolun düz kənarında tikilən bu obyektlərin və orada çalışan şəxslərin ziyan çəkməmələri mümkün deyil. Lakin bu nə aidiyyatı orqanları, nə də ki, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovu qətiyyən narahat etmir.
Həmin tikililər üçün ikinci və ən əsas təhlükə mənbəyi isə onların iri həcmli kommunikasiya xətlərinin üzərində və olduqca yaxınlığında inşa olunmasıdır. Hadisə yerinə baxış zamanı diqqətimizi çəkən ən maraqlı məqam isə obyektlərin inşa olunduğu ərazidən bir az kənarda, lakin eyni xəttin üzərində yüksək təzyiqli qaz xəttinin keçməsi ilə bağlı xəbərdarlıq nişanının basdırılması oldu. Adamların mina basdırılmış sahə qədər təhlükəli olan bir ərazidə tikinti aparmasına “göz yummaq” onları göz görə-görə ölümə sürükləmək deyilmi? Görəsən, Razim Məmmədova “dur” deyəcək bir qurum və ya şəxs varmı bu məmləkətdə? Sadə, işsiz-gücsüz birilərinin tapdığı qəpik–quruş müqabilində harada olursa olsun özlərinə çörək pulu qazanmaq üçün hər hansı obyekt qurmaq arzusu sözsüz ki, başa düşüləndir. Lakin aidiyyatı qurumların fəaliyyəti hər kəsin arzusu ilə deyil, məhz qanunların icazə verdiyi qaydada tənzimlənməlidir. Amma görünür bu məsələnin hələ ki, nə Xətai rayonuna, nə də onun icra başçısı Razim Məmmədova heç bir aidiyyatı yoxdur.
Etibarlı mənbədən aldığımız məlumata görə, bu günlərdə prezidentin müvafiq sərəncamı ilə işdən azad olunan Təhsil nazirinin sabiq müavini İsgəndər İsgəndərovla yaxın qohumluq əlaqələri olan Razim Məmmədov artıq başı üzərindən qara buludları qova bilib. Belə ki, Yeni Azərbaycan Partiyasının icra katıbı, millət vəkili Əli Əhmədovla anlaşan icra hakimiyyətinin başçısı artıq postunu itirməyəcəyi ilə bağlı tam arxayın olduqdan sonra bu işlərə tam qüvvəsi ilə rəvac verib. Mənbə söyləyir ki, onsuz da özünü xırda padışah kimi aparan R.Məmmədov son günlər hərəkətlərində daha da saymazyana olub. Əldə etdiyimiz məlumatda o da bildirilir ki, cənab Məmmədovla Ə.Əhmədovun anlaşmasının nəticəsi olaraq millət vəkilinin yaxın qohumları rayonda müvafiq işlərlə təmin olunublar. Söylənilənlər arasında o da var ki, yaxın günlərdə Ə.Əhmədova məxsus böyük sahəni əhatə edən yeni, müxtəlif təyinatlı ticarət obyektlərinin inşasına başlanacaq.
Yazıda adı keçən hər kəsin cavab haqqını tanıyırıq.
Mövzuya qayıdacağıq.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button