RB-nin reportyorları Lənkərandan qayıdıb

Sabah jurnalist tədqiqatları barədə geniş reportajlar dərc ediləcək

 «Yeni Müsavat», «Xural» qəzetləri, Turan İnformasiya Agentliyi, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun jurnalistlərindən ibarət qrup Redaktorlar Birliyinin (RB) qərarı ilə dünən Lənkərana gediblər. Səfərdə məqsəd “Xural” qəzetinin müxbiri Aydın  Canıyevin həbsinin başvermə şəraitini öyrənmək olub. Qrup həbsdə olan jurnalistin əleyhdarları və tərəfdarları, həmçinin polislə görüşüb. Səfərin nəticələrinə əsasən hazırlanacaq materiallar Canıyevin işi üzrə mövqeyinin müəyyən olunması üçün RB-yə təqdim olunacaq.

Qeyd edək ki, Aydın Canıyev vətəndaş Zemfira Xəlilovanı təhqir etdiyi və Səpnəkəran məscidində xuliqanlıq hərəkətləri törətdiyi ittihamı ilə sentyabrın 7-də 12 sutkalığa həbs olunub. Sonra məhkəmənin qərarı ilə həbs müddəti CM-in 221.2 maddəsilə (xuliqanlıq) uzadılıb, özü isə Bakıya gətirilib. Canıyevin cinayət məsuliyyətinə cəlb olunması məsələsi Lənkəran Universitetinin pedaqoji heyəti tərəfindən də qaldırılıb. Onların şikayətinə Canıyevin “Xural” qəzetinin 7 sentyabr sayındakı məqaləsindəki frazası səbəb olub.

Qəzetimizin baş redaktoru Əvəz Zeynallı bildirir ki, Canıyev Lənkəranda din xadimlərinin, əsasən Qafqaz Müsəlmanları İdarəsinin cənub regionu üzrə nümayəndəsi Qəni Axundzadənin nalayiq hərəkətlərini ifşa etdiyinə görə təqib olunur.

Dünən Axundzadə mətbuat qrupu ilə görüşündə bildirib ki, şəxsi təhqirə görə Canıyevin cəzalandırılmasın tələb edəcək.

Onu da əlavə edək ki, bu, Redaktorlar Birliyinin ikinci təşəbbüsüdür. Bundan əvvəl Birliyin təşəbbüsü ilə bir qrup jurnalist və hüquq müdafiəçisi Naxçıvana gedərək muxtar respublikada insan hüquqlarının vəziyyəti ilə tanış olub.

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button