ReAL-ın idarə heyətinin üzvü Baş Prokurorluqda 5 saat dindirilib

Respublikaçı Alternativ (ReAL) Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı şənbə günü Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində 5 saat dindirilib.

Qasımlının Turan-a verdiyi məlumata görə, onu İran səfirliyinin əməkdaşlarının ReAL ofisinə gəlməsi haqqında dindiriblər.

Qasımlı qeyd edib ki, görüş məxfi deyildi və təşkilat özü onun haqqında məlumat və foto yayıb. Digər tərəfdən, bundan əvvəl ReAL ofisinə ABŞ, Böyük Britaniya, Almaniya, Niderland və digər ölkələrin səfirliklərinin əməkdaşları da gəlib və bu barədə KİV-də məlumat verilib.

O, Baş Prokurorluğun araşdırmasını “qanunsuz addım və ReAL-a və onun lideri, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq, hələ də həbsdə saxlanılan İlqar Məmmədova təzyiq məqsədi güdən siyasi sifarişin icrası” kimi qiymətləndirib.

“Maraqlıdır ki, sentyabrda yenə məni Prokurorluğun elə bu idarəsində dindirmişdilər və bizi ABŞ-ın maliyyələşdirməsində ittiham etmişdilər”, deyə Qasımlı bildirib.

Onun sözlərinə görə, yanvarın 30-da ReAL-ın icraçı direktoru Natiq Cəfərli də dindirilməyə çağırılıb.

Xatırladaq ki, dünən prokurorluq ReAL-ın İran diplomatından pul alması haqqında materialların araşdırıldığı bəyan edib.

Bu “sensasiya”nı Eynulla Fətullayev öz saytında dərc edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button