ReAL: Seçki qeyri-legitim bir proses idi

ReAl Hərəkatı

NİDA Vətəndaş Hərəkatı: Seçkilər qeyri demokratik və qeyri şəffaf şəraitdə keçirilib

“11 aprel 2018-ci ildə baş vermiş seçkilər həm seçkiöncəsi vəziyyətə, həm də seçki günündə baş verən total saxtakarlığa, qanun pozuntularına görə beynəlxalq normalara uyğun gəlməyən, cəmiyyətdə olan real siyasi güclər nisbətini əks etdirməyən, formal xarakter daşıyan, indiki prezidentin səlahiyyətlərini xalqın idarəsinə əsaslanmadan 7 il uzadılmasına xidmət edən qeyri-legitim bir proses idi”.

ReAL Partiyasının 11 aprel seçkisi ilə bağlı yaydığı mövqe sənədində belə deyilir. Bildirilir ki, seçki prosesi Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün məhdud vəziyyətdə olan imkanların artırılmasında heç bir rol oynamayıb:

“Belə məhdudiyyətlərdən biri REAL sədri, prezidentlik postuna əsas alternativ namizəd olan İlqar Məmmədovun 2013-cü ildən, yəni ötən prezident seçkilərindən əvvəl həbsdə olmasıdır. Həbsin qanunsuzluğunu və siyasi motivlərlə həyata keçirildiyini, o cümlədən azadlıqdan məhrumetmə hökmünün ədalətli mühakimə hüququnun pozulması nəticəsində çıxarıldığını müəyyən edən Avropa Məhkəməsi qərarlarının mövcud olmasına baxmayaraq, İlqar Məmmədov azadlığa buraxılmayıb. Bundan başqa, çoxsaylı jurnalist və blogerlər siyasi motivlərlə həbsdədirlər, alternativ informasiya mənbələri hakimiyyət tərəfindən yox səviyyəsinə çatdırılıb, mövcud olanların üzərinə total hücumlar var, həmçinin sərbəst toplaşmaq və birləşmək azadlığına ciddi məhdudiyyətlər mövcuddur”.

ReAL hesab edir ki, 11 aprel seçkiləri son illərdə cəmiyyətin seçki prosesinə və institutuna onsuz da sarsılan inamını daha da azaltdı, xalqın ölkədə dəyişikliklərin seçki yolu ilə baş verməsi ümidini sarsıtdı:

“REAL Partiyası olaraq bəyan edirik ki, seçki institutunun tam sıradan çıxarılması xalqımızın və dövlətin gələcəyinə ən ciddi təhdidlərdən biridir. Bunun məsuliyyəti tamamilə İlham Əliyev və indiki hakimiyyətin üzərindədir”.

“Respublikaçı Alternativ Partiyası olaraq bəyan edirik ki, 11 aprel 2018-ci ildə baş verən seçkilərin nəticəsi xalqın istəklərini və real siyasi vəziyyəti əks etdirmir, qanun pozuntuları olan və siyasi rəqabət olmadan baş tutan seçki prosesi prezidentin legitimliyini şübhə altında qoyur” – sənəddə vurğulanır.

 

NİDA
NİDA.

NİDAnın 2018-ci il növbədənkənar prezident seçkilərinə dair rəyində isə deyilir:

“Ölkədəki siyasi mühit beynalxalq standartlara cavab verən seçkilərin keçirilməsinə uyğun deyildir. Belə ki, hakimiyyətin fevralda növbədənkənar seçkiləri aprel ayına təyin etməsi ilə müxalif partiyalarına demək olar ki, hazırlıq üçün vaxt saxlamadı. Bundan başqa, Azərbaycanda 160-dan çox siyasi məhbus var. Şəffaf seçkilərin keçirilməsi üçün ən vacib şərtlərindən biri – ifadə azadlığı Azərbaycanda kobud şəkildə pozulmaqdadır.

Jurnalistlərin və bloggerlərin həbsdə saxlanması, müstəqil saytların bloklanması, yerli televiziya kanalların müxalif qüvvələrin üzünə qapadılması seçkilərin qeyri şəffaf keçirildiyinə əsaslı şübhələr yaradır.
Nəticədə seçkiləri bütün müxalif partiyalar və təşkilatlar boykot etdi, seçkilərdə isə “cib müxalifəti”nin nümayəndələri iştirak edərək İlham Əliyevin 4-cü dəfə rəqabət şəraitində seçilməsi görüntüsünü yaratmağa cəhd etdi.

NİDA bəyan edir ki, İlham Əliyevin 4-cü və bu dəfə 7 illik prezident vəzifəsinə seçilməsi demokratik standartlara cavab vermir. NİDA qeyd edir ki, prezident seçkilərində səs vermə prosesi saxtakarlıqlarla müşayiət olunurdu. Videoçəklişlərdə seçicilərin ayrı ayrı məntəqələrdə səs verməsi, seçki komisiyaların üzvlərin və seçicilərin tərəfindən qutuya topa bülletenlərin atılması açıq-aşkar görünür. Müstəqil müşahidəçilərin olduğu seçki məntəqələrinin 47%-da adları seçici siyahısında olmayan seçicilərin iştirakı, 53% seçki məntəqəsində seçki qutusuna saxta bülletenlərin atılması, seçki məntəqələrin 53%-da isə bir şəxsin bir neçə dəfə səs verməsi halları qeydə alınıb. Bundan əlavə, səs vermə zamanı müstəqil müşahidəçilərə və jurnalistlərə seçki komissiya üzvləri tərəfindən maneələrin yaradılması seçkilərin şəffaf olmamasını göstərir. Həmçinin səs sayma zamanı müşahidəçilər səs verənlərin sayının artırılmasını qeyd ediblər. 2017-ci ildə Dövlət Statistika Komitəsi açıqlamasında bildirmişdir ki, Azərbaycanda səsvermə yaşında 7,1 milyon insan var. Ancaq daimi seçici reystrində ümumilikdə 5 192 063 seçici qeydiyyata alınıb. Bu ciddi rəqəm fərqi seçkilərin nəticələrinin saxtalaşdırılmasına hazırlıqdan xəbər verirdi. Bütün bunları nəzərə alaraq, NİDA 11 aprel seçkilərinin bir daha xalqın iradəsinə zidd olduğunu bəyan edir.

NİDA Vətəndaş Hərəkatı 11 apreldə keçirilmiş prezident seçkilərin nəticələrini tanımır və bəyan edir ki, seçkilər qeyri demokratik və qeyri şəffaf şəraitdə keçirilib”.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button