ReAL üzvü İlqar Məmmədova müraciət etdi: “Əli Kərimlini debata şəxsən özünüz dəvət edin!”

Respublikaçı Alternativ Partiyasının sədri Cənab İlqar Məmmədova müraciət:

 

“Hörmətli İlqar bəy!
İlk öncə nəzərinizə çatdırmaq istəyirəm ki, bu aralar mənim müxalifət partiyaları, müxalifət liderləri və müxalif düşüncəli insanlarla təşkilatlar haqqında heç bir mövzuda nə öz fikrimi, nə də iradlarımı bildirmək fikrim yox idi.

Başım daha vacib məsələlərə qarışdığı üçün, öz mübarizəmi birbaşa iqtidarda olan bütün məmurlarla yuxarıdan aşağıya doğru gedərək, öz bildiklərimi cəmiyyətlə paylaşıram.

Lakin son günlər müxalif partiyalar arasında yaranan “İlqar döyər, yoxsa Əli” kimi gülünc və xaricdən baxanda ölkənin müxalifət partiyaları haqqında komik imic yaratdığını gördükdən sonra məcbur qalıb birbaşa müraciətimi ilk öncə sizə ünvanlamağı özümə borc bildim.

Çünki rəsmi qeydiyyatdan keçmiş olduğum partiya ReAL partiyasıdır və siz İlqar Məmmədov mənim üzvü olduğum partiyanın sədrisiniz.

İlk öncə onu qeyd edim ki, öz səhifəmdə partiyalar haqda yazmağın tərəfdarı olmasam da, bu durum məni buna vadar etdi və düşünürəm ki, siz demokratiyanın tərəfdarı olduğunuz üçün mənim bu tələbimi dəyərləndirəcəksiniz.

İlqar bəy, biz sizi ANS-dəki o möhtəşəm çıxışınızdan sonra tanımışıq və içimizdə müxalifətə qırılan inamımızı bərpa edən yeganə şəxs sizsiniz.

Siz həbsdə olan zaman hamımız bir nəfər kimi İlqar Məmmədova dəstək etmək üçün küçələrə çıxıb, haqqı tələb edirdik.

Yazıqlar olsun ki, sizin həbsdən çıxmağınızı müxalifətin monopolist qüvvələri çalışırlar öz adlarına bunu xal olaraq yazsınlar ki, sizi özlərinə tabe etsinlər, amma sizə təşəkkür edirəm ki, bu imkanı onlara vermirsiniz.

ReAL-dan öncə başqa bir partiyanın üzvü olsam da, ReAL partiyasının demokratik qaydalara riayət etdiyini düşünüb bu partiyaya üzv oldum və düşünürəm ki, demokratik dəyərlərə dəyər verən bir partiya rəhbəri olaraq mənim kimi sıravi üzvün partiya sədrindən tələbini özünüzə həqarət kimi qəbul etməzsiniz.

İlqar bəy, sizdən xahiş edirəm, son günlərdə yaranan bütün narahatlığa, aşağılamalara, sayğısızlıqlara və gülünc atmosferə son qoymaq, sizin tərəfdarlarınızın sayını daha da çox artırmaq və mövcud olan monopolist qüvvələrin yaratdığı şouya son qoymaq üçün Əli Kərimlini debata şəxsən özünüz dəvət edin.

Sizə etimad edənlər də bilir ki, sizinlə debata çıxan oradan məyus qayıdacaq, amma hər halda artıq siz bunu etməlisiniz.

Bunu sizdən mən Rəşad Əlizadə, Respublikaçı Alternativ Partiyasının üzvü olaraq tələb edirəm.

Təşəkkür edirəm.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button