Redaksiya kollektivi Ramil Usubova müraciət etdi

“Xural” qəzetinin kollektivi Azərbaycanın daxili işlər naziri Ramil Usubova müraciət edib.

Tanınmış yazar Rafiq Tağının qətlindən sonra “Xural”ın əməkdaşları DİN-dən təhlükəsizliklərinə təminat istəyiblər. Onlar Daxili İşlər naziri R.Usubova müraciətlərində Milli Məclisin deputatı Gülər Əhmədova tərəfindən acıq şəkildə təhdid edildiklərini bildiərək, təhlükəsizliklərinin təmin edilməsini tələb ediblər: ““Yeni Müsavat” qəzetinin 22 noyabr 2011-ci il tarixli sayının 3-cü səhifəsində Milli Məclisin deputatı, “Mərkəz” qəzetinin baş redaktoru Gülər Əhmədova “Gülər Əhmədovadan debat təklifinə sərt reaksiya” başlıqlı açıqlama verib və “Xural” qəzetinin əməkdaşlarını “təpəsinə güllə çaxmaqla” hədələyib. G.Əhmədovanın vəzifə sahibi və xüsusi imkanlara malik şəxs olduğunu nəzərə alaraq, bu təhdidi “Xural” kollektivinə qarşı ciddi təhlükə kimi dəyərləndiririk.Nəzərinizə çatdırırıq ki, artıq 20 günə yaxındır, “Xural” qəzetinin əməkdaşları naməlum şəxslər tərəfindən təhdid olunur. Qəzetin redaktoru Nurəddin Xocanın “OKA” markalı 10 KJ 681 dövlət nömrə nişanlı avtomobili oktyabrın 30-da “Kamaz” markalı yük avtomobili tərəfindən vurulub və sürücü aradan çıxıb, noyabrın 6-da isə Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində saxladığı avtomobilinin kapotu və ön şüşəsi kut alətlə yararsız hala salınıb. Həmin gün N.Xocanın evinə zəng edən naməlum şəxslər “bunlardan dərs alıb sakit oturmasan, səni məhv edəcəyik” deyərək onu hədələmişdir.Qəzetin digər əməkdaşı Kamran Zamanlının “Mersedes” markalı 90 LD 198 dövlət nömrə nişanlı avtomobili isə noyabrın 2-də saat 19 radələrində Heydər Əliyev prospektində dövlət nömrə nişanı olmayan, ön şüşəsinin sağ küncündə Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuş, metal rəngli “Mersedes” markalı avtomobildə əyləşən, təxminən 30 yaşlarında, idmançı görkəmli 2 nəfər şəxs tərəfindən təqib olunmuşdur. K.Zamanlı təqibdən 18-ci polis bölməsinə sığınmaqla xilas olmuşdur. Baş vermiş hadisə ilə bağlı DİN-nin “102” xidmətinə dərhal məlumat verilmişdir. 18-ci Polis Bölməsində təhqiqata başlasa da, bu vaxta qədər heç bir nəticə yoxdur. Qeyd edək ki, Heydər Əliyev prospektində DİN-nin çoxsaylı müşahidə kameraları var və həmin basqınçıları tapmaq DİN üçün həlledilməz problem deyil.Hörmətli cənab nazir!Baş verənlərin fonunda Gülər Əhmədovanın “Xural” qəzetinin kollektivi ilə ölüm təhdidi tonunda danışması təsadüfi deyil. Hesab edirik ki, fiziki məhvimizin təhdidinə yönələn bu təzyiqlər bir mərkəzdən idarə olunur. Kimlərsə cəzalanmayacaqlarından əmindirlər. Gülər Əhmədovanın bu təhdidini də konkret qrupun növbəti və daha ciddi təzyiqi kimi dəyərləndirməyinizi və təhlükəsizliyimizin təmini üçün qanunvericiliyə uyğun olaraq müfaviq qərar qəbul etməyinizi xahiş edirik.

Həmçinin deputat Gülər Əhmədovanın sözügedən açıqlamasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyəti yaratdığını nəzərə almağınızı və araşdırma aparılması üçün göstəriş verməyinizi xahiş edirik”.

XuralTAC
Qeyd: “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da eyni məsələ ilə bağlı DİN-ə, MTN-nə müraciət edib. Bu günlər həmin müraciəti də dərc edəcəyik. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button