Redaktorlar Birliyinin növbəti toplantısı keçirildi

Dünən Redaktorlar Birliyinin növbəti toplantısı keçirilib. Toplantıda jurnalistlər İdrak Abbasova və Aydın Canıyevə qarşı təzyiqlər, “Xural”, “Gündəm Xəbər” və “Yeni Müsavat” qəzetlərinə qarşı qaldırılan məhkəmə iddiaları, Sosial İnformasiya Agentliyinin Milli Məclisdə akkreditasiyadan keçirilməməsi məsələsi müzakirə edilib. Cari məsələlər zamanı Redaktorlar Birliyinin təşəbbüsü ilə “İnternet təhlükəsizliyi ” mövzusunda dəyirmi masanın keçirilməsi və mətbuat yayımının durumu müzakirə olundu.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev jurnalist İdrak Abbasovla bağlı müsbət addımların atıldığını bildirdi: “Məsələ Daxili İşlər Nazirliyinin nəzarəti altındadır. Nazirlik hətta İdrak Abbasovun təhlükəsizliyi ilə bağlı mühafizənin verilməsini təklif edib. Ona qarşı təzyiqlər ciddi şəkildə araşdırılır”.

 Redaktorlar Birliyi Oqtay Əsədova müraciət etdi

 Toplantıda çıxış edən  “Axar.az” saytının rəhbəri Taleh Şahsuvarlı Milli Məclisdə akkreditasiyadan keçmək üçün 1 ildən artıq müddət ərzində müsadilə apardıqlarını söylədi: “Əvvəlcə dedilər ki, Milli Məclisin işində iştirak etmək üçün azı media orqanının 1 illlik fəaliyyəti olmalıdır. Biz Milli Məclisə müraciət edəndə artıq 2 il idi ki, fəaliyyət göstərirdik. Sonra bizə acıq şəkildə dedilər ki, sizi qeydə almayacağıq. Bizə rəsmi cavab verilmir. Sorğularımız cavablandırılmır. Qeyri rəsmi, şifahi şəkildə bizə bildirirlər ki, gedin hara istəyirsinizsə müraciət edin”. Məsələ ilə bağlı müzakirələr zamanı “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, akkreditasiya və mətbuat xidmətləri haqda əsasnamə yoxdur: “Biz Prezident Administrasiyasına akkreditasiya və mətbuat xidmətlərinin əsasnamələrinin layihələrini təqdim etmişik. Lakin layihələrə baxılmır. İstər akkreditasiya sahəsində, istərsə də dövlət qurumlarının mətbuat xidmətlərində hərs-mərclik hökm sürür”. Geniş müzakirənin sonunda qərara alındı ki, ilkin olaraq Redaktorlar Birliyi adından Milli Məclisin sədri Oqtay Əsədova müraciət edilsin.

 

Vergilər Nazirliyi məhkəməyə verildi

 

Daha sonra “Gündəm Xəbər” qəzetinin baş direktoru Şirin Cəfəriyə qarşı qaldırılmış cinayət işi müzakirəyə çıxarıldı. Ş.Cəfəri Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların qanunsuz olduğunu bildirdi: “Vergilər Nazirliyinin yoxlamalarından məhkəməyə müraciət etmişik. Yaxın həftə ərzində məhkəmə iclası keçirilməlidir. Media Hüququ İnstitutu qəzetimizi vəkillə təmin edib. Hüquqi sahədə müdafiə işi təşkil edilib”.

 

Aydın Canıyevin müdafiəsi davam edəcək

 

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilkin olaraq həbsdə olan jurnalist Aydın Canıyev barədə məlumat verdi: “Hazırda onun vəkillə təmin edilməsi məsələsi həll edilməmiş qalıb. Bu məsələ də bu günlərdə həll ediləcək. Onu bildirim ki, vəkillə təmin edilmə məsələsinin həll edilməməsi bizdən və Redaktorlar Birliyindən asılı məsələ deyil. Biz öhdəmizə düşən hər bir işi görmüşük”. Ə.Zeynallı daha sonra A.Canıyevin Lənkəran məscidləri barədə yazdıqlarının təsdiq olunduğunu bildirdi: “Redaktorlar Birliyinin araşdırma qrupu məsələni yerində araşdırıb. Məlum olub ki, Aydın Canıyevin yazdıqları həqiqətdir. Dünən redaksiyamıza Lənkəran dindarları məscidlərdə baş verən əxlaqa zidd hərəkətlərlə bağlı ciddi videogörüntülər təqdim ediblər. Həmin videogörüntülərdə ağlasığmaz səhnələr əks edilib. Hesab edirəm ki, bu videogörüntülərlə Redaktorlar Birliyi də tanış olmalıdır. Müzakirələrin nəticəsindən asılı olaraq məsələni ictimaiyyətə təqdim etmək olar”.

 

“Xural” 30-cu dəfə məhkəmə önündə

 

“Xural” qəzetinin baş redaktoru Ə.Zeynallı növbəti dəfə məhkəməyə verildiyini bildirdi: “Sabah (bu gün – müəl.) Nərimanov Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə “Xırdalan” pivə zavodunun qəzetimizə qarşı qaldırdığı iddiaya baxılacaq. Bu məhkəmə “Xural” qəzetinin 9 illik tarixində 30-cu məhkəməsidir. Hesab edirik ki, bizə qarşı növbəti təzyiq hadisəsi baş verib ”.

 

“Yeni Müsavat” Müdafiə Nazirliyi önündə aksiya keçirəcək

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müdafiə Nazirliyi tərəfindən məhkəməyə verildiyini bildirdi: “Müdafiə Nazirliyinin bizə qarşı qaldırdığı iddiada kobud səhvlərə yol verildiyindən geri qaytarılıb. Lakin bizdə olan məlumata görə, Müdafiə Nazirliyi və dörd yüksək rütbəli zabit qəzetimizi məhkəməyə verməyə hazırlaşır. Mətbuat Şurasının sədri Əflatun Amaşovun məsələni məhkəməsiz həll etmək istiqamətində apardığı işlər nəticə verməyib. Faktiki olaraq Səfər Əbiyev Əflatun Amaşovla danışmaqdan yayınır. Hələlik Müdafiə Nazirliyi yenidən məhkəməyə müraciət etməyib. Əgər yenidən məhkəməyə müraciət olunarsa, “Yeni Müsavat” qəzeti olaraq Müdafiə Nazirliyinin önündə piket keçirmək barədə qərar qəbul etmişik” . R.Arifoğlu “ayı işi” məhkəməsinin hələ də yekunlaşmadığını bildirdi: “Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov danışıqları dayandırdığını bildirib. Anar Məmmədov bizdən və “Azadlıq” qəzetindən 500 min manat dəyərində təzminat tələb edir”.  

 

Yayım şirkətlərinin birliyi yaransın

 

M.Əliyev Redaktorlar Birliyinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan “İnternet təhlükəsizliyi” mövzusunda dəyirmi masa barədə məlumat verdi. M.Əliyev dəyirmi masanın oktyabrın 11-də “Ehtiyatda Olan Zabitlər” İctimai Birliyinin ofisində baş tutacağını bəyan etdi. Daha sonra “Gündəm Xəbər” qəzetinin baş direktoru qəzet yayımında problemlərin olduğunu önə çəkdi: “Bu gün müstəqil qəzetlərin yeganə maliyyə mənbəyi satışdandır. Lakin Azərbaycanda qəzet yayımı işində çox ciddi problemlər yaranıb. Qəzet yayımı şirkətləri təzyiqlərə məruz qalır. Əl yayımına maneələr yaradılır. Redaksiyalar qəzetləri Oxuculara çatdırmaqda əziyyət çəkirlər. Əgər yayım məsələsi düzgün tənzimlənsə, maneələr aradan qaldırılsa, qəzetlərin tirajı artar. Təklif edirəm ki, Redaktorlar Birliyinin tərkibində yaxud ayrıca Yayım Şirkətləri Birliyinin yaradılmasına ehtiyac var. Təklif edirəm ki, birliyin əsasnaməsi hazırlansın. Bu işin məsuliyyətini öz üzərimə götürməyə hazıram. İlkin sənədi hazırlayım və Redaktorlar Birliyinə təqdim edim. Bu məsələdən əvvəl isə yayım şirkətlərinin rəhbərlərinin iştirakı ilə məsələnin müzakirə olunması daha məqsədəuyğun olardı.”  M.Əliyev qəzet yayımı ilə bağlı geniş araşdırılma aparıldığını bildirdi: “Şahvələd Cobanoğlu bu sahədə çox ciddi araşdırma aparıb. Şirin Cəfərinin təklifini dəyərləndirmək lazımdır. Hesab edirəm ki, yayım şirkətlərinin iştirakı ilə məsələ müzakirə olunsun”. Tədbirin təşkil edilməsi Ş.Cəfəriyə həvalə edildi.

Tədbirin sonunda  Redaktorlar Birliyi adından Oqtay Əsədova müraciət qəbul edildi. Həmçinin Aydın Canıyevin müdafiəsi gücləndirilməsi qərara alındı. Redaktorlar Birliyi qərara aldı ki, “Yeni Müsavat” qəzetinin müdafiəsində iştirak edilsin. Oktyabrın 11-də “İnternet təhlükəsizliyi”  mövzusunda dəyirmi masanın keçirilməsi, ayın oktyabrın 14 saat 13:00-da Bakı Media Mərkəzində mətbuat yayımının problemləri ilə bağlı tədbirin keçirilməsi qərara alındı.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button