“Reket” jurnalistləri məmurlar yemləyir…

Seymur Verdizadə
Biz yaxın dost, sirdaş, yoldaş olmadığımız üçün arabir görüşürük. Xeyirdə-şərdə qarşılaşanda etika xatirinə salamlaşıb, üzümüzü yana çeviririk. Qaraqabaq, eqoist adam olduğu üçün bizimki tutmur. Onun məndən, mənim də ondan xoşum gəlmir. Səhrada bir içim suya möhtac olsam, yenə ona ağız açmaram…
Dünən zəng edib, mənimlə təcili görüşmək istədiyini dedi. Space TV-də çəkilişdə olduğumu, heç cür gələ bilməyəcəyimi söylədim. Ədəbaz görkəminə yaraşmasa da, dil tökməyə başladı: “Qardaş, elə bil ki ölmüşəm, məni yerdən götür”.
Adamla barmağının ucuyla görüşən Mehdinin birdən-birə bu qədər dəyişməsi məni əməlli-başlı şübhəyə saldı. Vaxtım az olsa da, maraq güc gəldiyi üçün söhbəti davam etdirməyə qərar verdim: “A kişi, de görək, nə məsələdir? Əlimdən gələn iş olsa, mütləq kömək edərəm”.
Az qala, pıçıltı ilə danışmağa başladı: “Rayonda yaşayan qardaşımı dünən kiçik bir idarəyə müdir təyin ediblər. Bu gün bir saytda onun əleyhinə yazı gedib. Nazirlikdən tapşırıblar ki, o yazını təcili çıxarın”.
Bu cür situasiya ilə tez-tez qarşılaşdığım üçün cavabım hazır idi: “Yeddi dəyirmanda bir kirvənkə unum yoxdur, amma məndən də yazırlar. “Reket” saytların işi-gücü onu-bunu şərləməkdir. Qardaşına de ki, dünyanı vecinə almasın”.
Cavabım onu qane etmədiyi üçün əl-ayağa düşdü: “Sən bilmirsən¸vəziyyət ağırdır. Qardaşıma deyiblər ki, nazir xəbər tutmamış yazı saytdan çıxmalıdır. Mətbuat xidmətinin rəhbəri qardaşıma 3 saat vaxt verib. Deyib ki, axşama qədər yazı saytdan çıxarılmasa, nazirə məruzə edəcəyəm”.
Səbrli adam olsam da, hirsimi boğa bilmədim: “Axı sənin qardaşın nə edib? Bəlkə adam öldürüb, baş kəsib, rüşvət alıb?”
Qısa pauzadan sonra belə dedi: “Qardaşımı kollektivə dünən təqdim ediblər. İlk dəfə bu gün işə çıxıb. And içir ki, hələ kabinetə girməyib. Bu “reket”lər belə şərəfsizdirlər, adamı durduğu yerdə şərləyirlər”.
Ona dedim ki, saytın adını bir də söyləsin. Sevincək olduğu üçün ard-arda üç dəfə təkrarladı. Yaddaşımı nə qədər qurdalasam da, belə bir saytın mövcudluğunu xatırlaya bilmədim…
Reklam fasiləsində Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü olan üç ayrı dostuma zəng elədim. Hər üçü də həmin saytın adını ilk dəfə eşitdiyini dedi. Müşfiq Ələsgərli çoxillik dostlardan olduğu üçün məsələyə daha həssas yanaşdı: “Rəsmi qaydada Şuraya müraciət etsinlər. Biz qanun çərçivəsində tədbir görərik”.
Çəkilişdən sonra zəng edib, Müşfiq müəllimin təklifini ona çatdıranda, cavabı belə oldu: “Buna vaxt yoxdur. Yazı bu gün saytdan çıxmalıdır”.
Söhbətə mən nöqtə qoydum: “Dəllal adamlarla mənim işim olmaz. Özünüzə başqa adam tapın!”
Oxşar vəziyyətlə tez-tez qarşılaşıram: hansısa “reket” saytda vəzifəli şəxslərdən biri haqda yazı yerləşdirilən kimi tabe olduğu nazirlik həmin məqaləni əlində bayraq edib, hücuma keçir. Bəzi mətbuat xidmətlərinin rəhbərləri ovunu parçalamağa hazırlaşan aslan kimi pusquda dayanıblar. Adama günahsız olduğunu sübut etməyə niyə imkan vermirsiniz? Niyə problemin Mətbuat Şurasının şikayətlər komissiyasında, məhkəmə salonlarında çözülməsinə razı olmursunuz? Sizlər “reket” saytların cızma-qaralarına bu qədər əhəmiyyət verdiyiniz üçün onların sayı yağışdan sonra çıxan göbələk kimi durmadan artır. Siz bu davranışlarınızla idarə və müəssisə rəhbərlərini “reket” jurnalistlər üçün “yem”ə çevirdiyinizin fərqindəsinizmi? Sizin bu qısır təfəkkürünüz üzündən “reket” saytlara qarşı mübarizə gözlənilən effekti vermir.
 
P.S.Yazını tamamlayandan sonra həmin “reket” sayta daxil oldum. Məndən kar aşmayacağını başa düşən tanışım başqa adamların köməyilə qardaşı haqda olan məqaləni saytdan sildirə bilmişdi. Buna nəyin müqabilində nail olduğunu təxmin etmək çətin deyil…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button