Reketlik və Bəxtiyar Sadıqov

Anar Niftəliyev

 «Azərbaycan» qəzetinin sayğıdəyər baş redaktoru Bəxtiyar Sadıqov mətbuata bir açıqlama verib və təzəlikcə Mətbuat Şurasının «qara siyahısı»na salınmasına səs verdiyi «Xural» qəzeti, onun baş redaktoru haqqında fikirlərini bölüşüb. Bəxtiyar müəllim ağsaqqaldır, ən azı yaşı və başı ona qarşısındakını təhqir etməyə imkan vermir və insanın dediyi sözün məsuliyyətini çəkməyə borclu olmasını həyat təcrübəsindən bilir. Adam millət vəkilidir, iqtidar partiyası olan YAP-ın üzvüdür və Milli Məclisin rəsmi orqanı «Azərbaycan» qəzetinin baş redaktoru kimi qanunlardan da xəbərdar olmalıdır. Lent.az-a verdiyi müsahibədə hörmətli və ağsaqqal həmkarımız bildirir ki, ««Xural» sözün həqiqi mənasında reketliklə məşğuldur, şəxsi maraq və təmənnasına uyğun olaraq, habelə ona verilmiş sifarişlər əsasında utanıb çəkinmədən istənilən insan haqqında şər və böhtan xarakterli qərəzli yazılar dərc edir. «Xural» və onun baş redaktoru vətəndaşların şərəf və ləyaqətlərini alçaltmaqla qələmlərini nəfslərinin qurbanına çeviriblər… «Xural»ın kollektivi, ən əsası da onun baş redaktoru tutduqları naqis yolla daha da irəli gedib, tamahlarının əsirinə çevriliblər». Gündəlik nəşrə başlayan «Xural»ın kollektivi xeyli böyüyüb və Azərbaycan mətbuatının tanınmış imzaları qəzetlə əməkdaşlığa başlayıblar. Bəxtiyar müəllimsə onların hamısını faktiki olaraq «reketlikdə» suçlayır. «Xural» qəzetini qarşı tərəfin şərəf və ləyaqətini təhqir edən sözlər işlətməkdə suçlayıb, onu «qara siyahı»ya salanlardan biri olan MŞ-nın İdarə Heyətinin üzvü, çox hörmətli Bəxtiyar Sadıqov dediyi sözün təhqir olduğunu bilmirmi? Məsələn, əgər mən durub «Azərbaycan» qəzetində çalışanların hamısını «reket» adlandırsam, tərbiyəsizlik və qanacaqsızlıq olar, Bəxtiyar Sadıqovun hazırladığı «peşə etikası»nı pozmaq sayılar, həmkarlara qarşı haqsızlıq, allahsızlıq, vicdansızlıq kimi dəyərləndirilər. «Azərbaycan» qəzetində ləyaqətli insanların çalışmadığını iddia etməkdən axmaq bir zad təsəvvür etmirəm. Küll halında «Azərbaycan» qəzetinin kollektivini «reketlikdə» suçlamağı hər jurnalist öz şərəf və ləyaqətinə sığışdırmaz. Bəs, sayğıdəyər Bəxtiyar müəllim belə açıqlamanı öz adına necə sığışdırıb?

«Reketlik» – birindən hədə və ya şantaj yolu ilə pul tələb etməkdir ki, bu da cinayət sayılır və Cinayət Məcəlləsində nəzərdə tutulur. Mən «Azərbaycan» qəzetinin «reketlik» etdiyini söyləsəm, «tamahlarının əsirinə çevrildiyini» bildirsəm, nəzərə almalıyam ki, bu, «peşə etikası» bir yana, həm də hüquqi məsuliyyət yaradır. Bu yekəlikdə məsuliyyətsizliyi üzərimə götürə bilərəmmi? Əlbəttə ki, yox! Amma Milli Məclisin rəsmi orqanı olan «Azərbaycan» qəzetinin baş redaktoru və deməli, qanunları mükəmməl bilməsi gərəkən sayğıdəyər Bəxtiyar müəllim məhkəmə hökmü olmadan kimlərisə reket adlandırıb. Əsas kimi hörmətli Bəxtiyar müəllim Aydın Canıyevi misal göstərib, Aydın Canıyevin sərxoş halda məscid pəncərəsini sındırdığı və molladan pul istəməsini xatırladıb, «Xural»ın reketliklə məşğul olduğunu söyləyib. Əvvəla, Aydın Canıyevin molladan pul istəməsi istintaq açıqlamalarında yoxdur, o, dələduzluqda deyil, xuliqanlıqda ittiham olunur. Ən azı, iqtidar partiyası olan YAP-ın üzvü kimi Bəxtiyar müəllim hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasına əsasən fikir yürütməliydi, kimlərinsə sərsəm iddialarına görə yox. İkincisi, Aydın Canıyev tənqid etdiyi mollanın şikayəti əsasında saxlanılıb və həbsin sifarişli olduğu şübhəsi var. Üçüncüsü, axı, Aydın Canıyev barədə məhkəmə hökmü yoxdur! Onu indidən hətta «xuliqanlıqda» da ittiham etmək yaramaz! Amma lap tutaq ki, A,Canıyev xuliqandır, dələduzdur və bunu məhkəmə təsdiq edəcək. Onda bəs Fərhad Əliyev nümunəsi?

Əli İnsanov faktı?

Belə çıxır ki, YAP-ın 550 min üzvünün hamısı rüşvətxor, korrupsioner, vətən xaini, satqın, riyakar və dələduzdur? Bu iddianı irəli sürmək olarmı? Misal istəsələr, YAP-ın qurucularından və İdarə Heyətinin üzvlərindən olan Sirus Təbrizlinin YAP-ın ünvanına səsləndirdiyi «simasız quldurlar partiyası»nı göstərə bilərəm; YAP İdarə Heyətinin üzvü Əli İnsanovun barəsində çıxan məhkəmə hökmündən istifadə edib YAP rəhbərliyinə Cinayət Məcəlləsinin ən azı 20 maddəsi ilə ittiham elan edə bilərəm.

Əlbəttə, Əli İnsanova görə təkcə YAP İdarə Heyətini yox, 550 min nəfəri ittiham emək psixi pozğunluq və səfehlik əlamətidir. Bəs, Aydın Canıyevi misal göstərib «Xural»ı bütövlükdə reketlikdə ittiham etməyin adı nədir?

Nəsə, Bəxtiyar Sadıqov məsələsini qapadaq – bu qədər yetər, vaxtımı aldı…

“Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button