Rektorun qətlində ittiham olunan professor məhkəmə qarşısında
Yayımlandı: 26 Dekabr 2023 11:33
Müşfiq Atakişiyev müttəhimlər kürsüsündə tək olmayacaq
Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşfiq Atakişiyev 12 il əvvəl baş vermiş qətl hadisəsilə əlaqədar məhkəmə qarşısına çıxarılır. Onun işinə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Eyni zamanda, İqtisadiyyat İnstitutunun nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri olan Müşfiq Atakişiyev Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun qətlinə görə mühakimə olunacaq.
İllər öncə Təfəkkür Universitetinin rektoru olmuş Müşfiq Atakişiyev prorektorun qətlini sifariş etməkdə ittiham olunur.
Bu cinayət işini araşdırmaq Siyavuş Hacıyevin sədrliyilə, Aytən Əliyeva və Vüqar Quliyevdən ibarət hakimlər kollegiyasına həvalə olunub.
Müşfiq Atakişiyev müttəhimlər kürsüsündə tək olmayacaq. Qohumu Dəyanət Quliyev və onun həmkəndlisi Samir Quliyev də bu cinayətdə ittiham olunur.
1942-ci il təvəllüdlü Tariyel Əhmədovun meyiti 2011-ci il sentyabrın 16-da yaşadığı binanın yaxınlığında tapılıb. Uzun müddət cinayətin üstü açılmayıb. 12 il sonra – 2023-cü ilin aprelində 1977-ci il təvəllüdlü Dəyanət Quliyev bu cinayəti törətməkdə təqsirləndirilərək həbs olunub. İddia edilib ki, Dəyanət Quliyev prorektoru tamah məqsədilə öldürüb.
İndi isə ittihamda göstərilib ki, Tariyel Əhmədovu Dəyanət Quliyev yox, onun həmkəndlisi Samir Quliyev qətlə yetirib. Onun bu cinayəti sifarişlə və 40 min dollar pul müqabilində həyata keçirdiyi iddia olunur.
İttihama görə, sifarişçi də o dövrdə Təfəkkür Universitetinin rektoru olan Müşfiq Atakişiyevdir.
Daha dəqiqi, o, sifarişi qohumu Dəyanət Quliyevə verib. O isə öz növbəsində həmkəndlisini bu işə cəlb edib.
İddia olunur ki, Müşfiq Atakişiyev Tariyel Əhmədovu işgüzar nüfuzuna, rektor vəzifəsində qalmasına maneə kimi qəbul edib, buna görə də onun qətlini sifariş verib.
Öncə Dəyanət Quliyev həbs olunub. Həm Müşfiq Atakişiyev, həm də Samir Quliyev bir neçə ay sonra həbs edilib.
Onlara Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə ittiham verilib.
Tariyel Əhmədovun qətlinə görə həbs olunan şəxslərin onlara qarşı irəli sürülən ittihama münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.
1966-cı il təvəllüdlü Müşfiq Atakişiyev Azərbaycan Neft və Kimya İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 2005-ci ildə professor adını alan Atakişiyev 2008-2010-ci illərdə Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri, eyni zamanda, 2000-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri olub. 2022-ci ildən isə İqtisadiyyat İnstitutunun icraçı direktoru idi.
“Təfəkkür” Universiteti 2016-cı ildə fəaliyyətini dayandırıb.