Reper Əli Camala və 17 mart mitinqində saxlanmış digər iştirakçılara qarşı zorakılıq pislənilib

19.03.2012

Insan Hüquqları üzrə Koordinasiya Şurasının işçi qrupu martın 17-də gənclərin mitinqində qanunsuz saxlanmış reper Camal Əli, gitaraçı Natiq Kamilov və bloger Etibar Salmanova qarşı fiziki zorakılığı pisləyib.

Qrupun bugünkü iclasında qeyd olunub ki, saxlanılanların işi nəzarətə götürülüb və onların hüquqlarının müdafiəsi üçün bütün lazımi addımlar atılacaq.

İşçi qrupunun üzvü şərhçi Şahvələd Çobanoğlu deyib ki, təhqiramiz ifadəyə görə heç kim fiziki zorakılığa məruz qala bilməz və belə məsələlər yalnız müəyyən olunmuş qaydada həll edilə bilər.

İşçi qrupu yeni hüquq- müdafiə təşkilatları və KİV Koalisiyasının fəaliyyət çərçivəsini və mexanizmini müəyyən etmək məqsədilə ilk iclasını keçirib.

Bu cür qurumun yaradılması barədə qərar ötən cümə günü hakimiyyət tərəfindən mənəvi təqiblərə məruz qalmış “Azadlıq” radiosunun şərhçisi Xədicə İsmayılovaya dəstək toplantısında qəbul edilib.

Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin sədri Arzu Abdullayeva bildirib ki, bu cür koordinasiya orqanının yaradılması zamanın tələbidir. Belə ki, son vaxtlar jurnalistlərin, ictimai xadimlərin və sıravi vətəndaşların hüquqlarının pozulması halları artıb.

İclasda qeyd olunub ki, hüquq-müdafiə təşkilatlarının və ümumilikdə vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı fəaliyyətinin zəif olması vətəndaşların hüquqlarının pozulması hallarının artmasının səbəblərindən biridir ki, bu da mülkiyyət, söz və toplaşma azadlığı hüququnun müdafiəsi məsələsində xüsusilə özünü göstərir.

Son yarım ildə 10-dan çox jurnalist həbs olunub, dövlət ehtiyacı bəhanəsilə minlərlə adam öz evindən çıxarılıb, cəzaçəkmə yerlərində və ibtidai istintaq zamanı işğəncə faktlarının sayı artıb.

İclasda yeni Koalisiyanın fəaliyyət istiqamətləri ümumiləşdirilib, ilkin fəaliyyət mexanizmi hazırlanıb.

Koordinasiya qrupunun növbəti iclası aprelin sonlarında keçiriləcək.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button