Reportyorların Azadlıq Və Təhlükəsizlik Institutunun Bəyanatı

İyulun 17-də “Monitor” jurnalının 2005-ci il martın 2-də qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun anadan olmağının 44-cü ili tamam olur. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) jurnalistin qətlindən 6 il-dən artıq vaxt ötməsinə baxmayaraq, bu qətlin üstünün hələ də açılmamasına görə Azərbaycan hakimiyyətini qınayır. Belə ki, Azərbaycan iqtidarı qətli həyata keçirənlərin iki Azərbaycan əsilli Gürcüstan vətəndaşları olduğunu iddia etsə də, nədənsə bu günə kimi bu qətlin sifaricşisinin kim ola bilməsini birmənalı söyləmir. Qətlin ehtimal olunan icraçıları Teymuraz Əliyev və Tahir Xubanovun ədalət mühakiməsi qarşısına çıxarılmasının mümkünsüzlüyünü isə Gürcüstan respublikası ilə Azərbaycan arasında cinatyətkarların ekstradisiyası haqqında müvafiq sazişin olmaması ilə əsaslandırdılar. Amma bu günlərdə Daxili İşlər Nazirliyinin və Respublika Prokurorluğunun mətbuat xidmətləri “Azər-Ross” mənzil-tikinti kooperativinin təsisçisi Əflatun Piriyevin qətli ilə bağlı məlumat yayıb. Bu məlumatda qeyd edilir ki, aparılan prosessual və əməliyyat araşdırmaları ilə bəlli olub ki, Əflatun Piriyevin kooperativdə olan payını ələ keçirmək üçün onu öldürmək qərarına gələn həmtəsisçilərdən biri Hümbət Məmmədov bu məqsədlə Rusiya vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət edib: “Onlar may ayının sonlarında görüşüb qətlin ilkin olaraq 36.000 ABŞ dolları müqabilində həyata keçirilməsinə razılaşıblar. Öz növbəsində Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fərman Hacıyevə tapşırıb, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edib. Adları çəkilən şəxslər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləyiblər, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlayıblar, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olaraq onu öldürüblər, həmçinin Əmiraslan Əhmədovu ağır yaralayıb hadisə yerindən qaçıblar”. Məlumatda daha sonra bildirilir ki, cinayət iştirakçılarının müəyyən edilib saxlanması üzrə Daxili İşlər Nazirliyinin Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım çərçivəsində birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Fərman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıblar. Digər üç nəfər, o cümlədən Hümbət Məmmədov, Tofiq Bəkirov və Şamil Şamilov Bakı şəhərində tutulublar. Daxili işlər nazirliyinin rəsmi www.mia.gov.az saytında yerləşdirən bu məlumat bir daha sübut edir ki, Azərbaycan hökuməti Elmar Hüseynovun qətlini sifariş edən və həyata keçirənləri mühakimə etmək fikrində deyil. Əks təqdirdə E.Hüseynovun da qətlində adı hallanan şəxslərin Gürcüstan hüquq mühafizə orqanlarının köməkliyi ilə Bakıya gətirmək olardı. Bütün bunları nəzərə alaraq RATİ istisna etmir ki, Elmar Hüseynovun qətlinin arxasında məhz Azərbaycan iqtidarının yüksək çinli nümayəndələri durur. RATİ bir daha Azərbaycan iqtidarını jurnalistin qətlinin obyektiv araşdırılması üçün qonşu və müttəfiq dövlətlərin hüquq mühafizə orqanları ilə birgə sıx əməkdaşlıq edərək qətldə günahı olan hər bir kəsi tezliklə cinayət məsuliyyətinə cəlb etməyə cağırır. RATİ bir daha bəyan edir ki, cinayətin üstü acılmayacağı təqdirdə bunun siyasi məsuliyəti bir qara ləkə olaraq Azərbaycan iqtidarının üzərində qalacaqdır.

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button