
“Restoranda 10 min hesab vermişəm”

– Cabir və yemək… Bir-birinizlə necə uzlaşırsız?
– Əla. Ən gözəl təamlar mənlikdi. Heç vaxt da pəhriz-filan saxlamadım. Yeməyə qarşı da heç bir kaprizim yoxdur. Mənimçün hər fəslin öz menyusu var. Qışda qarabaşaq-kotlet, qarabaşaq-qulyaş, yarpaq dolması menyudan eskik olmaz. Yayda isə mənimki kotlet-badımcan-kartof qızartması, badımcan dolmasıdır. Bir də qatıqlı aş… Gün ərzində bir balon yeyərəm. Amma hər ailədə olduğu kimi bizim evin də şah yeməyi var. Bu, şüyüdlü plovdur: yumurtalı qazmaq və quzu əti.. Ürəyim gedir bu yeməkçün.
– Hansı dünya mətbəxi sənin ağız dadına uyğundur?
– Türk mətbəxini xoşlayıram. İtalyanlıların da mətbəxi bizimkinə yaxındır. Fransa mətbəxi isə heç mənlik deyil.
– Onda sən yəqin restoranlara tez-tez getməzsən?
– Restoranı neynirəm? Heyf deyil, ərzaqları özün alıb bişirəsən?! Min restorandan yaxşıdı.
– Restoranda ən çox xərclədiyin məbləğ nə qədər olub?
– 10 min manat… (gülür) Toyumda xərcləmişəm də… Axı mənim toyum restoranda olub.
– Demə ki, yemək bişirmək bacarığın da var.
– Əlbəttə var. Milli mətbəximizin bütün plovlarını bişirirəm. Hələ ocaq üstündə bir özbək plovu hazırlayıram gəl görəsən. Hələ təndirdə çörək də bişirə bilirəm.
– Etiraf edim ki, məni təəccübləndirdin. Axı özbək plovunu bişirmək böyük məharət və hövsələ tələb edir.
– Hə, hardasa iki saata yaxın vaxt aparır. Əsas nəticədir ki, o da ləzzətli olur. Mən hələ saciçidən danışmıram. Dadından doymaq olmur.
– Dediklərinə o vaxt inanaram ki, bütün bunları gözlərimlə görüm…
– Qurbandı sizə… Ürəyiniz nə vaxt istəsə, gəlin bağa, qonağımız olun. Onda Cabirin əlinin məharətini görərsiniz.
– Bax, qonaq çağırdın ha…
– Amma bu istilərdə yox da… Bir az keçsin sonra…
– Bağın hardadı?
– Bilgəhdə. Amma atamın bağıdı. Nə fərqi var? O bağda o qədər sərbəst, rahat oluram ki… Özümü çox azad hiss edirəm. Gözəl güllərim, ağaclarım var. İlin 200 gününü orada keçirirəm.
– Demə, bağbanlığın da varmış.
– Mən ömür boyu bağban olmuşam. Bir ağaclar əkmişəm ki… Feyxoa, xurma, əzgil, vişnə, heyva, şaftalı… Hətta muşmula da var.
– Atan əkdiyi agaclardır?
– Atam əkənlər də var, öz əkdiklərim də… Maşallah, hamısı da bar verir.
– Ağacların dilini bilərsən yəqin…
– Dostlarım bağla bağlı bütün məsləhətləri məndən alırlar. Ağacları kəsməkdi, hansı ağacı necə, nə vaxt sulamaq lazımdı… mən bunların mahir bilicisiyəm.
– Bəs güllər…
– Ölürəm güllər üçün… Siz yəqin mənim İnstagram səhifəmi izləmirsiz. Orada həyətimdəki güllərin şəklini bölüşürəm.
– Gülləri də həmişə qadınlarla müqayisə edirlər. Bu müqayisə sənin anlamında da maraqlıdı.
– İkisi də gözəldi: qadın da, güllər də… Qadın olmasa, bu dünyanın anlamı olmaz.