“Reuters”: “”Günəşli”də 32 neftçi həlak olub”

“Reuters” agentliyinin ingilis versiyası “Günəşli” yatağındakı qəza zamanı 32 neftçinin həlak olması barədə məlumat yayıb.

Agentlik bu məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə istinadən paylaşıb. M.Qəhrəmanlı az əvvəl həmin neftçilərin itkin düşdüyünü bəyan etmişdi.

SOCAR-ın mətbuat xidməti isə 32 neftçinin ölməsi xəbərini şərh etməyib. Şirkətdən yalnız o bildirilib ki, xilasetmə işləri davam etdirilir və artıq 29 nəfər xilas olunub.

*   *   *15:24

“Günəşli” yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 25-dən artıq şəxs xilas edilib.

Bu barədə “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib. Xilas edilənlər arasında xəsarət alan yoxdur. Xilasetmə işləri davam edir. Digər neftçilərin taleyindən xəbər yoxdur.

*   *   *14:43

“Günəşli” yatağında xilasetmə tədbirləri davam edir.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, “Müslüm Maqomayev” gəmisi artıq platformaya yaxınlaşa bilib. Rezin qayıqlarda olan işçilər gəmiyə çıxarılıblar.

Lakin xilasetmə tədbirləri zamanı daha 4 neftçinin dənizə düşməsi ilə bağlı məlumat da yayılıb. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisi dedi ki, güclü külək nəticəsində 4 nəfər dənizə düşüb: “Təşkilatımıza daxil olan məlumata görə, qayıqdan gəmiyə minməyə çalışan 4 neftçi dənizə düşüb. Orada dənizin dərinliyi isə 110 metrdir. Məlumatı dəqiqləşdirməyə çalışırıq”.

Aldığımız son məlumata görə, xilas olunanlar arasında yaralılar və yanıq xəsarəti alanlar var. Onların Mərkəzi Neftçilər Xəstəxanasına gətiriləcəyi bildiriir.

Virtualaz.org

*   *   *14:07

“Günəşli” yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə işləri davam etdirilir.

İnformasiya agentlikləri xilas edilənlərin sayı barədə hələ də ziddiyyətli xəbərlər yaymaqda davam edir. Belə ki, APA agentliyi xilas edilənlərin sayının 15-ə çatdığını bildirir. “Trend” isə artıq 20 nəfərin xilas olunması haqda məlumat yayıb. SOCAR-ın özünün rəsmi açıqlamasında isə 19 nəfərin xilas edildiyi haqda informasiya verilib.

Şirkətdən bildirilib ki, “Günəşli” yatağındakı 10 saylı platformadan təxliyyə edilməyən yalnız 5 nəfər qalıb. Digər dənizçilər isə artıq təxliyyə edilib.

“Artıq qayıqlarda olan iki nəfər xilas edilərək xilasedici gəmiyə mindirilib” – bu barədə “Azneft” İstehsalat Birliyində hadisə ilə bağlı yaradılmış qərargahdan bildirilib.

Məlumata görə, xilasetmə əməliyyatlarına SOCAR və FHN-in əməkdaşları cəlb edilib. Xilasetmə əməliyyatlarının havadan helikopeterlər, dənizdən isə gəmilər vasitəsi ilə aparıldığı deyilir: “Əldə etdiyimiz məlumata görə, iki nəfər artıq xilas edilərək xilasedici gəmiyə mindirilib”.

Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

Hadisə baş verən vaxt “28 may” Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Halbuki bundan bundan əvvəl işçilərin sayı barədə də fərqli rəqəmlər açıqlanmışdı. Platformada 42, 84 və hətta 100 neftçinin olduğu bildirilirdi. Rəsmi qurumlar isə nə platdormada neçə neftçinin olması, nə də xilas edilənlərin sayı barədə hələ də konkret rəqəm açıqlamayıb.

Özülün rəisi Allahverdi Məmmədovdur.

*   *   *13:44

SOCAR-ın Xəzərdəki “Günəşli” yatağının yanan platformasında həyəcanlı və dramatik vəziyyət davam edir.

Virtualaz.org saytı xəbər verir ki, platformada yanğın zamanı nə qədər neftçinin olduğuna dair ziddiyətli mlumatlar var.

SOCAR-dan yayılan rəsmi məlumata əsasən hadisə zamanı platformada cəmi 42 neftçi olub. Onlardan neçə nəfərinin xilas edildiyi haqda hələ də dəqiq məlumatlar yoxdur.

Report.az saytı yanğınla bağlı yaradılmış fövqəladə qərargaha istinadən indiyədək cəmi 2 neftçinin xilas edildiyini və gəmiyə mindirildiyini xəbər verir.

APA agentliyi xilas edilənlərin sayının 7 nəfər olduğunu xəbər verir.

“Trend” agentliyinin məlumatında isə 5 nəfərin xilas edilməsi haqda danışılır. 10-cu platformadakı qalan neftçilərin taleyi barədə isə heç bir məlumat yoxdur.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı facebook səhifəsində bildirib ki, onun aldığı məlumata görə, qəza zamanı 10-cu blokda 84 nəfər olub: “3 nəfər yaşayış blokunda sağdır. 36 nəfərlik xilasetmə qayığı cırılıb. Oradan yalnız 4 nəfəri xilas edə biliblər. 32 nəfər isə itkin düşüb. İkinci qayıqda 46 nəfər var. Qayıq hələ də sallaq vəziyyətdə svaylara çırpıla-çırpıla qalıb”.

Xilasetmə əməliyyatında iştirak edənlərdən birinin yaxını isə virtualaz.org saytına bildirib ki, yanğın zamanı platformada cəmi 2 rezin qayıq olub. Onların hərəsi maksimum 10 nəfər götürə bilir.

Lakin xilas olmağa çalışan neftçilər qayıqlara miniblər və bu zaman içində 36 nəfər olan qayıqlardan biri ağırlığa dözməyərək partlayıb. Həmin qayıqdan cəmi 4 nəfəri xilas etmək mümkün olub. Qalanların taleyi barədə məlumat yoxdur. Onlar itkin düşmüş hesab edilir.

Mənbə onu da bildirib ki, yaralananlar və xilas edilənlər gəmilərlə Zığ limanına gətirilir. Platformada yanğın hələ də şiddətlə davam etdiyi üçün gəmilər ora yaxınlaşa bilmir, habelə dənizdə küləyin hələ də güclü olması üzündən vertolyotlardan istifadə çətindir.

Qərargahdan isə virtualaz.org saytına deyiblər ki, mətbuata yalnız Dövlət Neft Şirkətinin mətbuat xidməti məlumat verə bilər, qərargahın mətbuata açıqlama verməsinə qadağa qoyulub.

Virtualaz.org saytı qeyd edir ki, faciənin baş verdiyi 10-cu dərin dəniz özülü “Günəşli” yatağının nisbətən dayaz sulu hissəsində yerləşir.

Yataqda cəmi 11 platforma mövcuddur. Onlardan əksəriyyəti uzun müddətdir istismardadır.

SOCAR yataqdakı dərin dəniz özüllərinin bir neçəsində son illər əsaslı təmir işləri aparıb. Təmir işləri aparaılan platformalar arasında 10-cu platforma yoxdur. SOCAR-ın neft hasilatının 65 faizi isə “Günəşli” yatağının payına düşür.

Xatırladaq ki, yatağın dərin sulu hissəsi BP-nin rəhbərlik etdiyi beynəlxalq konsorsiumun istismarındadır.

Yanğın baş verdiyi gün SOCAR məlumat yaymışdı ki, “Günəşli” yatağındakı quyuların birində əsaslı təmir işləri başa çatmaq üzrədir və quyu tezliklə istismara veriləcək. Yanğının dəqiq səbəbi hələ məlum deyil. Ancaq SOCAR bildirmişdi ki, yanğın güclü tufanın qaz borusunu sıradan çıxarması nəticəsində başlayıb.

Lakin istisna deyil ki, hadisənin başqa səbəbləri var. Bura yataqdan qaz sızması, təmir işləri zamanı yol verilən ehtiyatsızlıq və ya platformadakı avadanlıqların istismar müddətini başa vurması daxil ola bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button