“Reuters”: “Türkiyə Kabil aeroportuna nəzarətdən imtina edir”

Türkiyə Kabil aeroportunun idarəçiliyini üzərinə götürmək niyyətindən imtina edib, amma “Taliban”a  əgər müvafiq sorğu daxil olarsa, texniki təminat və təhlükəsizliyin təmin olunmasında kömək göstərməyə hazırdır.

Bu haqda “Reuters” ötən gecə Türkiyənin təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən bildirib.

“Əgər “Taliban” xahiş edərsə Türkiyə aeroportun təhlükəsizliyinin təmin edilməsində kömək göstərməyə hazırdır”,-mənbə deyib. Onun sözlərinə görə, hazırda hökm sürən “tam xaos” şəraitində Türkiyə hərbçilərinin aeroportun idarə edilməsi prosesini üzərlərinə götürməsi prosesi avtomatik olaraq dayanıb.

Xatırladaq ki, Kabil aeroportunun təhlükəsizliyinin təmin edilməsində Türkiyə hərbçiləri ilə yanaşı Azərbaycanın 120 nəfərlik sülhməramlı kontingenti də iştirak edir.

Hələlik Türkiyə tərəfi Kabil aeroportuna nəzarət məsələsində öz qərarını rəsmən elan etməyib. Bununla belə ötən gün axşam müdafiə naziri Hulusi Akar Kabil aeroportu ətrafında yaranmış vəziyyət və Əfqanıstandakı Türkiyə kontingenti ilə bağlı xüsusi müşavirə keçirib. Baş qərargah rəisi, ordu generalı Yaşar Güler və Hərbi Hava qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün də iştirak etdiyi toplantıya Əfqanıstandakı Türkiyə kontingentinin komandanı da videokonfrans yolu ilə qatılıb.

Xatırladaq ki, ABŞ Əfqanıstandan öz qoşunlarını çıxarmağa başlayanda Kabil aeroportunun təhlükəsizliyinin təmin edilməsini Türkiyəyə təklif etmişdi. Prezident Ərdoğan bu təklifə müsbət yanaşmışdı və bildirmişdi ki, ABŞ maliyyə dəstəyi versə Türkiyə Kabilə əlavə kontingent yerləşdirməyə və aeroporta nəzarəti üzərinə götürməyə hazırdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button