RİSK QRUPU

Qaranlıq məqam

 Bakir Həsənbəyli

 Dünyanın ən böyük dövlətlərindən biri Rusiya zatən demokratik prinsiplərdən uzaq bir ölkə idi. Təsadüfi deyil ki, dünyanı qana bulamış Adolf Hitlerin ardıcılları bu ölkədə digər ölkələrdən daha fərqli olaraq istəklərini açıq biruzə verir, hətta qətliamlar belə törədirlər. Bu ölkənin hakimiyyəti də Hitleri sevən vətəndaşından demək olar ki, fərqlənmir. Çeçenlərin azadlıq istəyini beşiyindəcə boğub, Gürcüstanı parçalayıb, özünü bir ölkənin daxilində bədbəxt hesab etməyən etnik xalqın adından istifadə edən hansısa provokatora “müstəqillik” verib. Ermənistana siyasi və hərbi yardımçı olub, Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak edib, sonra da münaqişənin həllində “aktivlik” göstərib.

Bir neçə gün öncə isə bu ölkə öz prezidentinin timsalında dünyaya çox pis bir nümunə təqdim etdi. Mən öz məmləkətimdə maddi ehtiyacdan, mənəvi kasadlıqdan şikayətlənib bu iqtidarın səngərində daldalananlara çox acıyırdım. Çünki illərlə məhz gözlərimin önündə hansısa məmurdan gələn zəngi ölüm təhlükəsi kimi qarşılıyan şəxsləri görmüşəm. Adamlar hətta “bəli” demədən, dinləyərək aldıqları tapşırıqlar zamanı azı min dəfə ölürdülər. Çünki bu iqtidar hər kəsə, əsasən də satın aldıqlarına kolay–kolay para xərcləməz. Adamların xoşbəxt görünüşü məhz elə görüntüdür. Aldadıcıdır. Bu tip insanlar bəlkə də dünyanın ən bədbəxt insanlarıdır.

Mətləbdən uzaqlaşmayaq. Medvedyev Rusiyada keçiriləcək növbəti seçkilərdə Putinin namizədliyini hələ ki, qeyri–rəsmi də olsa dəstəkləyəcəyini bəyan etdi. Ona görə qeyri–rəsmi deyirəm ki, hələ nə seçkiyə start verilib, nə də ki, namizədlər müəyyənləşdiriliblər. Amma Medvedyev bütün bunlara baxmayaraq, öz namizədini müəyyənləşdirdi. Əslində, dünyanın bu “ən alçaq boylu” prezidenti görəvə gətirilərkən səlahiyyətinin periodik olacağı haqda kifayət qədər fikirlər söylənilmiş, müzakirələr aparılmışdı. Amma bunu məhz indi, həm də demək olar ki, heç bir lüzum olmayan tədbirdə söyləmək, adamın sevərək yaşadığı faciəsidir. Medvedyev siyasətçi kimi öz faciəsini yaşasın, bu onun öz işidir. İnanıram ki, bu “dünyanın ən alçaq boylu” prezidenti öz pis nümunəsi ilə tarixdə qalacaq. Səhifəsini isə tarix yəqin ki, özü müəyyənləşdirəcək. Lakin nümunəsi diktaturadan əziyyət çəkən region üçün kifayət qədər acı fəsadlar yaradacaq. Azərbaycan onsuz da diktaturaya meylli bir ölkədir. Bu ölkədə hətta ən kiçik çaplı məmur belə özündən sonra idarə edə biləcəyi şəxsi yerinə təyin etdirməkdə maraqlıdır. Bu təyinatlar əldə edilimiş kapitalın davamlı olması deməkdir. Azərbaycanda vəzifədə qalmanın ana xətti yalnız kapitalı çoxaltmaq istəyidir. Zatən bunların vətənə, millətə, bəşəriyyətə xidmət anlamları yoxdur.

Təbabət müəyyən xəstəliyə tutulmuş valideynlərin övladlarını da risk qrupuna aid edir. Ata və ya ana yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkirsə, bu xəstəliyin gələcəkdə övladlarında da olması ehtimal olunur. Yəni irsi keçid formasında. Bu bir orqanizmdir. Tanrının insan üçün müəyyənləşdirdiyi qanunauyğunluqdur. Arzu və ya istək deyil. Əgər belə olsa idi, kim övladına özü çəkdiyi sitəmləri arzu edərdi. Heç kimsə. Diktatorluqda xəstəlikdir. Onların övladları da çox ciddi risk qrupuna aiddirlər. Ən yeni tarix bunu sübut etdi. Səddam Hüseynin oğlu Udayın etdiklərini İraq xalqı yəqin ki, unutmağa belə cəhd etməyəcək. Liviya diktatoru Qəzzafinin oğlu Seyfül-əl İslam atasından nəinki geri qalmır, hətta bir az da irəli gedib. Çünki diktatorluq insan psixikası ilə bağlı bir mərəzdi. Sağalması heç cür mümkün olmayan bir xəstəlik. Artıq Medvedyev də o qrupa aid oldu. Öz mənəvi atası Putinin sayəsində. Çox pis nümunə olsa belə, Rusiya qonşumuzdur, bizim deyil. Getmərik, görmərik. Amma Azərbaycan bizimdir. Ana bətnində olan körpədən başlamış, Əzrayılı salamlayan ixtiyara qədər hər birimizin. Amma olmaya da bilər. Çünki bizdə də risk qrupları var. Heydər Əliyev özündən sonra hakimiyyəti kimsəyə etibar etmədi. İlham Əliyev Heydər Əliyevin oğludur. Başqa nə isə söyləməliyəmmi?

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button