Romançılıq

Orxan Pamuk

Bir çoxları romançılığın yox olduğunu, artıq oxunmadığını deyir. Mən bu fikirlə hec vaxt razılaşmamışam. Məncə, bu, jurnalistlərin uydurmasından başqa bir şey deyil. Dünyada yeddi milyard insan var və hər gün daha çox yazıçı roman yazır.

Məsələn, bizdən çox-çox uzaqlarda olmasına baxmayaraq, Çində söz azadlıqları olmadığı üçün bir çox insan özünü roman yazmaqla ifadə etmək istəyir. Əvvəllər hər kəs özünü yoxlamaq üçün bir şeir yazardı. Artıq şeir yazmadan birbaşa romana keçirlər.

Kimsə yazıçıların bu qədər çox olmasına dodaq büzə bilər. Ancaq mən buna sevinirəm. Çünki artıq daha çox insan müasir dünyanı tanımağa və özünü ifadə etməyə çalışır.

Bundan başqa, romançılıq son dövrdə digər janrları bir kənara itələyib və onları marjinal edib.

Hər romanın izah edilə bilməyəcək, ancaq kitabı oxuduqca qavranılacaq bir gizli mərkəzi olur. Fikirləşək ki, bir yazıçı, məsələn, Əhməd həyatını yazıb və naşirə göndərir. Naşir də Əhmədin həyat hekayəsini roman adı ilə çap edir. Əgər həmin kitabı bizə Əhmədin monoqrafiyası deyib versəydi, biz onu başqa cür qəbul edəcəkdik. Ancaq roman olduğu üçün biz onu daha fərqli qəbul edirik. Çünki əsərin içərisindəki gizli mərkəzin – bu kitabın nə demək istədiyini səbirsizliklə bilmək istəyirik.

Məsələn, yazıçı həyətindəki xiyarların yaşıl olduğunu yazır. Əslində, adamın əsas niyyəti yaşıl xiyarlardan danışarkən romanın gizli mərkəzini göstərməkdir. Və ya başqa bir yerdə yazılır ki, dörkünc masa ağ rəngdədir. Oxucunu masanın nə rəngdə olması, hətta ümumiyyətlə, orada masanın olub-olmaması belə maraqlandırmır. Sadəcə, yazar masanın ağ rəngdə olduğunu yazmaqla romanın gizli mərkəzindən bəhs edir.

Bəzən də tarixin süzgəcindən keçib gəlmiş əsərlərin gizli mərkəzləri dəyişər. Çünki yeni gələn nəsil həmin kitabda yeni dərin mənalar kəşf edirlər. Bax, onda siz ölümsüz romanı yazmış olarsınız. Mənə hərdən sual verirlər: “Bu kitabınızda nə demək istəmisiniz?” Cavabım isə həmişə eyni olur: “Altı yüz səhifəlik kitabda demək istədiyimi heç vaxt altı cümlədə deyə bilmərəm”. Səbir etmək və kitabı diqqətlə oxumaq lazımdır. Düzdü, mən də hərdən bu sualı verirəm: “Kafka bu kitabı niyə yazdı?” Əlbəttə, onun romanları çox qəliz əsərlərdir. Ona görə yazıçının kitabında nə demək istədiyini, yazı prosesində nə fikirləşdiyini bilmək istəyirəm. Bu mənada düşünürəm ki, romançılıq elə həyatın özüdür. Bir insanların yaşadığı, hamının gördüyü həyat, digər tərəfdə isə bu həyatın dərinliklərində gizlənmiş qaranlıq dünya. İnsanlar da həmişə mənalı, əxlaqlı ömür sürmək istəyirlər. Heç kimsə bəsit ömür yaşamaq istəmir. Buna görə də roman xarici və daxili aləmi ilə birlikdə həyatın özüdür.

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button