Romantik şeirlər yazmaq üçün mütləq eşqə düşmək lazım deyil!

Ayşe Birgül Yılmaz

Bu xanımın adı Azərbaycanın efir məkanından düşmür. Onun sözlərinə yazılan mahnılar ölkənin ən məhşur müğənnilərinin səhnə taleyini həll edib.

Bəstəkar Gövhər Həsənzadə ilə birgə mahnılar müəllifi olan bu tanınmış türk şairəsi Ayşə Birgül Yılmaz “Xural”a danışdı.    

 – Ayşə Birgül Yılmaz azərbaycanlılara özünü necə tanıdar?

– (Azərbaycan türkcəsində) “Azərbaycanı və azəriləri çox sevirəm!” deyərək başlayaram və sizin Gövhər Həsənzadənizlə əməkdaşlıq edən yaradıcı bir insan olduğumu bildirərəm.  

– Özünüzü daha çox ədəbiyyata aid edirsiniz, yoxsa mahnılara sözlər yazan eşq qadını kimi görürsünüz?

– Mahnılara söz yazan eşq qadını… Amma mahnı sözləri də şeirdirsə, deməli, ədəbiyyata da aidiyyatım var. Bizim retro mahnılarımıza yazılan sözlər əsl ədəbiyyat nümunəsiydi. Sizin də elə mahnılarınız var ki, sözləri əsl poeziyadır. Həm mahnılarınızı, həm ədəbiyyatınızı davamlı izləyirəm. Getdikcə, daha geniş miqyaslı ədəbiyyat yaranır.

– İlk şeirinizi neçə yaşında yazdığınızı xatırlayırsızmı? Mövzusu nə idi?

– İlk şeirimi Almaniyada, 12 yaşım olanda yazmışdım. Uzun müddət ölkəmə gələ bilmədiyimçün həsrət dolu bir şeir alınmışdı. Mən Vətənimi sevən biriyəm. Türkiyə, onun dağı-daşı, insanı üçün burnumun ucu göynəyirdi. Onun təsiriydi ki, ilk şeirimin mövzusu Vətənim olmuşdu.

Bəs, birinci dəfə necə oldu ki, mahnı sözləri yazdınız? Tanıdığınız bir bəstəkar vardı, yoxsa, şeirləriniz bəstəkarı təsirləndirmişdi?

– Şeirlərim qəzet və jurnallarda dərc olunurdu. İlk dəfə şeirimi jurnalda oxuyub təsirlənən Fateh Ərkoç olmuşdu. O, çox gözəl bir mahnı bəstələmişdi.

İndiyə qədər neçə mahnıya söz yazdığınızı bilirsinizmi?

– Sözün düzü, bu barədə düşünmədiyimdən heç saymamışam. Amma təxminən 300 olar, bəlkə də bir az çox…

Azərbaycanda sizin şeirlərinizə mahnıları əsasən Gövhər Həsənzadə yazır. Niyə, məhz qadın bəstəkar? Kişi bəstəkarla daha maraqlı alınmazdı?

– Biz Gövhər xanımla neçə illərdir bir-birimizi tanıyırıq. Onunla tanışlığmız bir təsadüfdür və deyərdim ki, həyatımın ən gözəl təsadüfüdür. Bəlkə də bir xanım bəstəkarla işləmək daha asandır, çünki duyğuları anlamaqda çətinlik çəkmir. Amma mən sizin mərhum bəstəkar Hikmət Mirməmmədli ilə də əməkdaşlıq etmişəm. Hikmət bəylə yazdığımız mahnını Faiq Ağayev oxuyub.

Bakıya neçə dəfə gəlmisiniz? Azərbaycanlılar sizə nə qədər yaxındı? Hansısa bir özəl bağlarınız, əlaqələriniz varmı?

– Bakıda cəmi bir dəfə, 2006-cı ildə olmuşam. Azərilər mənə damarımda axan qan qədər yaxındı. Hətta yadımdadır, Gövhərin anası mənim anamla telefonda danışandan sonra dedi ki, “Ayşə, sənin anan lap bizim kimi danışır!” Bax, elə bu söz mənim üçün özəl bağ, əlaqədir. Çox sevdiyim dostlarım, birgə gördüyümüz işlər var. Ən vacibi isə ürək bağlarımdır.

Şeir yazan bir qadın böyük eşq romanı yaza bilər?

– Eşq romanı yazanlar şeir yaza bilirlərsə, şeir yazanlar da eşq romanı yaza bilər.

Bu günədək, roman və ya serial, film ssenarisi yazmağı düşündünüzmü? Heç təklif gəlibmi?

Xeyr. Heç bu barədə düşünməmişəm. Bəlkə də sınaq üçün ola bilər. Əslində, mahnı sözləri də uzun bir eşq hekayəsinin çox qısa bir formasıdır. Böyük həcmli əsərlərdə müəyyən detallar çox uzadılır. Belə bir təklif gəlmədi, amma gəlsə, düşünmək olar.

Qadının romantik şeirlər yazması üçün mütləq böyük eşqə düşməsi şərtdir?

– Məncə yox. Yaşanıb, yazılan şeirlər daha mükəmməl, reallığı əks etdirən və uzun ömürlü olur. Amma bir müddət keçdikdən sonra bu artıq vərdişə çevrilir, söz xəzinəsi, yaradıcılıq və xəyal gücü yetərli olur. Bir az da şeir yazmaq texnikası artır. Şeir və ya mahnı sözləri yazmaq üçün nə böyük eşqə ehtiyac yoxdur… Çoxmu duyğusuz görünürəm?

– Deyirlər ki, uşaqlıq sevgiləri daha səmimi olur. Bu hisslər yaradıcılıq zamanı sizə kömək edirmi?

– Bəli, uşaqlıq sevgiləri daha saf və səmimidir. Ancaq özümlə bağlı belə bir şey xatırlamıram. Bəlkə də olub, bəlkə də olmayıb. Bu anda mənim üçün onun bir əhəmiyyəti yoxdur. Mənimçün hazırda indi olanlar daha əhəmiyyətli, daha dəyərlidir. Şeirlərimdə, mahnılara yazdığım sözlərdə öz hisslərimi yazmıram ki! Mən yazarkən sevən ürəklərin qəlb çırpıntılarını, axtarışlarını, gözləntilərini, duyğularını düşünərək yazıram.

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

 

 

Ayşe Yılmaz

 

 

 

 

 

Əlaqəli məqalələr

10 şərh

  1. Xanım qıs bilirsiz əvəllər şairlər ancaq şeir yazardı, bədəçilərdə ancaq musiqİ. İyirmi birinci əsrin adamlarının zöqüinkişaf etdiyindıi belə əsərlər bir-neçə yaşlı adamların zövqün nəzərə almasaq unudulmaq üsrədir. indi irəlləyən saman yeni insanlar yeni sövqlər formalşdırır. bir kitab şeri olnayan bəstəkarın musiqisinin dadı olmur, şerimizdə eiə İndi şeir musiqinin göbəyindən, musiqidə şerin göbəyindən doğmasa ürəklərə yol tapa bilmir Nəisə uzun söhmətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button