Rövnəq Abdullayev Hacı Madərin kürəkənini həbs etdirir!

Biləcəri bələdiyyəsi isə məsuliyyətdən yayınmaq üçün yalan informasiya verir

Dünən Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi Binəqədi və Biləcəri bələdiyyələrini şirkətə məxsus torpaq sahələrini satmaqda suçlayaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Şirkət qeyri-qanuni torpaq satışını ləğv etməyi və qanunsuzluğu törədənlərin cəzalandırılmasını istəyir.

Binəqədi bələdiyyəsindən 24saat.az saytına verilən məlumata görə, ARDNŞ-nin bu iddiası əsassızdır: «2007-ci ildən etibarən Binəqədi qəsəbə bələdiyyəsi torpaq satmayıb. Torpaq satışı köhnə bələdiyyə sədri Hacı Elman Salmanovun əməlləridir. Hazırkı bələdiyyə sədri isə rəşad Cabbarovdur. Neft Kəmərləri İdarəsi Hacı Elman Salmanovu məhkəməyə verməlidir».

Məlumat üçün bildirək ki, Hacı Elman 1999-2009-cu illərdə Binəqədi bələdiyyəsinə sədrlik edib. Hacı Elman millət vəkili, geniş iqtisadi və siyasi əlaqələrə malik olan Hacı Madər Musayevin kürəkənidir. Bu fakt R.Abdullayev-M.Musayev çəkişməsinin görünən tərəfi kimi diqqəti çəkir.

Təxminən eyni cavabı Biləcəri qəsəbə bələdiyyəsi 24saat.az saytına bildirib. Bələdiyyədən deyilib ki, son bələdiyyə seçkilərində sədr dəyişdiyi üçün 2009-cu ildə sədr seçilən İlham Xəlilov torpaq satışına məsuliyyət daşımır.

XuralTAC olaraq müəyyənləşdirdik ki, sayta yanlış informasiya verilib. Belə ki, İlham Xəlilov 2004-cü il bələdiyyə seçkilərindən Biləcəri bələdiyyəsinin sədridir. Sonuncu, 2009-cu il bələdiyyə seçkilərində də İlham Xəlilov təkrar bələdiyyə üzvü və sədri seçilib. Biləcəri qəsəbəsində satılan bütün torpaq sahələrinin bələdiyyə sənədlərində də İ.Xəlilovun imzası var.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button