RÖVNAQ ABDULLAYEVÇİLƏR TOPARLANDI!

ARDNŞ prezidenti partiya sədrlərini və deputatlarını bir araya gətirdi…

 Hakimiyyətin içərisində bir hərəkətlilik əmələ gəlib. Artıq etdiklərinin fərqindədirlər. Hər kəs öz adamını yenidən beyət alırmış kimi, bir yerə toparlayır. Bu hakimiyyətin illər uzunu keçirdiyi seçkilərdə tətbiq olunan onbaşılar, yüzbaşılar prinsipi artıq hakimiyyətin müdafiəsində də işə yaramaqdadır. Ötən sayımzda Fövqəladə Hallar nazirinin nəzarətində olan partiya və media qurumları ilə gərgin keçən toplantısı haqda bilgilərimizi dəyərli Oxucularımızın diqqətinə çatdırmışdıq. Etibarlı mənbədən aldığımız məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də əhatə dairəsində olan millət vəkillərini, partiya sədrlərini və media qurumlarını bir araya toplayıb. Əsasən, Nizami və Xətai rayonlarından parlamentə təyinat alan deputatların olduğu tədbirdə R.Abdullayev ölkədəki son durumun bu hakimiyyətə o qədər də yaxşı nələrsə vəd etmədiyini söyləyib. “Beynəlxalq təşkilatlar, qərb ölkələri biri-birinin ardınca məhz öz adamları vasitəsilə xəbərdarlıqlar edirlər. Hansı birimiz bu iqtidar olmasaydı, indiki vəzifəyə və yaşam tərzinə çatardıq” – deyə deputatlara sualla müraciət edən ARDNŞ prezidentinin sualına kimsə cavab verməyib. Bu susqunluqdan kifayət qədər əsəbiləşən R.Abdullayev çıxışını hədələrlə davam etdirib. Mənbə söyləyir ki, bu gün digər dövlət müəssisələrindən fərqli olaraq ən ritmik iş yalnız ARDNŞ-də gedir. Yeni binaların tikintisi, təmir-bərpa, yük daşınması və s. işləri əhatə dairəsində olan deputatlara, onların yaxın ətrafına səxavətlə paylayan R.Abdullayev bunun müqabilində əldə etdikləri milyonları əgər bu hakimiyyət istəsə bir anda əllərindən ala bilər deyə toplantıdakıları hədələyib. ARDNŞ prezidenti bir az da irəli gedərək onları tək-tək ayağa qaldıraraq hesab sorub. Mənbə söyləyir ki, parlamentdə, digər iclas salonlarında dil boğaza qoymayan və cəmiyyətə ümid verən deputatlar R.Abdullayevin qarşısında çarəsiz vəziyyətdə fərəğət duruşu alaraq hesabat veriblər. O da söylənilir ki, ötən müddət ərzində məhz ARDNŞ ilə həmin millət vəkillərinin və partiya sədrlərinin nəzarətində olan şirkətlər arasında görülən işlərin müqabilində əldə olunan vəsaitin miqdarı o qədər böyük olub ki, bunu eşidən R.Abdulayev əsəbi halda hətta əlindəki hesabat sənədlərini belə deputatların üstünə tullayıb.

Toplantının sonunda deputatların üzərinə konkret vəzifələr qoyulub. Müxalifətin içərisinə inteqrasiya, hərəkət trayektoriyasını müəyyənləşdirib məlumatı mərkəzə ötürmək, bacardıqca kütləvi tədbirlərə mane olmaq. Toplantıda çıxış edən partiya sədrləri inteqrasiyanın mümkünlüyünü bildirsələr də, alınan qərarlara təsir imkanlarının mümkünsüzlüyünü bildiriblər. Bunun müxalif düşərgədə ciddi şübhələrə yol aça biləcəyini diqqətə çatdırıblar. Mənbə söyləyir ki, onsuz da gərgin keçən tədbir bu çıxışlardan sonra daha kəskin xarakter alıb. Hətta R.Abdullayev partiya sədrlərini və millət vəkillərini “istəyirsiniz, mən özüm çıxıb televiziyadan sizin mənim vasitəmlə nə qədər pul qazandığınızı millətə söyləyim?” deyə şantaj etməklə hədələyib. Kifayət qədər əsəbi situasiyada keçən tədbirin sonunda ARDNŞ prezidenti əhatə dairəsində olan millət vəkillərinə və partiya sədrlərinə “tapşırıqlara əməl edilənə kimi iş əməkdaşlığı dayanır” – deyə bəyanat verib. Mənbə söyləyir ki, R.Abdullayevlə keçən tədbirdən sonra partiya sədrləri və deputatlar toplantıda ARDNŞ prezidenti tərəfindən qarşılarına qoyulan vəzifələri müzakirə etmək üçün Elmlər Akademiyası metrostansiyasının yaxınlığındakı restoranlardan birinə (“Xural” olaraq biz həmin restoranın adını bilirik, lakin etika xatirinə yazmırıq. Onu da qeyd edək ki, həmin partiya sədrləri və millət vəkilləri mütəmadi olaraq əks cinsin nümayəndəsindən olan öz “dostları” ilə həmin restoranda tez-tez görünürlər. Mənbə onu da söyləyir ki, hətta partiya sədrlərindən birinin “dostları” arasında tanınmış teleaparıcı da var) gediblər. R.Abdullayevçılərin restorandakı toplantıları gecə saatlarına qədər davam edib. Mənbə söyləyir ki, partiya sədrlərindən birinin əsəbi şəkildə restoranı tərk etməsinə mane olmağa çalışan deputat həmkarı ilə dartışması hətta birincinin avtomobilinə əyləşməsinə qədər davam edib.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button