Rövşən Əkbərov ona elan olunan ittihamla özünü təqsirli bilməyib

20 il öncə Ukraynada iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət  ittihamçısı ittiham aktını elan edib.

İttihama görə,  Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətdə olarkən 31 may gecə saat 03-04 radələrində Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanındakı “Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində iştirak edib. Bu vaxt Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxsləri ona qarşı hörmətsizlikdə günahlandırıb. Niyə onu tanımadıqlarını, hörmətlərini ifadə etmədiklərini deyib və mübahisəyə başlayıb.

Tərəflər arasında mübahisə kafenin həyətində də davam edib. Rövşən Əkbərov Məzahir Şıxəliyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Həmin bıçaqla Elçin Əliyevə xəsarət yetirib.  Nəticədə  Elçin Əliyev hadisə yerində həlak olub.

Təqsirləndirilən Rövşən Əkbərov ona elan olunan ittihamla özünü təqsirli bilməyib: Sitat:

“İttihamın mahiyyəti aydındır. Amma bu hadisənin mənə heç bir aidiyyatı yoxdur. Özüm də atasız böyümüşəm. Bunun nə demək olduğunu bilirəm. Amma bu işi mən görməmişəm. Hadisənin üstündən 20 il keçib. Bu illər ərzində ortada bir dənə sübut da yoxdur. Desinlər ki, o adamı mən öldürmüşəm.  İttihamda yazılanlar sanki hansısa filmin ssenarisidir”.

Hakim R. Əkbərova ifadə verməyi təklif edib. O, hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib: “Zərərçəkmiş və şahidlər dindirilsin. Mən öz  sözümü axırda deyəcəyəm”.

Daha sonra prosesdə mərhum Elçin Əliyevin atası Fədai Əliyev ifadə verib. Sitat:” Oğlumun dostları – Nazim İbrahimov və Səməd Novruzov cənazəni özləri gətirəcəklərini dedilər.  Səmədin Kiyevdə yaşayan qardaşı Mədədlə telefon əlaqəsi saxladım, oğlumu kimin öldürdüyünü soruşdum. Mədəd dedi ki, Elçini general Rövşən öldürüb.Yasda iştirak edən hamı bundan xəbərdar idi”.

Mərhumun atası qətllə bağlı 50 nəfərlə danışıqlar apardığını, onların hamısının generalın adını çəkdiyini deyib.

Məhkəmə prosesi 25 avqust səhər saatlarında davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button