Rüfət Səfərov: “Hüququn qətli”-III hissə

Keçmiş müstəntiqin yarımçıq qalmış məqaləsi tamamlandı

“Azərbaycanda diktaturanın bütün əlamətlərinin nə cür bərqərar olunması barədə bu gün deyil, sonra yazsaq, faydasız olacaq”

“Bu, təkcə hüququn deyil, insanlığın, mənəviyyatın və əxlaqın qətlidir!”

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi, etiraz bəyanatı ilə vəzifəsindən istefa verən, bundan sonra isə guya prokurorluqdan xaric edilib, barəsində cinayət təqibi başladılan və ötən ilin sentyabrında 9 il azadlıqdan məhrum edilən Rüfət Səfərov qələmə aldığı “Hüququn qətli” silsiləsinin sonuncu hissəsini “Azadlıq”a göndərib. R.Səfərov silsilə məqaləsinin III hissələrini qısa aralıqla dərc etdirsə də, həbs olunması sonuncu hissəni xeyli yubatdı.

Beləliklə, keçmiş müstəntiq, hazırkı siyasi məbus Səfərovun ciddi maraqla qarşılanan məqaləsinin III hissəsini təqdim edirik.

Hüququn qətli III hissə – Tiraniyanın xalqdan qorxusu

Zərdab rayon prokurorluğunun inzibatı binası olmuş sınıq-salxaq tikilidən xidməti yataqxana kimi istifadə edirdik. Kürdən cəmi-cümlətani 150 metr kənarda yerləşən həmin binada bir zamanlar balıqçılıq müəssisəsi də fəaliyyət göstəribmiş. 1950-ci illərdən ta 2007-ci ilədək onlarla prokuror və müstəntiqi yola salan o binanın həyətyanı sahəsində balıq və balıq məhsullarını çəkmək üçün yerə bərkidilmiş tərəzinin çıxarılmamasına ya gərgin istintaq işləri, ya da vecsiz istintaqçı tərzi səbəb olub.

Heyvançün münasib, insançünsə kəsif şəraiti olan həmin binada üç il yaşamalı olduq: prokuror köməkçisi rayon prokurorunun, mənsə müstəntiqin bir zamanlar xidməti kabineti olmuş otaqda mənalı-mənasız günlər keçirdik. Təsəlli üçün əsaslar da vardı: sonradan quraşdırılmış hamam otağının taxtapuşundakı qaranquş yuvası və hər mövsümdə o yuvanın bərkidilməsi işlərində “çəngəl” quyruqlu qaranquşlara verdiyimiz dəstək günümüzə məna qatırıdı. Sözün açığı, qaranquşlar palçıq, saman və otlarla çanaq şəklində elə möhkəm yuva toxuyub və sonradan həmin qüsursuz strukturu elə bərkidirdilər ki, kənar insan müdaxiləsinə ehtyiac qalmırdı. Sadəcə, boz mühitin fonunda mənalı bir iş görürmüş kimi davranırdıq və qeyri-ixtiyari olaraq, “İlahi, şüuru və düşünmə qabiliyyəti olmayan bu heyvan belə bir dizaynı necə ərsəyə gətirir, görən…” fikri beynimizi məşğul edirdi…

Həyətyanı sahədə ərik, albalı, alça ağaclarının bar gətirmələri də stimul mənbəyi idi. Əvvəl-əvvəl torpaq və ağaclara laqeyd münasibət sərgiləyirdiksə, heç bir xidmət göstərmədiyimiz halda, meyvələri dərib həzm-rabedən keçirməyimiz bizi məcbur etdi ki, vicdanlı tərzə üstünlük verib, təbiətin bu kiçik hissəsinin qulluğunda duraq: yeri bellətdirərək ağacları budadıq, hətta həvəs elə üstün gəldi ki, ağacların gövdələrini əhənglə boyadıq. Zəhərləyici maddələrlə gəmiricilərə qarşı hər nə qədər mübarizə aparsaq da, gecələr tavanda civildəyə-civildəyə o baş-bu baş yürümələrini nəzərə almasaq, dar macalda həzz hissini, harmoniyanı təmin edə bildik. Sonradan iş elə gətirdi ki, həm mən, həm də prokuror köməkçisi oranı tərk edib, Zərdab şəhərindəki SUM-21 adlanan qəsəbədə ayrı-ayrı evlər kirayələdik…

Günün birində gərgin iş saatından sonra qəsəbəyə dönüb istirahət etmək istəyirdim ki, mobil telefonuma zəng gəldi. Dəstəyin o başında Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinin rəisi Eldar Hacıyev idi. Darıxdığını, Kürün sahilindəki eyniadlı kafedə onunla çay içməyə imkanımın olub-olmamasını soruşdu. Yorğunluğa rəğmən razılığımı ifadə etdim, təxminən on beş dəqiqə sonra sahildə görüşməyə razılaşdıq. Lütfkar oxucu, onunla çay süfrəsi arxasında olan söhbətimizə, ayrı-ayrı məsələlər barədə fikir mübadiləsinə qayıdacağam, məqamı gəlmişkən, bir haşiyə çıxım ki, Eldar doktor təxminən iyirmi beş ildir məhkəmə-tibb eksperti olaraq Zərdab rayonunda fəaliyyət göstərir. Peşəsini dərindən bilən mütəxəssisdir. Deməsinə görə, 67 illik ömrünün məhsuldar və nüfuzlu dövrü 80-ci illərin sonuna qədər davam edib. Təsadüfi avtoqəza nəticəsində beyin silklənməsinə məruz qalmış, vaxtaşırı tutan əsəb böhranı səbəbindən nəinki əvvəlki dostlar, həmkarlar, qohumlar, üstəlik, ailə üzvləri də onu amansız həyatla baş-başa buraxıb, laqeyd münasibət sərgiləyirlər. Tibb elmləri namizədi olan Eldar doktor xidməti mənzil ilə təmin olunmadığından və 250 manat civarında olan maaşı mənzil kirayələməyə imkan vermədiyindən, bu günədək Zərdab rayon mərkəzi xəstəxanasının morqunda həm meyitin daxili və xarici müayinəsini icra edir, həm cari kargüzarlıq işlərini yerinə yetirir, həm qida qəbul edir, həm də yaşayır. Ətraf aləmə heç bir ziyanı dəyməyən, başını aşağı salıb yalnız öz işləri ilə məşğul olan doktorun bəzi hallarda bir elə də narahatlıq doğurmayan qeyri-adekvat hərəkətlərinə görə əksər rəsmi və qeyri-rəsmi adamlar ondan qaçır, hətta rayonun bir çox yeməkxanasının qarsonları belə qulluq etməyin dərdindən nə sifariş verirsə, “yoxdur!” nidasını qaytarırlar. Belə bir zәqqәtun mənzərənin fonunda prokuror köməkçisi ilə qərarlaşdırdıq ki, doktorla yoldaşlıq edərək asudə vaxtlarda sahilboyu birgə gəzişib həftə sonlarında süfrə arxasında bərabər əyləşək. Qərarımıza uyğun olaraq davranışımızı təyin etdik və bu, doktora münasibətdə digər insanların fikirlərinə müəyyən dərəcədə də olsa, sirayət etdi… Buna görə də, əziz oxucu, doktorun həmin zənginə laqeyd yanaşsa idim, qət etdiyimiz qərara hörmətsizlik, ələlxüsus da prinsiplərimizə tabesizlik kimi görünə bilərdi. Görüşdük, yağıntının çox olması səbəbindən səviyyəsi aşırı qalxmış Kürün sahilində samovar çayı içib söhbət edərkən tez-tez xatırladığım monoloqu gözlərimin konkret nöqtəyə bir neçə saniyə zillənməsini şərtləndirdi: “Səfərov, hərəninki bir formada gətirmir, hamının özünə görə problemi var. Bax, illərdir ki, çöllərdəyəm, eyni yerdə yeyir, yatır, işləyirəm. Aldığım cüzi maaşdan belə, maşallah, məndən daha gümrah, daha fəaliyyət qabiliyyətli olan ailə üzvlərimə pul ayırıram, amma münasibət dəyişmir ki, dəyişmir… Qırx ildən çoxdur ki, xidmət edirəm, ayda 200 manatdan bir qədər çox vəsaiti layiq bilirlər. Sən isə ölkədən, baş verənlərdən narazılıq etməklə, əslində, boşboğazlıq edirsən. İş-gücünün, fəaliyyətinin adı ilə rahatlıq tapmaq əvəzinə, naşükürlük edib, orda-burda ağzına gələni danışırsan… Qulağıma gəlib çatır… Bir gün səni atacaqlar çölə! Eləmə!!! Başa düşürsən???”. Bu azmış kimi, şəhadət barmağının ucu ilə masanın üstünü döyəcləyib, xəyalən nida işarəsini də cızdı. Təbii, doktorun bunca sərt, bir o qədər də ərkyana qeydlərini qeyri-ciddiyə almadım, təxminən belə cavab verdim: “Həkim, başa düşürəm, kvant fizikasını izah etmirsən ki… Sağ ol, mənə münasibətdə qeydkeşlik göstərdiyinə görə təşəkkür edirəm. Göstərdiklərinin özünə aid hissəsi həqiqətdirsə, barəmdə söylədiklərinin gerçəkliklə yaxından-uzaqdan əlaqəsi yoxdur. Səhvlərini söyləmirəm, vaxt özü sənə izah edəcək, lakin dəqiq surətdə deyirəm ki, kimin kimi çölə atacağını əlahəzrət zaman ortaya qoyacaqdır. Və sənin sözün olmasın, orda-burda dediklərimi qısa müddət sonra çılpaqlığı ilə meydanın tən ortasına qoyub, fikirlərimi daha geniş ifadə edəcəm. Görünən budur ki, yalnız belədə fayda olar…”.

…Məlum qərarı verdikdən bir neçə saat sonra Eldar doktor xidməti kabinetimə hövlkan daxil oldu, bir neçə dəfə boğazını arıtlayandan sonra qışqır-bağır salıb əlavə etdi: “Səfərov, niyə belə etdin?!. Anlaqsız!!!”. Əzizim doktor, yadındamı, kabinetdə sənə heç bir reaksiya vermədim, sən isə bundan qeyzlənib səs tonunu daha da qaldırdın və sərt məzəmmətini davam etdirib çıxıb getdin… Amma indi təfsilatı ilə cavab verməyə çalışacağam: NİYƏ?

İstibdadın “taxta adam” sevdası

Azərbaycanda diktaturanın bütün əlamətlərinin nə cür bərqərar olunması barədə, vahid və sərt ideologiyanın hələ də yeriməsinin necəliyi haqqında, həyatın bütün sahələrinə yalnız bir partiyanın – YAP-ın hakim kəsilməsi xüsusunda bu gün deyil, sonra yazsaq, faydasız olacaqdır. Bu baxımdan, problemin mahiyyətinə varmaq üçün bir neçə sadə sual qoyaq: kim istəyər zülm altında yaşasın? Və yaxud hansı fərd istibdadın ayaqları altında inləməyə razı olar? Primitiv, bəlkə də sadəlövhcəsinə qoyulmuş suallara bənzəyir, eləmi? Vəziyyətə bərabər nəzər salaq: bəli, ölkəmizdə zülm maşınının təkərləri altında əzilməyə razı olanlar nəinki var, əksinə, boyunduruqda inləyən insanların sayı getdikcə azalmır ki, artır. Rəsmi zorakı siyasət, xof saçan təşviqat, hürküdən təbliğat bütün ciddiyyəti ilə davam edir ki, “könüllü eşafotçu”ların sayı artan xətt üzrə davam etsin. Son məqsədləri vətəndaşı tam mənada Çingiz Aytmatovun “manqurtu”na çevirməklə emosiya və etiqadlarını yerli-dibli məhv edib, “taxta adam” yaratmaqdır. Axı, belədə idarəetmə asanlaşar, hakimiyyətin istənilən qərarı şükranlıqla qarşılanaraq heç bir sorğuya-filan məruz qalmaz… Bu təqdirdə kommunal tariflər dəfən-dəfən qalxacaqsa, gözlər döyüləcək, övladlara görə valideynlər, valideynlərə görə övladlar qeyri-insani rəftara məruz qalıb işgəncə altında xurd-xəşil ediləcəklərsə, kənardan tamaşaya baxılırmış kimi seyr ediləcək, bütün ömürünü ibadətlə keçirmiş möminlərin evindən narkotik və ya partlayıcı maddələr “tapılacaqsa”, ətrafda qəbirsanlıq sükutu hökm sürəcək, icra hakimiyyətini təyin edənlərdən birisi qanunverici hakimiyyətin bir yerini bir milyona satacaqsa və bunu deşifrə edən digəri haqqında cinayət təqibi həyata keçiriləcəksə, sıradan bir hal kimi qarşılanacaq, illərlə dövlət qurumlarının içində mütəşəkkil cinayətkar qruplar at oynadıb serial cinayətlər törədəcəklərsə, görməzdən gəlinəcək, hökumət üzvünün it-pişiyinə qulluq edən kəs elmlər doktorunu ayaqlarının altına salıb əzişdirəcəksə, qollar sinədə çarpazlanacaq, akademikvə ya jurnalist, buraxın tutulmağını, qapısının ağzında elə ağzından güllələnəcəksə və bu, az qala məişət zəminində baş verən qətl kimi qiymətləndiriləcəksə, təəccüb doğurmayacaq, Eldar doktor…

Balabançıya dəm tutanlar

Dostlar, sanki Corc Oruell nə vaxtsa Azərbaycanda yaşayıb və “1984”ü ölkəmizin 2016-cı ilinə ithaf edib. Bugünlərdə ikinci dəfə oxuduğum həmin əsərin təsiri altında qeyd edirəm ki, ölkəmizdə “Fikir Polisi” (güc strukturları, xususi xidmət orqanları) alternativ düşüncələri boğur, hər cür kənar üstünlüyü tapdalayır, saf və azad şəxsiyyətlərdən qurtulmağı təmin edir, partiya, təşkilat və yığıncaqları tanımamaqla, hər kəsin hər kəs qarşısında gözükölgəli olmağı üçün gecə-gündüz “xidməti” iş görür, başqa sözlə desək, ayrı-ayrı qurumlar və cəmiyyət arasında qarşılıqlı etimadsızlıq mühitinin yaranması, ahəngdar münasibətlər sisteminin qurulmaması üçün səy edir, növbətçi politoloqlar, hüquqçular, jurnalistlər, deputatlar, partiya sədrləri, vəkillər, bir sözlə, müxtəlif fəaliyyət sahələrinin “vacib” təmsilçilərisə bu işdə züy tutmaqla ümumi eybəcər mənzərəni tamamlayırlar. Onlar abır-həya hissini arxa, tamah duyğusunu ön plana çəkməklə şərəf və ləyaqəti baş ardı edərək fərdi maraqları üstün bilib cəmiyyət-dövlət həyatında iri-iri addımlarla yeriyirlər. Balabançıya dəm tutanların ən mühüm öhdəliyi Azərbaycanda baş verən eybəcərlikləri dilə gətirib acı həqiqətləri söyləyənləri, vicdanının səsinə qulaq asıb ümumi dərd-bəlaları ifadə edənləri anındaca ayrı-ayrı tribunalarda daş-qalağa, qara piara məruz qoyub çalağan tək didməkdən ibarətdir. Heyrətamizdir ki, dəm tutanların özlərinin arasında da bir çox hallarda amansız mübarizə gedir. O mənada ki, respublikada sözünün çəkisi ilə fərqlənən, hökumətin yürütdüyü yarıtmaz siyasəti haqlı və effektli tənqid edən fəallar haqqında ən ağlasığmaz “qara texnologiya”lar tətbiq edərkən, aşağılayıcı bəyanatlar verib nitqlər söyləyərkən, nüfuzdan salan yazılar dərc edərkən pərdə arxasındakı sahiblərindən daha artıq maddiyyat qoparmaq üstündə didişirlər. Həvəsləndirmə tədbiri olaraq ödənilən vəsaitin miqdarı, ayrılan kürsünün sayı sonrakı mərhələdə tutulan züyün keyfiyyətini təyin edir. Prezident, parlament, bələdiyyə seçkilərində, hökumət strukturları tərəfindən təşkil edilən ayrı-ayrı qrant müsabiqələrində gedən qızğın alış-verişi gözlərin önünə gətirəcəyin halda nələr düşündüyünü söyləyə bilmərəm, əziz oxucu, amma mən fikir edirəm ki, bu, təkcə hüququn deyil, insanlığın, mənəviyyatın və əxlaqın qətlidir! Bu qətlin fonunda hər iki tərəf, yəni satan-hökumət, satılan-psevdodemokratlar mənfəət əldə edir, hərrac mərkəzini kənardan lal nəzərlərlə seyr edən xalq isə itirir. Miskin mənzərədir…

Hökumətin xalqa inamsızlığı

…Hakimlər işi tələm-tələsik bitirmək niyyətində idilər. Qaralovun ittihamçısı rabitəsiz ittiham nitqini söyləyib, yekunda on il azadlıqdan məhrum edilməyimi istədi və tövründən hiss olundu ki, sahibinin üzünü ağ edib verilən sifarişi yerinə yetirdiyinə görə məmnundu… Eldar Sabiroğlu və Bəhruz Bayramovla birgə qərara gəldik ki, şəhərə dönməyin əhəmiyyəti yoxdur, çünki ertəsi gün hökm oxunacaqdı. Ona görə də Masallıya yollanıb mehmanxanada yerləşdik. Çarpayıda dirsəklənib fikrə getdim: Zəngibasar rayonunun Zəhmət kəndindən ta Zərdabadək uzanan otuz beş illik “fikir marşutu” üzrə saysız-hesabsız məsələlər barədə düşündüm. Bəhruz bəy isə o yan-bu yana yeriyərək hakimlərin qarasınca deyinirdi. Qayğılı halımı görüb lətifə danışdı və sonda əlavə etdi: “Qaqa, fikir eləmə, bununçün kifayət qədər zamanın olacaq. Belə görürəm ki, bu yaramazlar azı doqquz il iş verəcəklər…”.

İndi oturmuşam kamerada, vaxt bol, hətta əhəmiyyətsiz kimi görünən məsələ, hadisə və proseslər barədə düşünürəm. Açığı, sual dolu saysız fikirlərə gedərək aydınlıq gətirsəm də, bəzən biixtiyar “Dirilmə” dəki Nexlyudovun durumuna düşürəm, içimi gəmirən sadə suallar qarşısında qalıram: Nədən bir bölük cəmiyyətə yararsız quldur azadlıqda olduğu halda, heç bir təqsiri olmayan adamlar döyülür, təhqir edilir, tutulur, qeyri-insani davranışa məruz qalır? Nədən bu üsul-idarə Azərbaycan insanına bunca qəddardır, özgə düşüncə sahibinə amansızdır? Şəksiz, Nexlyudovdan fərqli olaraq bu suallar qarşısında aciz deyiləm, müəyyən yəqinlərim vardır. Bəli, görünən budur ki, zorakılıq üzərində bərqərar olan tiraniya öz mövcudluğunu qoruyub uzatmaq üçün zordan savayı hər hansı metod tanımır, ya da qəbul etmir. Çünki hazırkı üsul-idarə əminidr ki, özgə fikrin əhatə dairəsinin genişlənməsinə şərait yaradıb, təbəə saydığı azərbaycanlıya özünü ifadə etməyə az da olsa, imkan verərsə, gedərək “tiraniya” kəliməsinin hərfləri bir-bir yerə düşəcək, illər ərzində yığılan haram varidatlar an içində əldən çıxacaq, yalmanan, çoxüzlü, qəlbinin dərinliklərini dayaz mədəsinə, ağ ciyərinə təslim edib sübhdən axşamacan mədhnamə söyləyənlərin yerini ən azı qəzəb və nifrətlə dolu insan baxışı tutacaq, Xəzərin dibindəki hansısa canlıya dair saatlarla nitq irad etsə də, vətəndaşın elementar mülki-siyasi haqqı barədə kəlmə kəsməyə cürət etməyən deputatın mikrofonu sözün əsl mənasında millətin vəkilinə aid olacaq, işi-gücü hansısa fahişənin həyat tərzini topluma örnək tək sırımaq olan tv-lər efir məkanını xalqın dərd-bəlasını işıqlandırılanlara ötürmək məcburiyyətində qalacaq, haqqı hayqıran adamı allahsızcasına illərə məhkum edən qansız hakim öz kürsüsünü ədalət mühakiməsinə, adil andlı iclasçıya verəcək, məxləs heyvani fikir tərzi insani düşüncənin önündə diz çökəcək… Bəli, bu və buna bənzər keçidlərdən siğortalanmaq naminə zorakı hakimiyyət daxili tənqidləri, xarici tənələri baş ardı edərək məqbul-qeyri məqbul vasitələrdən yararlanıb, hər nə qədər paradoksal səslənsə də, əbədi sürəc sürdürmək niyyətindədir. İndiki vəziyyətdə haqlı olaraq vətəndaşlara etibar etməyi ağlının ucuna belə gətirməyən tiraniya ümdə qanuni təəhhüdü şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, ədalət mühakiməsini realizə etmək olsa da, gerçəklikdə “zor maşını”nın “yanacağı” kimi çıxış edən əməliyyatçı, təhqiqatçı, müstəntiq, prokuror, hakim korpusuna etimad göstərib, təxminən iyirminci əsrin əvvələrindəki çar Rusiyasının, ortasındakı şah İranının, sonundakı Çauşesku Ruminyasının idarəçilik mexanizmini tətbiq edir. Təkcə vətəndaşa yox, qosqoca tarixə də inam bəsləyib dərs götürmürlər. Zira hakimiyyət yanğısı o həddə kəskindir ki, siyasi tarixin biri digərini təkrarlayan acı sonluqlu hadisələri belə ibrət dərsi götürməyə mane olur. Yeri gəlmişkən, Azərbaycan hökumətinin öz vətəndaşına imansızlığının dərinliyindən bəhs etdikdə olsun ki, opponentlər faktoloji təməli olmayan mühakimə yürütdüyümü qeyd etsinlər. Ona görə də hakimiyyət-vətəndaş arasındakı uçurumu göstərən faktlar toplusundan birini yazmaqla mənzərəni aydınlaşdırıram: baxmayaraq ki, cinayət mühakimə icraatının xalqın nümayəndələrinin iştirakı ilə həyata keçirilməsinə dair müddəa 17 ildir qüvvədədir, ancaq rejim andlı iclasçıya yaşıl işıq yandırmır. Çünki dəqiq bilir ki, vicdandan qaynaqlanan daxili inamı, sağlam hüquqi düşüncəni kənara qoyub sifariş əsasında qansız hökm çıxarmağa hazır olan hakimə əhalinin müxtəlif təbəqələrindən təşkil olunmuş andlı iclasçıların verdikti əngəl ola bilər. Axı, qeyd etdiyim kimi, vətəndaşa inam yoxdur.

Alçaqlığı doğruldan dünyagörüş

…Özümü qanandan bəri başıma nə iş gəlibsə, başqaları üçün çətin görünən hadisələr yaşanıbsa, baş verənlərin içində qurdalanıb faydalı xassələri üzə çıxarmışam. Heç şübhəsiz, zindan həyatı da bu qəbildəndir. Həyatımın bu mərhələsinə məhrumiyyət kimi deyil, daha çox imkan kimi yanaşıram. Fikirləşirəm ki, azadlıqda ziyarət etmə imkanım olmasa da, həbsin hesabına vətənin dilbər guşəsi Lənkəranı “voronok”dan seyr edə bildim, nəinki Azərbaycana, ümuniyyətlə bütün dünyaya dahi söz ustaları bəxş edən Şirvana baş çəkdim, oxumadan ölməyin mümkünsüz olduğu kitablarla tanış oldum, ideyaya dayanan yeni-yeni dostlar qazandım, xüsusilə, bu və ya digər sahələrlə bağlı bəzi qarmaqarışıq fikirlərimə aydınlıq gəldi. Xatırlayıram, Şirvanda apelasiya baxışı zamanı dəmir barmaqlıqlara salınar-salınmaz zalda qərar tutanlara bir nəzər saldım. “Azadlıq” qəzetinin fədakar əməkdaşı Təzəxan bəy həmişəki kimi reportaja hazır vəziyyətdə idi. Məni görcək yaxınlaşdı, salam-sabahdan sonra dəyərli aydınımız Araz Gündüzün tərcüməsində Lev Tolstoyun “Bu günün köləliyi”ni təqdim etdi. Həmin vaxt düşündüm ki, görəsən, Araz bəy haradan bilib ki, Tolstoy vurğunuyam. Söz yox, dahi yazıçının ayrı-ayrı zamanlarda qələmə aldığı məktub və məqalələr toplusundan ibarət 401 səhifəlik kitabı birnəfəsə oxuyub, hələ də beynimi məşğul edən bir fikrinin altını cızdım: “…İnsanlar alçaqlıq eləyəndə həmişə bunu doğruldan bir dünyagörüş də düşünüb tapırlar. Bu dünyagörüşə görə, onların alçaqlıqları özlüyündə alçaqlıq deyildir, sadəcə insanların iradəsindən kənarda olan dəyişilməz və daimi olan qanunların nəticəsində baş verən bir olaydır…”. Tanıyanlar təsdiqləyərlər, qəlbimin dərinliklərində hansısa obyekt və ya subyektə şiddət ola bilir, lakin leksikomumda bu şiddətin ifadəsi kimi aşırı aşağılayıcı istilah olmayıb. Buna görə də müqayisə apararkən “alçaqlıq”, “yaramazlıq” və sair terminlərdən istifadə etmir, mümkün sinonimlərdən yararlanıb yazıram: Azərbaycan hakimiyyəti binaya, yola, körpüyə, quma, daşa, taxtaya, dəmirə, mərmərə bir neçə milyard xərcləyir, elmə, təhsilə, mədəniyyətə gəldikdə “hacı qara”lıq edir. İdmana, oyuna, yarışa milyonlar ayırdığı halda, təqaüdçüyə, əlilə üç günlük qidanı almağa yetməyən pensiya və müavinət ödəyir, bəzən daha irəli gedərək on beş il qabaq nəinki dövlət, bütöv icmal büdcəni təşkil edən vəsaitin iyirmi misli həddində lazımsız Avropa oyunlarına pul sərf edir, bu azmış kimi xarici ölkələrin otuzuncu dərəcəli oyunçularının cibinə qədərindən artıq para qoyur ki, təmtəraqlı Bakının səfil kökündə yaşayan sakinlərinin gözləri önündə sağa-sola xərc etsinlər. Bu siyasəti yürüdərkən öz aləmlərində düşünürlər ki, ölkəni dünya çapında tərənnüm edib milli həqiqətləri təşviq edirlər. Tərs kimi, düşündüklərinin tam əksi baş verir. Baxın, oyun keçirmək üçün qara qızılın satışından qazandıqlarını göyə sovurub, Avropanı Bakıya dəvət edirlər, lakin bir avropalı dövlət və ya hökumət rəhbəri təşrif buyurmur, “köhnə qitə”nin bir nömrəli telekanalı “Euronews” bir dəqiqə belə reportaj hazırlamır, əksinə, Qərbin nüfuzlu dövri nəşrləri aşağılayıcı yazılar çap edir və bunu azərbaycanlıların elementar haqlarının idarə edənlər tərəfindən tanınmaması ilə əlaqələndirirlər. Nəticədə nə baş verir? Azərbaycan vətəndaşlarının həbs və dəyənəyə istinadən idarə edilməsi barədə xəbəri olmayanlar da məlumatlanır, dünyanın hər bucağına yayılır ki, Azərbaycanda təxminən quldarlıq dövrünün üsulları işləkdir. Beləliklə də məlum olur ki, milyardlar anti-təbliğata yatırılıbmış… Qısa müddət sonra iki dəfə devalvasiya yaşayırıq, manat dəyərsizləşir, qida məhsullarının, işığın, qazın, suyun qiyməti bir neçə dəfə qalxır, hökumətin siyasi texnoloqlarısa qızarmadan rəsmilərin insafsız dünyagörüşünü doğruldan növbəti dünyagörüş də fikirləşib tapırlar: qiymətlərin artımı əhalinin aztəminatlı qisminin gəlirlərinin qalxmasına xidmət edib, əmək haqlarının, pensiyaların, müavinətlərin artmasına səbəb olacaqdır. Binəva azərbaycanlı isə iqtisadi deyil, cəngəllik qanununa söykənən bu dünyagörüşü qəbul etməyə bilmir. Çünki etiraz etdiyi təqdirdə üç nəticədən birini yaşayacağını yəqinliklə bilir: təqib, həbs, ya da mühacirət. Şəksiz, prosesin məntiqi davamı kimi Azərbaycan hökuməti arxayın mühitdə işləyir, yenidən külli miqdarları saysız-hesabsız sosial-iqtisadi problemlərin fonunda əhəmiyyətsiz, tamaşaçı skamyaları bomboş olan avtomobil yarışına yönəldir, evinin pəncərəsindən bu tamaşanı izləməyi düşünən kasıb sakin inzibati qaydada cərimələnəcəyi ilə təhdid edilir. Çıxardığı oyunları “avropalaşdıra” bilməyən hökumət bu dəfə “islamlaşdırmağa” üstünlük verir, yenidən milyonların üstündən xətt çəkir, lakin hələ də idrak etməkdə çətinlik çəkir ki, yalnız “demokratik oyun”ların Azərbaycan və azərbaycanlılıara faydası ola bilər.

Hə, yadımdan çıxmışdı, arxayınçılığa qapılmaq heç də hər zaman işə yaramır. Ötənlərdə yazmışdım, yenidən qeyd etməyə ehtiyac duyuram: tarixin ayrı-ayrı fazalarından bizə bəllidir ki, qəfil köklü dəyişikliklərin əksəri arxayın mühitin ertəsi gün baş verib…

…Bu hissədə bir siqaret yandırıram. Kamerada soyuq divarın dibi ilə o yan-bu yana addımlayıb, üstü üçqat dəmir barmaqlıqlarla haşiyələnmiş gəzinti yerinə boylanıram. Yersüpürən külək qarı havada sağa-sola oynatsa da, hərdən dənəciklər barmaqlıqlar arasından süzülüb, “azadlığa” çıxır və budur, çox keçmədən döşəməni ağardır. Bu təbiətin bir normasıdır. Şübhə etmirəm ki, bənzər hal tezliklə cəmiyyət həyatında da yaşanacaq və bu, sosial qanunun norması olacaqdır.

P.S. “Hüququn qətli”nin üçüncü hissəsini qələmə almağa başlamışdım ki, həbs edildim. Məhbəsdə yenidən yazsam da, nəzarətçilər tərəfindən götürülərək məhv edildi. Sanki dövlət çevrilişinin hazırlanmasına dair sxemi aşkara çıxarmışdılar. Düşündüm ki, ruhdan düşmək məğlubiyyətə bərabərdir və çətinliklə də olsa, növbəti dəfə yazı üzərində işlədim. Nəhayət dostum Bəhruz bəyin vasitəsi ilə məqaləni “Azadlıq” qəzetinə təqdim edib, qaranlığa məhkum edilmiş düşüncələrimi işığa qovuşdurur, rahatlayıcı hisslər keçirirəm. Səhifələrin alt hissəsindəki rəqəmlərə baxmadan maraqla oxunan romanın sonuncu cümləsini bitirdikdən sonra qeyri-ixtiyari gözlərin bəlli bir nöqtəyə zilləndiyi zaman keçirilən hisslər nədirsə, üçüncü hissəni tirajlayarkən mənəviyyatıma hakim kəsilən duyğular da odur. Hərçənd ki, dəst-xəttimin fayda və ya maraq kəsb edəcəyini iddia etməkdən tam uzağam, hər halda bunu lütfkar oxucunun özü təyin edəcəkdir.

Rüfət Səfərov,
Bakı İstintaq Təcridxanası, 6-cı korpus, 60-cı kamera

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button