Rüfət Səfərov: “Məni dilə gətiriləsi mümkün olmayan işgəncələrə məruz qoydular”

“Hazırda azadlıqdayam. Lakin buna rəğmən desəm ki, tam rahat hislər yaşayıram, yox. Buna səbəb isə dostlarımızın hələ də qanunsuz və əsassız ittihamlarla həbsdə çürüməsidir. Onlar siyasi motivlərlə hələ də həbsdə yatırlar”, prezidentin şənbə günü verdiyi əfv sərəncamı ilə azadlığa çıxan keçmiş müstəntiq Rüfət Səfərov deyir.

Müsahibəsində 3 ildən artıq müddətdə həbsdə olmuş Rüfət Səfərov azadlığa çıxmağın verdiyi sevincdən, hələ də həbsdə olan, siyasi məhbus hesab olunan şəxslərdən, həbsdə olarkən ailəsində baş verən sevincli-kədərli hadisələrdən və gələcək planlarından danışıb.

– Çalışıb, bütovlükdə, Azərbaycan cəmiyyətinin haqq fikrini ifadə edən və buna görə həbs həyatı yaşayan insanların azadlığına nail olmaq lazımdır. Yalnız ondan sonra dərindən nəfəs almaq ola bilər. Deyim ki, ciddi xoş hislər var, yox, tam deyil. Artıq bu barədə bildiyiniz kimi mən prokurorluq orqanlarından ayrılarkən bir hüquqçu olaraq azad fikirlərimi ortaya qoymuşdum. Çox qısa zamanda haqqımda qondarma ittihamlarla həbs qəti imkan tədbiri seçildi. Nə baş verdisə 4-5 gündən sonra ev dustaqlığına buraxıldım. Ev dustaqlığında olduğum müddətdə də təqiblər səngimədi. Buna adekvat olaraq biz də öz mövqeyimiz möhkəmləndirdik. Fikirlərimizi cəmiyyətə, insanlara çatdırdıq. Görünür, ev dustaqlığında olduğum müddətdə fikirlərim və fəaliyyətim bədxah qrupları qane etmədi və yenidən barəmdə ağılasığmaz bir qərar verdilər və 9 il müddətinə azadlıqdan məhrum etdilər.

-Həbsxanada sizinlə necə davranırdılar?

– Üç il 3 ay təcrid olunmuş vəziyyətdə yaşadım. Həbs müddətində belə Azərbaycanın zorakı siyasi idarəçiliyi məndən əl çəkmək fikrində deyildi. Təsəvvür edin ki, dilə gətiriləsi mümkün olmayan işgəncələrə məruz qoydular ki, bəlkə mövqeyimdən müəyyən sapmaya məruz qoyalar.

– Sizə hansı işgəncələri verirdilər?

– Bu barədə açıq mətnlə fikrimi bildirmək istəmirəm. Əzizlərim, dostlar, tanışlar söhbətimizə baxacaqlar. Müəyyən elementlər var, onu təffərrüatına qədər qeyd etmək yersizdir. Ancaq onu deyim ki, münasibət ağılasığmaz oldu. Hər şey barədə düşünmüşdüm və həbsə qədər proqnoz vermişdim ki, məni nə gözləyir. Ancaq bu həddə insanlığa sığmayan münasibəti mən hesablamamışdım. Şükür ki, o yolu adladıq haqq-ədalət öz yerini möhkəmlətdi və azadlıqdayıq.

– Siz həbsdə olanda övladınız doğuldu..

– Sürpriz bir xəbər oldu övladım. Çox sevindim. Həyatın iki – sevinc və kədər üzünün olduğuna bir daha inandım. Həbsdə olarkən nənəmi itirdim. Çox sarsıldım. Etiraf etməliyəm ki, bu illərdə keçirdiyim məşəqqətli günlər nənəmi itirməyimin yanında kölgədə qaldı. Ancaq neyləməliyik?!

-Rüfət bəy, bu yaxınlarda prezident İlham Əliyev Azərbaycanın məhkəmə-hüquq sistemində islahatlara ciddi ehtiyac olduğunu deyib. Bir keçmiş hüquq işçisi kimi, sizin fikrinizcə, hansı islahatlara ehtiyac var?

– Bu sual ətrafında yaxın günlərdə daxili mərkəzləşmə keçdikdən sonra fikirlərim olacaq. Lakin ümumi formada bunu deyə bilərəm ki, bu gün heç kimə sirr deyil ki, Azərbaycanda mövcud olan məhkəmə-hüquq sistemi Prezident Administrasiyasının bir əlavəsidir, davamıdır. Əgər prezident belə bir fikir deyibsə, bu normal qarşılanmalıdır. Lakin bu, həyatda nə qədər reallaşacaq, bax, bu sual altındadır. Təxminən 30 ilə yaxındır Azərbaycanda mövcud olan hakim korpusu, müstəntiq-əməliyyatçı heyəti qanunvericiliyin diqtə etdiyi normaları deyil, icra hakimiyyətinin ortaya qoyduğu direktivləri icra etməkdən ibarət olub. Əgər Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmaq fikrindəyiksə, şübhəsiz ki, hakimiyyətin sərbəstliyini və müstəqilliyini tanımalıyıq. Buna qədərki təcrübələr məndə Azərbaycanda məhkəmə-hüquq sisteminin liberallaşmasına şübhə yeri qoyur. Lakin ümid edək. Biz də öz imkanlarımız həddində vaxtaşırı təklif və mülahizələrimizlə çıxış edəcəyik. Bütün hallarda düşünürəm ki, zamanla proseslər öz qaydasına düşəcək.

-Gələcək planlarınız haqda bir qədər danışın.

– Konkret fəaliyyət barədə qəti qərara gəlməmişəm. Lakin düşünürəm ki, seçəcəyimiz fəaliyyət növü həbsəqədər sərgilədiyimiz mövqeyin məntiqi davamı olmalıdır. Hesab edirəm ki, elə bir istiqamət və fəaliyyət növü seçməliyik ki, imkanlarımız həddində cəmiyyətə insanlara fayda verə bilək. Ümid edirəm və inanıram ki, bu fəaliyyət Azərbaycanda demokratiya bərqərar olana qədər davam edəcək və həmin günün gələcəyinə də mən qəlbən inanıram. O gün uzaqda deyil.

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədəki qanunsuzluqlara göz yummaqda ittiham etdikdən sonra istefaya çıxıb.

2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

bbc.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button