Ruhani dirçəliş zərurəti

SOYLU ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü

“20 Yanvar” fəlakətinin 21-ci ildönümünü qarşıladıq. Ancaq təəssüf ki, fəlakətin ağrısı canımızdan çıxıb. Dərs götürmədik, dərs götürmürük. Sadəcə bəzənirik – “Xiyaban”ımızdan tutmuş sözlərimizə, tədbirlərimizə, ziyarətimizə qədər hamısını bəzəyirik. Hər yan bəzək, hər tərəf bəzək. Metromuzu bəzəyirik, bəzədilmiş musiqilər səsləndiririk.
İçəridən və dışarıdan gözə görünməyən əllər Ruhumuza, Yurdumuza fəlakətlər yağdırır. Sonra fəlakətlərimizi bəzəmək öyrədirlər bizə. Şəhid edirlər Ruhumuzu, Yurdumuzu. Şəhidlik “yazıblar” alnımıza. Şəhidliyimizin nəticəsi doğrulmur sanki. Şəhidliyimiz xalqımıza azadlıq, firavanlıq verməliydi. Ancaq nəsillərimizdə ümidsizlik yarandı, gözüqıpıqlıq, qorxaqlıq qaldı.

21 ildir tədbirlər seriyası düzənlənir, gurultulu çıxışlar sərgilənir, müsabiqəyə qoşulmaq üçün yazılar düşünülür, xatirələr danışılır, boynumuzu bükük göstərən fotolar nümayiş etdirilir. “Xalqımız qəhrəman xalqdır, ölməyi bacarır” (yaşamağı da bacaraydı kaş), “Şəhidlərin qanı yerdə qalmayacaq” kimi şüarlar da təsəllimizi əks etdirir. Azərbaycan başdan-başa “Şəhidlər Xiyabanları”ndan ibarətdir. Bəzədilmiş məzarıstana çevrilib Yurdumuz. Görəsən “Şəhidlərimizin qanı yerdə qalmayacaq” nə deməkdir, bizimkilər ruslarımı qıracaq, Qorbaçovumu öldürəcəklər?! Axı bizim “İqtidar”ımız elan edir ki, Azərbaycanın Rusiya ilə heç bir problemi yoxdur. Normal əlaqələr, normal münasibətlər qurulub. Bəlkə Rusiya bizi suçlayır? Ki, Azərbaycanda qətl törədən SSRİ idi. Və azərbaycanlılar – qırılanlar, qıranlar da SSRİ-nin içində idilər. Daha biz Şəhidlərimizə görə kimi hədələməliyik?!

Yaxşı başqatmalardır. Siyasət çox qəribə cahilləşdirir cəmiyyəti. Siyasətin cəhaləti dinin cəhalətindən daha betər olub. Dinin yalanlarına heç kim yalan demir. Dini uydurmaları hamı doğru sayır. Ancaq siyasətin yalanlarını əksəriyyət doğru saymır, ancaq barışır, susur, dözür. Çünki cəhalət ürəkləri təpərsizləşdirib, qeyrətləri kəsərsizləşdirib.

xxx

Din demişkən, cəmiyyət illərin və illərdə ayların əhvalına “Məhərrəmlik” adında “qara günlər” bağlayır. İmam Hüseynə yas günü keçirir. Kütlə bəlli yerlərə toparlanır, emosiyalar qızışır, lənətlər oxunur, hədələr yağdırılır. Bütün davranışlar, bağırtılar hamısı hədə jestləridir. Bəs bu hədələr kimə qarşı yönəlir?! İmam Hüseynin 11 arxadönənindən bir kimsəsi Azərbaycanda yox. Eləcə də Yəzid ibn Müaviyənin 14 arxadönənindən bir kimsəsi hədəçilərə bəlli deyil. Sadəcə Azərbaycanda özlərini İmam Hüseynin tərəfdarları sayanlar var və özlərini Yəzidin tərəfdarı saymasalar da sünni tərəfdarı sayanlar var. Deməli, əslində İmam Hüseynin tərəfindən hiddət və nifrət yağdıranlar öz soydaşlarını, qan qardaşlarını hədəf götürürlər. Yenə gizli əllərin, gizli niyyətləri görünməyə başlayır. Xalqı bir-birinə qarşı qoymaq, parçalamaq şansı qüvvədə saxlanılır. Emosiyalar soyumamalı, ehtiraslar yatmamalıdır. Burada həm də Azərbaycanla Türkiyənin arasına uzanır “Məhərrəmlik sərhədləri”. “Azərbaycan şiəsi” və “Türkiyə sünnisi” arasında, yəni doğmaca qardaşlar arasında qorunan gizli düşmənçilik. Guya xalqımızın vahid inancı var. Ancaq bu “vahid inanc”ın bölücü siyasəti fəlakətli bir cəhalətlə təhdid edir xalqımızı. Dediyimiz kimi, Yəzidə qarşı sərgilənən nifrət əslində bu gün millətin sünni sayılan kəsiminə qarşı yönəlir, yönəldilir.

xxx

Müasir dünyanın yağılıqdan böyük ləyaqəti yoxdur. Hər yerdə qan-qada, hər gün nifrət. Dünya nifrət üstə təzələnir, nifrət üstə inkişaf edir. Nifrətin inkişafı, nifrətin təzələnməsi, genişlənməsi. Xalqların bir-birinə nifrəti – yadlığı, yağılığı. Bir də görürsən kütlə yığıldı, filan dövlətin bayrağını yandırdı. Bu nədir, kütlə xarici siyasətmi yürüdür?! Bəs dövlətlər nə üçündür?! Axı xarici siyasəti dövlət həll edir. Dövlətlər bir-birinə xəbərdarlıq etmək üçün kütləni etiraz etməyə çəkir, oyuna qoşur. Yəni “bizdə də demokratiyadır, xalq filan məsələyə öz etirazını bildirir”. Əslində bu oyunların mahiyyəti görünəndən daha dərindədir. Xalqlararası münasibətləri gərgin saxlamaq ağalığa, pulçuluğa xidmət edir. Xalqlarası münasibət normallaşıb humanizmə əsaslanarsa, həmrəylik yaranar, ümumbəşər səviyyəsində ədalətsizliyə, ağalığa qarşı etirazlar dalğası genişlənə bilər. Xalqlar bir-birindən dərs alar, güc alar. Ancaq xalqlararası münasibətlər gərgin saxlandıqca hər bir xalq özünü başqalarından qorumaq üçün başında duran ağalara, ağalığa dözməli olur. Elə buna görədir ki, heç kim hesab sormur ki, bu Demokratiya bəşəriyyətə nə vəd edir, hara qədər nifrət, hara qədər anarxiya, qan-qada?!

Xalqlararası münasibətlərdə yağılıq nə vaxt aradan qalxacaq, bəşəriyyət nə vaxt nifrəti ötüb sevgi mərhələsinə başlayacaq?! Hesab edirik ki, bu sualların cavabını Asif Atanın Mütləqə İnam Dünyabaxışından almaq mümkündür…

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button