“Rus qanunu”na dəyişiklik edilib: Məlumatlarını nazirliyə təqdim etməyən fiziki şəxslər cərimələnəcək

Yayımlandı: 24 May 2024 15:29

Mərkəz rəhbərinin fikrincə, bu qanun ölkənin demokratik inkişafına ağır zərbə vurur

Hakim “Gürcü Arzusu” Partiyası “Xarici təsirin şəffaflığı haqqında” qanunun üçüncü oxunuşunda fiziki şəxslərə Ədliyyə Nazirliyi tərəfindən tələb olunan məlumatı təqdim etmək öhdəliyi qoyan dəyişiklik də edib.

Nazirlik şəxsin siyasi, dini, fəlsəfi əqidəsi, sağlamlıq vəziyyəti, eləcə də cinsi həyatı ilə bağlı məlumatları da tələb edə biləcək. Məlumatlar təqdim edilməzsə, şəxsə 5000 lari (312 manat) cərimə nəzərdə tutulur. Məlum olan dəyişiklik qanunun son variantında, 8-ci maddənin 3-cü hissəsində öz əksini tapıb.

Gürcüstandakı Mülki İştirak və Aktivizm Mərkəzinin (CEAC) rəhbəri Rəşan Ziyadəliyev Meydan TV-yə deyib ki, sözügedən “rus qanunu”nda indiyə qədər yalnız media qurumları və qeyri-hökumət təşkilatları nəzərdə tutulurdusa, indi əlavə edilmiş maddələrlə Ədliyyə Nazirliyi istənilən fiziki, hüquqi şəxsi, qurumu, universiteti, məktəbi, bankı nəzarətdə saxlaya biləcək:

“Bir neçə gün əvvəl Avropanın ən yüksək ekspert institutu olan Venesiya Komissiyası qanunun Avropa İttifaqının normalarına uyğun olmadığını və “rus qanunu”nun geri götürülməli olduğunu bildirdi. Eyni zamanda Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, NATO, ATƏT, ABŞ və Gürcüstanın digər beynəlxalq tərəfdaşları, dost ölkələri qanunun avtoritar xarakter daşıdığını və qanun layihəsinin demokratiyaya uyğun olmadığını bəyan ediblər”.

“Təqdim edilən qanun layihəsi vətəndaş cəmiyyətinin roluna, insan hüquqlarının praktiki müdafiəsi və müdafiə mexanizmlərinə, etnik və dini müxtəlifliyin qorunmasına, cəmiyyətdə mədəni və sosial məsuliyyətin tam şəkildə həyata keçirilməsinə, ölkənin demokratik inkişafına ağır zərbə vurur”,- deyə Rəşan Ziyadəliyev bildirib.

Mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul edib. 84 deputat qanun layihəsinin “lehinə”, 30 deputat “əleyhinə” səs verib, 58 deputat isə bitərəf qalıb. Səsvermədən bir gün əvvəl Gürcüstan parlamentinin hüquq komitəsi 67 saniyə ərzində qanun layihəsini üçüncü oxunuşda nəzərdən keçirib və təsdiqləyib.

Mayın 18-də Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında ” qanuna veto qoyub. Buna baxmayaraq “Gürcü Arzusu” Partiyası qanun layihəsini yenidən parlamentdə qəbul edilməsi üçün təqdim edəcəyini bəyan edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button