Rusbaşlı deputat Cümhuriyyətə nifrət püskürdü-YENƏ ARİF!

Bu günlərdə Cümhuriyyətin 100 illiyinə həsr olunan bir sənədli filmin təqdimatında çıxış edən Orxan Fikrətoğlu maraqlı fikir səsləndirdi. Dedi ki, Cümhuriyyətin banilərinin fotolarından göründüyü kimi, bu insanlarda sanki mələk siması var və mələklər kimi qısa müddətdə bu xalqın gələcəyi üçün tarixi addımlar atıb, qeyb oldular…

Ancaq Azərbaycanda başqa simalar da var. Elə simalar ki, onları mələyə bənzətmək üçün özün şeytan xislətində olmalısan…
Hərdən adama elə gəlir ki, bəzi deputatlarımız Rusiya Dumasında yer olmadığı üçün bizim parlamentə göndəriliblər. Onlar da hərdən reallıq hissini itirərək, özlərini Azərbaycanın yox, Rusiyanın parlamentində bilir və onun maraqlarını müdafiə edirlər.
Kimin necə seçdiyini bilmədiyimiz deputat Arif Rəhimzadə – bu adamın adı 1991-ci ildə müstəqilliyimizin əleyhinə səs verənlər sırasında ən başda durur. Adam az qala 30 ildir deputatdır – bilmək olmur xalq onun hansı xüsusiyyətinə heyran olub ki, gah bu, gah da başqa dairədən deputat seçir… O da hər imkan tapan kimi, gah türkçülüyə, gah Azərbaycanın milli-azadlıq hərəkatına, gah da başqa dəyərlərimizə qarşı açıq-aşkar nifrətini, ölkəmizin müstəqilliyinə, milli-mədəni dəyərlərinə və ən nəhayət, ərazilərimizə qənim kəsilən Rusiyaya və onun sələfi olan SSRİ-yə sonsuz sevgisini gizlədə bilmir. Bu nifrət silsiləsindən son açıqlama isə Cümhuriyyətin 100 illiyinin qeyd olunmasından dərhal sonraya təsadüf etdi.

Görünür, xalqımızın Cümhuriyyət qurucularına bu dərəcədə səmimi sevgisini və rəğbətini heç cür gözləmirdi. Və bu möhtəşəm sevgini heç cür həzm edə bilmir Arif müəllim! Bunun nəticəsidir ki, müstəqil Azərbaycanın Mİlli Məclisində oturub, dövlət səviyyəsində Cümhuriyyətin 100 illiyinin qeyd edildiyi bir dönəmdə dövlətə, millətə və elə ölkənin hazırkı hökumətinə, rəhbərliyinə meydan oxuyur – “Azərbaycan dövlətini sovet hökuməti qurub…” – deyir. Soruşan da yoxdur ki, bəs 1918-ci ildə qurulan hansı dövlətdir və bu gün dövlət səviyyəsində hansı Cümhuriyyətin 100 illiyi qeyd olunur?

Axı bugünkü dövlətçiliyimizin bərpasında iştirak etmiş hər bir siyasi və ictimai xadim və nəhayət, Heydər Əliyev özü də bugünkü Azərbaycanın Sovet hökumətinin yox, Azərbaycan Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib! Xalqın üzünə ağ olmağı anladıq, bəs sizin indiyə qədərki siyasi varlığınızın yeganə səbəbi olan indiki hökumətin üzünə qayıtmağa nə ad vermək olar?

Ümumiyyətlə, Soveti və onun ideologiyasını bütün varlığı ilə sevən və müdafiə edən birisinin bu xalqa canı-dildən xidmət etdiyinə inanmaq axmaqlıq deyilmi? Və nəhayət, nədən bu adam Rusiya deyil, Azərbaycan parlamentində oturur?…

Həmin son çıxışında bu deputat deyir ki, sovet dövründə kommunistlərin adları verilən yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi düzgün deyil. Ancaq onun çox sevdiyi ruslar demişkən, “поезд ушел!”. İstəsəniz də, istəməsəniz də bu ölkənin tarixində 26 Bakı komissarı tipində bolşevik “qəhrəmanlar”ın izi-tozu da qalmayacaq, elə bugün onların Rusiyadakı tör-töküntülərinin qulluğunda duranların da…

 

AzPolitika.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button