Rusiya Azərbaycana həsəd aparacaq

Azərbaycan-Rusiya münasibətlərinin inkişaf perspektivləri

Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətinin qarşısında duran ən mühüm problemlərdən biridir. Moskva əsrlər boyu bütün Qafqaz regionuna əhəmiyyətli təsir göstərmiş, çox vaxt xalqların taleyini həll etmişdir. SSRİ-nin dağılması Azərbaycan, Gürcüstan və Ermənistana müstəqillik əldə etməyə imkan verdi, lakin Rusiya regionda xarici və təhlükəsizlik siyasətini və inkişaf perspektivlərini müəyyən edən ən güclü oyunçu olaraq qalmağa davam etdi. Moskvanın roluna etiraz etmək cəhdləri, Gürcüstan məsələsində, hərbi müdaxilə ilə nəticələndi.

İndiki və əvvəlki Azərbaycan prezidentlərinin müdrik siyasəti oxşar aqibətdən qaçmağa imkan verib. Rəsmi Bakının özünü Rusiya ilə Qərbin oyunlarına sürüklənməsinə imkan verməməyi sayəsində biz onların qurbanı olmadıq.

Azərbaycan hakimiyyəti Rusiyaya qarşı balanslaşdırılmış siyasət yürütməyə çalışır. Buna misal olaraq, prezident İ.Əliyevin bu ilin fevralında ikitərəfli hərbi əməkdaşlıq haqqında sazişin imzalanması ilə yekunlaşan Moskvaya səfərini göstərmək olar. Bəzi Qərb ölkələri Bakını az qala Kremllə müttəfiq olmaqda ittiham edirdilər. Lakin onlar unudublar ki, Azərbaycan hakimiyyəti ilk növbədə öz xalqının təhlükəsizliyi, firavanlığı və gələcəyi üçün məsuliyyət daşıyır. Bu gün Qərb bizə rus karbohidrogenlərindən olan asılılıqlarından qurtulmağa kömək etməyimiz üçün müraciət edir.

Ukraynadakı müharibənin indiyəqədərki gedişi Moskvanın beynəlxalq mövqelərini və bununla da qonşularına real təsir imkanlarını zəiflədib. Buna uyğun olaraq, vəziyyətdən istifadə etmək və “Moskvanın kuratorluğundan qurtulmaq” çağırışları artıq mövcuddur.

Hətta çox zəifləmiş Rusiya belə, öz ərazisinə qonşu olan ərazilərdə hələ də “məhv etmə potensialını” saxlayır. Bu, azərbaycanlıların dinc və firavan gələcək qurma arzularını asanlıqla məhv edə bilər.

Birinci Dünya Müharibəsindən sonra rusların etdikləri səhvlər yaxşı yadımızdadır. Yaxşı yadımızdadır ki, Dağlıq Qarabağ ermənilərinə Azərbaycan qüvvələrini məğlub etməkdə kim kömək edib. Yaxşı yadımızdadır ki, Xocalıda qətlə yetirilən dinc əhaliyə kömək əlini kim uzatmayıb. Ona görə də tarixi fürsətdən istifadə etmək və Rusiyanın regionumuzdakı təsirini və potensialını mümkün qədər zəiflətmək üçün mümkün olan hər şeyi etmək lazımdır. Bunu edərkən ağıl, səbr və ardıcıllıq əsirgənməməlidir.

Sual verilməlidir ki, Moskvanın Azərbaycana təsirini necə tez və davamlı şəkildə azaltmaq olar. Həll yolu azərbaycanlılar ilə ermənilər arasında qalıcı və ədalətli sülh kimi görünür. Nəzərə alsaq ki, indi ermənilər həm müharibədəki məğlubiyyətlərindən dolayı həm də Rusiyanın Ukraynadakı biabırçılığı qarşısında şokdadırlar, bu, Azərbaycan xalqının müdriklik nümayiş etdirib məğlub və zəifləmiş düşməninə “əl uzatması” üçün yaxşı vaxtdır. Bu faktı qəbul etmək lazımdır ki, ermənilər həmişə bizim qonşumuz olub və qalacaqlar. Bu gün onlarda ötən əsrin son rübündə göstərdikləri özünə inam artıq yoxdur. Ona görə də ümid var ki, onlara uzadılan əli minnətdarlıqlarını göstərərək qəbul edəcəklər.

Əgər azərbaycanlılarla ermənilər arasında heç bir tərəfin özünün alçaldıldığını hiss etmədiyi davamlı və ədalətli sülh olarsa, Moskva Azərbaycana təsir etmək üçün ən mühüm alətini itirəcək. Qalan işi isə regiondakı sürətli iqtisadi və mədəni inkişaf özü görəcək. Sülh əldə olunandan sonra Azərbaycan-Ermənistan-Gürcüstan, enerji sahəsi də daxil olmaqla, birgə iqtisadi layihələrinin həyata keçirilməsinə əngəl olan bütün maneələr aradan qalxacaq. Bölgəyə daha çox xarici kapital axını olacaq və bu, mütləq şəkildə Azərbaycan iqtisadiyyatına əlavə dinamizm verəcək.

Əgər ehtiyatı qorusaq bir az da şansın köməyi ilə, bir neçə ildən sonra ruslar bizim həyat səviyyəmizə və gələcək perspektivlərimizə həsəd aparacaqlar. O zaman xalqlarımız arasında münasibətlərin xarakteri kökündən və ümidvarıq ki, əbədi olaraq dəyişəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button