Rusiya blogger Elvin İsayevi Azərbaycana deportasiya edir

Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılan, internet platformalarında aktivlik göstərən blogger Elvin İsayevin Bakıya deportasiya ediləcəyi gözlənilir.

Xural.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Elvin İsayevin saxlanıldığı haqda onun vəkilləri bu gün –  avqustun 26-da danışıblar. İsayev ötən şənbə günü-avqustun 24-də saxlanılıb və polis bölməsinə aparılıb. Onu Petro-Slavyanka küçəsindəki evinin yanında tutublar. Vəkilin bildirdiyinə görə, 39 yaşlı blogger Rusiyanın İnzibati Hüquqpozmalar Məcəlləsinin 18.8 maddəsi ilə üzləşib. Həmin maddə xarici ölkə sakininin və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən  Rusiya ərazisində qalma qaydalarının pozulmasını nəzərdə tutur. Həmin maddəyə əsasən İsayevi deportasiya gözləyir.

Bildirilir ki, Elvin İsayev on illərdir Sankt-Peterburqda yaşayır, orada peterburqlu qadın ilə evlənib və iki oğlu var. 2014-cü ildən Rusiya vətəndaşlığı alıb. Lakin vəkil deyir ki, onun pasportu artıq ləğv olunub.

İsayevin həmyerliləri avqustun 25-də onun saxlanıldığı polis bölməsinin qarşısına toplaşıblar, amma heç bir nəticə əldə edə bilməyiblər. Toplaşanları bölməyə aparıb barmaq izlərini götürüblər və buraxıblar.

E.İsayevin barəsində Azərbaycan hüquq-mühafizə orqanlarının hansısa təhqiqat apardığı məlum deyil.

Xural.com xəbər verir ki, hazırda dünyanın bir çox ölkəsində Elvin İsayevin azadlığa buraxılması üçün kampaniyalar başlayıb. Onu müdafiə edənlər Rusiyanın Elvini Azərbaycana təhvil verməməsi üçün təşkilatlanır və tələb edirlər ki, Rusiya Elvini ərazisindən çıxarmağa qərar verəcəksə, onu 3-cü ölkəyə verməlidir. Elvin İsayevin Azərbaycan hakimiyyətinə qarşı sərt mübarizə apardığı bilinir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button