Rusiya gəmiləri Kubaya yan alır

Kuba hakimiyyəti gələn həftə “Kazan” nüvə sualtı qayığı və “Admiral Qorşkov” raket freqatı da daxil, dörd Rusiya gəmisinin Havanaya gələcəyini elan edib. Eyni zamanda, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin nüvə silahı daşımadığı və bölgə üçün təhlükə yaratmadığı vurğulanıb.

Bu barədə “Reuters” xəbər verir.

“Səfər Kuba ilə Rusiya arasında tarixən formalaşmış dostluq münasibətlərinə uyğundur”, – Kuba Xarici İşlər Nazirliyinin iyunun 6-da yaydığı bəyanatda bildirilir.

İyunun 5-də isə ABŞ administrasiyasındakı mənbə də Rusiyanın Karib hövzəsinə, o cümlədən Venesuela və Kubadakı müttəfiqlərə dəniz təlimləri keçirmək üçün hərbi gəmilər göndərmək planlarından bəhs etmişdi.

Vaşinqton və Moskva arasındakı gərginlik Rusiya ordusu 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı təcavüzə başladıqdan sonra kəskin şəkildə artıb. Vaşinqtonda Birləşmiş Ştatların Ukraynaya dəstəyi səbəbindən Atlantika okeanında Rusiya donanmasının fəallığının artmasına diqqət çəkirlər.

ABŞ-da az sayda təyyarə və gəminin gözlənilən gəlişini təhlükə hesab etmədiklərini, lakin Hərbi Dəniz Qüvvələrinin təlimləri izləmək niyyətində olduğunu vurğulayıblar.

Kuba rəhbərliyinin məlumatına görə, Rusiya gəmilərinin Havanaya iyunun 12-dən 17-dək çatması gözlənilir.

“Soyuq müharibə” dövründə Kubada, ABŞ sahillərinin yaxınlığında həm adi, həm də atom silahları ilə təchiz edilən Sovet bölmələrinin yerləşdirilməsi 1962-ci ildə Karib böhranına səbəb olmuşdu. Bu, qlobal nüvə müharibəsinə səbəb ola bilərdi. Lakin sonradan SSRİ-nin nüvə başlıqlarını geri çəkməsi ilə böhran aradan qalxmışdı.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button