Rusiya işğalı Ukraynada uşaqların təhsilinə belə təsir göstərir

Rusiyanın Ukraynada apardığı müharibə uşaqların rifahına və təhsilinə böyük mənfi təsir göstərib, minlərlə məktəb və bağça dağılıb, milyonlarla gəncin təhsilə çıxışına əngəl yaranıb.

Bunu “Human Rights Watch” insan haqları təşkilatı noyabrın 9-da yaydığı hesabatda və videoda bildirir.

“Oyun meydançasında tanklar” adlı 71 səhifəlik hesabatda Ukrayna hökumətinin statistikasına əsasən qeyd olunur ki, müharibə başlayandan Ukraynada 3 min 790 təhsil ocağı dağıdılıb, yaxud ziyan görüb. Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı işğala başlayıb.

Hesabat Ukraynanın Kiyev, Xarkov, Çerniqov və Nikolayev vilayətlərinə fokuslanır. Sənəddə deyilir ki, məktəblər və bağçalar hava zərbələri, atəş, hətta kaset bombaları ilə hədəfə alınıb. Kaset bombaları dinc sakinlərə dağıdıcı təsirinə görə 112 ölkədə qadağan olunub. Ancaq Rusiya və Ukrayna onları qadağan etməyib.

HRW hesabatında onu da qeyd edir ki, Rusiya əsgərləri nəzarətlərinə keçən ərazilərdə Ukraynanın təhsil ocaqlarını qarət və talan edib. Bu isə hərbi cinayət sayılır.

“Ukraynalı uşaqlar bu müharibədə ağır bədəl ödəyiblər, çünki onların təhsilinə hücumlar gələcəklərinə hücum deməkdir”, – HRW-in Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson (Hugh Williamson) vurğulayıb.

“Beynəlxalq ictimaiyyət Ukraynada məktəblərin ziyan vurulması və dağıdılmasını, Rusiya qüvvələri tərəfindən talan olunmasını pisləməlidir”, – Uilyamson hesabatı açıqlayarkən söyləyib.

HRW dörd vilayətdə 50 təhsil ocağında sənədləşmə aparıb, 90-a yaxın məktəb rəsmisini, yerli məmurları, hərbi əməliyyatların şahidlərini danışdırıb.

Hesabata görə, işğalçı Rusiya qüvvələri tutduqları təhsil ocaqlarını, demək olar, hər şeydən məhrum edib – kompüterlərini, televizorlarını, interaktiv lövhələrini, hətta yemək sistemlərini dağıdıb, divarlarda ukraynalılara qarşı nifrət dolu yazılar həkk edib.

“Dünyanın bir çox ölkələri, o cümlədən Avropa İttifaqı və NATO üzvləri təhsili hücumdan qorumağa boyun olublar. Ukraynada uşaqların, başqa yerlərdəki uşaqlar kimi, təhsil hüququ var və müharibəyə baxmayaraq, bu vacib hüquq qorunmalıdır”, – Uilyamson vurğulayıb.

Hesabat beynəlxalq donorları və humanitar agentlikləri Ukrayna hökumətinin məktəbləri bərpa etmək səylərinə mümkün qədər tez dəstək verməyə çağırır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button