Rusiya jurnalist Nevzorov və həyat yoldaşını 'ekstremist qrup' elan edir

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

İyulun 2-də Sankt-Peterburq məhkəməsi Rusiyanın tanınmış TV jurnalistləri Aleksandr Nevzorov və həyat yoldaşı Lidiyanı “ekstremist qrup” elan edərək onların Leninqrad vilayətindəki mülkiyyətinin müsadirəsinə dair qərar çıxarıb.

Nevzorovun vəkili Aleksey Pryanişnikov deyib ki, məhkəmə qərarında mühacirətdə yaşayan jurnalistin əmlakının, avtomobilinin və özəl biznesdəki payının müsadirəsi nəzərdə tutulur.

2022-ci ildə Moskvanın Ukraynaya qarşı tammiqyaslı işğalını pisləyən Nevzorov Avropa İttifaqına üzv ölkəyə qaçıb. O, Telegram-da yazıb ki, Rusiya hakimiyyəti iki ay ərzində onunla sövdələşməyə gedib məhkəmədən “yaxşı” qərar qarşılığında Rusiyanın Ukraynaya qarşı təcavüzü məsələsində mövqeyini dəyişməsi üçün dilə tutmağa çalışıb.

“Azadlığın bədəli böyükdür. Ancaq bu bədəllərin heç biri həddən artıq ola bilməz”, – Nevzorov yazıb.

Ötən ilin fevralında Moskvada məhkəmə Nevzorovu Rusiya silahlı qüvvələrini nüfuzdan salmaq ittihamı ilə qiyabi olaraq 8 il azadlıqdan məhrum edib.

2022-ci ilin martında İstintaq Komitəsi Nevzorovun Instagram və YouTube-dakı bəyanatları üzrə təhqiqat başladıb. Jurnalist Rusiya qüvvələrini Ukraynanın Mariupol şəhərində doğum evinə ölümcül zərbəyə və Buçada dinc sakinlərə işgəncə verilməsi və qətlinə görə tənqid edib.

2022-ci ilin iyununda Ukrayna prezidenti Volodimir Zelenski Nevzorov və həyat yoldaşına Ukrayna üçün “misilsiz” xidmətlərinə görə Ukrayna vətəndaşlığı verib.

Həmin ilin fevralında Ukraynanı işğal etməyə başlayan prezident Vladimir Putin Rusiyanın hərbi əməliyyatları barədə “bilərəkdən” saxta informasiya yaymağa görə uzunmüddətli həbs cəzaları nəzərdə tutan qanunu imzalayıb. Bu, Kremlin Ukraynadakı müharibə ilə bağlı informasiyanı nəzarətdə saxlamaq səylərinin bir hissəsi idi.

Qanunu pozanlar üçün 10 ilədək həbs nəzərdə tutulub. Rusiya ordusu haqda “bilərəkdən” saxta informasiya yaymaq “ağır” nəticələrə gətirərsə, bunun cəzası 15 il həbsdir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button