Rusiya ordusunda xidmət təşviq edilir, DİN araşdırır
Son günlər sosial şəbəkələrdə Rusiya ordusunda müqaviləli xidməti təşviq edən azərbaycanca vərəqələrin şəkilləri paylaşılır.
“Babalarımız kimi çiyin-çiyinə duraq” başlıqlı həmin vərəqələrdə Rusiya ordusunda müqaviləli xidmət əvəzində bu ölkənin vətəndaşlığı, yüksək pul mükafatı, sosial təminatlar və ailənin rifahı təklif edilir.
Həmin bukletlərin Bakıda, yoxsa Rusiyada paylandığı, hələlik, məlum deyil.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Turan”a bildirilib ki, qurum bu barədə məlumatlıdır, məsələ araşdırılır və əlavə məlumat veriləcək.
Ötən il fevralın 24-də Rusiya Ukraynaya təcavüz edib. Bu müddət ərzində milyonlarla insanın öz evindən didərgin düşdüyü, on minlərcə insanın isə həlak olduğu bildirilir.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərb və dünyanın bir çox ölkələri Rusiyaya sanksiyaları genişləndirib. 2014-cü ildə Rusiya Ukrayna ərazisi olan Krimi ilhaq edəndən sonra ona sanksiyalar başlamışdı. Azərbaycan sanksiyalara qoşulmur.