Rusiya ordusunun Kadrlar İdarəsinin rəisi saxlanılıb

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov saxlanılıb. Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

General-leytenant Kuznetsov cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqını Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi aparır. Müstəntiq general barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib.

Hüquq-mühafizə orqanları nümayəndəsinin sözlərinə görə, Kuznetsovun iş yerində, eləcə də evində axtarış aparılıb. Cinayət işinin digər təfərrüatları barədə məlumat verilmir.

2010-2023-cü illərdə Kuznetsov Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu orqan Müdafiə Nazirliyinin tərkibində dövlət sirrinin mühafizəsi xidmətinin məsələləri ilə məşğul olur.

Kuznetsov 2023-cü ilin mayında Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Rusiya Müdafiə Nazirliyində ən mühüm kadr dəyişikliyi ötən ay başlayıb. Aprelin 23-də İstintaq Komitəsi nazirliyin rəis müavini general Timur İvanovun rüşvət almaqda şübhəli bilinərək saxlanıldığını elan edib. İvanov hərbi tikinti kompleksinə nəzarət edirdi.

Ertəsi gün Moskvanın Basman məhkəməsi istintaqın tələbi ilə generalı iyunun 23-dək həbsə göndərib.

Onunla birlikdə iş üzrə digər təqsirləndirilən – işadamı Sergey Borodin iki ay müddətinə həbs edilib. Aprelin 25-də üçüncü təqsirləndirilən – “Olimpsitistroy” şirkətinin təsisçisi Aleksandr Fominin həbsi barədə məlumat yayılıb. O, rüşvət verməkdə ittiham olunur.

Mayın 12-də Şoyqunun müdafiə naziri vəzifəsindən uzaqlaşdırılması ilə bağlı rəsmi məlumat yayılıb. O, Nikolay Patruşevin yerinə yeni təyinat – Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vəzifəsini alıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button