Rusiya Qarabağda baş konsulluq açmaq istəyir

Moskva Xankəndi şəhərində baş konsulluq açmaq niyyətindədir və bu işdə Azərbaycanın dəstəyinə ümid edir. Bunu Rusiya Federasiya Şurası Xarici əlaqələr komitəsinin sədri Qriqori Karasin deyib.

“İkitərəfli məsələlərdən Xankəndində baş konsulluğun açılmasını qeyd edərdim. Biz bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – Karasin Səməd Seyidovun rəhbərlik etdiyi bir qrup azərbaycanlı deputat ilə görüşündə bildirib.

Rusiyalı senator baş konsulluğun açılışının bu il baş tutacağına ümidvar olduğunu bildirib. “Bu, bizə qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmağa imkan verəcək”, – Karasin əlavə edib.

Xankəndi şəhəri 2023-cü ilin sentyabrında bir günlük hərbi əməliyyat zamanı erməni silahlı birləşmələrindən azad edilib. Bakı bunu “lokal antiterror tədbirlər”i, Yerevan isə “etnik təmizlənmə” kimi dəyərləndirib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button