Rusiya üzərindən ABŞ-a uçuşlara qadağa qoyulması istənilir

Amerika aviaşirkətləri Ağ Evi və Konqresi xarici aviaşirkətlərin Rusiya hava məkanından ABŞ-a uçmasını qadağan etməyə çağırırlar.

Bu barədə New York Times öz mənbələrinə istinadən xəbər verir.

Amerika aviaşirkətləri Asiyaya ən qısa marşrutlarla – Şimal Buzlu Okean və Rusiyadan keçməklə uça bilmədiklərinə görə, Asiya rəqibləri ilə müqayisədə böyük əlverişsiz vəziyyətdə olduqlarından şikayətlənirlər.

Beləki Ukraynaya müdaxiləyə görə ABŞ-ın Rusiya aviadaşıyıcılarına qoyduğu qadağalardan sonra Rusiya da qarşılıq olaraq öz hava məkanını ABŞ təyyarələrinə bağlayıb.

Bu səbəbdən Amerika aviaşirkətləri marşrutları uzatmalı, faydalı yükləri azaltmalı olurlar. Onlardan fərqli olaraq digər xarici şirkətlərin təyyarələri uçuşa daha az vaxt sərf edir və bu qiymət fərqinə səbəb olur.

Hava yolları lobbi qrupu hesab edir ki, Amerika şirkətləri bir il ərzində təxminən 2 milyard dollar itirib. Bu səbəbədən də qrup ABŞ hakimiyyətini Amerika və xarici hava daşıyıcıları arasında rəqabət üçün bərabər şərait yaratmağa çağırır.

“New York Times” qəzetinin məlumatına görə, Nəqliyyat Departamenti Çin aviaşirkətlərinə ABŞ-a uçuşlar zamanı Rusiya hava məkanından istifadə etməyi qadağan edən sərəncam layihəsi hazırlayıb.

Qəzetə görə, Bayden administrasiyası Hindistan aviaşirkəti ilə bağlı da eyni addımı atmağın Dehli ilə arzuolunmaz nəticələrə səbəb ola biləcəyindən ehtiyat edir.

Belə qadağa təklifinə müsbət yanaşan Senatın Xarici Siyasət Komitəsinin sədrləri Bob Menendez və Cim Riş Dövlət Departamentinə və Nəqliyyat Departamentinə göndərdikləri məktubda qeyd edirlər ki, Rusiya ərazisi üzərindən uçuşlar zamanı aviaşirkətlər təcili eniş etməli və ya məcburi eniş etməli olduqları vəziyyətə düşə bilərlər.

Belə hallarda təyyarədə olan Amerika vətəndaşları Rusiya hakimiyyətinin diqqət obyektinə çevrilə bilər. Qadağanın tərəfdarları həmçinin vurğulayırlar ki, Rusiya müharibə şəraitindədir və bu, onun ərazisi üzərində uçuşlar üçün təhlükə yarada bilər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button