RUSİYADA FORMAL DİASPORAMIZ VAR!

Əmirxan İsmayılov: «Əli Əhmədovun, Siyavuş Novruzovun, Mübariz Qurbanlının danışıqlarına qulaq asıram və fikirləşirəm – bu yalanla hara qədər getmək mümkündür?»

 Əmirxan İsmayılov Milli Azadlıq Hərəkatının önəmli simalarından biridir. Azadlıq qığılcımlarının alovlandığı illərdə ilk gündən bu alovun üzərinə özünü atanlardan olu. AXC Müdafiə Komitəsində Şirvan zonası üzrə əlaqələndirici, AXC-də Ümumi Şöbənin baş təlimatçısı, Azərbaycan Müdafiə Şurasında Tahir Əliyevin müavini olub. Bütün kritik mərhələlərdə millətin vurucu güclərindən biri olub. Başı olmazın bəlalar çəkib. Hələ sovet imperiyasının yaşadığı o mənhus illərdə yaşadığ Şamaxı şəhərindən repressiya olunub. Yaşadığı doğma şəhərini tərk etməli olub.

Əmirxan müəllim uzun və mənalı bu illər boyu maraqlıdır ki, bir dəfə də mətbuata danışmayıb. Xüsusilə, Əbülfəz Elçibəyin hakimiyyətdən getməsindən sonra bir çox hərəkatçılar kimi olmazın işgəncələrə məruz qalıb. Onu elə günə salıblar ki, başını götürüb ölkədən qaçıb. Rusiyanın Moskva şəhərində yaşayır və orada fəaliyyət göstərir.

Uzun illərdir insan hüquqları sahəsində fəaliyyət göstərən Əmirxan İsmayılov qonağımızdır. Bu fədakar, cəfakeş, milli mənafelər uğrunda yorulmaz mübarizə aparan millət oğlunu sən də tanı, Əziz «Xural» Oxucusu…

Əmirxan İsmayılovla söhbətə 1980-ci illərin əvvəllərindən körpü salırıq… KQB-nin başına açdığı oyunlardan danışır…

Əvvəli ötən saylarımızda

 – Rusiyada diasporamız hər hansı bir iş görürmü?

– Ancaq formal diasporamız var. Prezident Moskvaya gələndən-gələnə toplaşıb, nəsə elədiklərini göstərməyə çalışırlar. Mənə bir neçə dəfə zəng elədilər, bildirdilər ki, onların da arasında qruplaşma var. Birinin başında Oktay Hüseynovdur, digərində yeni seçilən Tahir müəllimdir. Onlar da hələlik özlərinə simsar bildikləri adamları ora cəlb edirlər. Faktdır ki, kasıba, imkansza, ehtiyacı olana əl uzadan yeganə adam Tahir müəllimdir. Göyçaylıdır, çox güclü iş adamıdır. İnşaat sektorunda çalışır, böyük bazaları var. İndi də onu diasporaya sədr seçdilər, haradasa üç aydır. Özü də gözəl insandır. Orada məktəb açıb, Azərbaycan dilindən dərs keçirlər. Orada doğulan uşaqlar Azərbaycan dilindən bixəbərdirlər, Azərbaycan tarixini bilmirlər. Adam gərək ağa ağ, qaraya qara deyə. Mənim Tahirdən umacağım heç nə yoxdur. Sadəcə gərək vicdanım qarşısında düz danışam. Amma səfirliyin ətrafında yığılan diaspora üzvləri var ki, onların heç bir fəaliyyəti yoxdur. Ayda, ildə bir dəfə qəzet çıxarırlar. Həmin qəzeti mən də oxuyuram. Həmin qəzet Moskva və Moskvaətrafı bölgələrdə yayılır. Rusiyada 3 milyona yaxın azərbaycanlı var, onların da yarıdan çoxu Moskvada yaşayır. Burada bunu dansalar da, faktdır. Seçkilər zamanı Nazim İbrahimov gəlmişdi. Telmanla bir yerdə səs yığırdılar. Dayana bilmədim, dedim, ayıb deyil? Bu nə hərəkətdir, edirsiniz? İnsanlar imkan verin kimə istəyirlər, ona da səs versinlər. Pulla heç kimi məcbur eləmək olmaz ki, səhər tezdən səfirliyə gedib, kiməsə səs versin.  Lüzumsuz yığıncaqlar… Bir dəfə Xocalı filmini yayımlamaq üçün «Baykanur» kinoteatrını icarəyə götürdülər, 450-500 adam gəldi. Onda Xocalı ilə bağlı çəkilən filmlərin diskini, şəkilləri, broşür və bukletləri payladıq. Mənə gəlincə, hər 2-3 ildən bir 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan təşkil edirəm. Bir il İmam ehsanı, o biri il 20 Yanvar şəhidlərinə ehsan verirəm. Bütün ağsaqqallar bir yerə yığılaraq məni İstra, Volokalanski, Ruza şəhərlərinin ağsaqqalı seçiblər. Diasporanın regional sədri kimi tanıyırlar. Bunu keçirilən toplantının videoçəkilişləri də göstərir. Onların xeyir-şəri mənsiz keçirilmir, hər zaman məsləhət alırlar. İstənilən anda telefonuma zəng vurub, istəklərini bildirirlər. Mənim də arzum, amalım, məqsədim Rusiyada yaşayan azəri qardaşlarımıza bacardığım köməyi göstərmək, onları əzməyə imkan verməməkdir. Bunun üçün bütün hüquqi norma və qanunlardan istifadə edirəm. Çingiz Qəniyevə gəlincə, o, hər zaman bizi istiqamətləndirir, lazımi məsləhətlər verir. Bu gün də fəxr edirəm ki, məhz Çingiz müəllimin məsləhətini dinlədim və bu gün də bu sahədəyəm.

– Azərbaycan, onun müxalifəti, siyasi partiyaları Rusiyadan necə görünür?

– Hər bir halda həqiqəti deməkdən yanayam. Amma indi vətəndaşların fikrini bildirəcəm, çünki mənim bu məsələyə baxışlarım tamamilə fərqlidir – Azərbaycan hakimiyyəti Heydər Əliyev rejiminin davamıdır. Bir az da kəskin şəkildə davam edir. Mən arzu edərdim ki, Azərbaycana təbii sərvətləri bahasına gələn pul vəsaitləri bir az da mərmərləşmə, asfaltlaşma, üzləşdirilmə və s. kimi işlərdən kəsilsin və vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndirilsin. İşsizlik aradan qaldırılsın, vətəndaş evinə çörək pulu aparmaq üçün çox düşünməsin, əzab çəkməsin. Dövlət məmurlarının məvacibləri o həddə çatdırılsın ki, rüşvət almaq üçün müəllim simasını itirməsin. Uzun illərdir tanıdığım bir müəllim qonşum var – adı Əli müəllimdir. Hamı onu ideal insan kimi tanıyır. Savadlı müəllim, camaatın arasında sözü keçən insandır. Hamı ona çox hörmətlə yanaşır. Yaşı artıq 60-ı keçib. Ədəbiyyat, Azərbaycan dili müəllimidir. Ziya Məmmədovun bacısının, Əhəd Abıyevin qudasının direktoru olduğu 66 saylı məktəbdə müəllim işləyir. Bu adam Vətənindən, dilindən, millətindən ötrü canını verən adamdır. Keçən il tətil vaxtı müəllimlər otağında oturanda bir adam ora gəlib. O da Allahşükür Paşazadənin nəvəsi olub. Heydər Əliyevin şəklini əlinə alıb şit-şit deyib ki, «babamıza bax, babamıza bax». Bu da soruşub ki, «bala, o, doğrudan sənin babandır?» Deyib, «Bu, bütün Azərbaycanın babasıdır». O da əsəbiləşib ki, «bala, o mənim babam deyil, ola bilər sənin babandır.» Bir kəlmə bu sözü işlətdiyi üçün işdən çıxardılar, indi də evdə oturub. O cür insanları dövlətdən, hakimiyyətdən narazı salmaq bu məmur töküntülərinin nəyinə lazımdır? Bəyəm, yaxşı iş görürlər. Elə bir həyat versinlər ki, bu adam həqiqətən də dövlətə baba kimi baxsın. Daha onu kəsib atmaq niyə? İnsan öz müstəqil dövlətində öz fikirlərini azad ifadə etdiyi üçün ona qarşı bu qədər böyük təpki ola bilərmi? Bir ailəni çörəkdən məhrum etdilər. İndi bu adam müəllimlikdən başqa bir işlə məşğul ola bilmir, acından ölsün? Onun övladları Azərbaycanın gələcəyidir. Onlarda bu qədər nifrət niyə yaradırlar? Əli Əhmədovun, Siyavuş Novruzovun, Mübariz Qurbanlının, digərlərinin danışıqlarına televiziya vasitəsilə qulaq asıram və fikirləşirəm ki, bu yalanla hara qədər getmək mümkündür? Vallah, bu yalanla çox uzağa getmək olmaz. Biz canımız, başımız bahasına o müstəqilliyi qurduq, amma biz adını, bunlar dadını gördülər. Heç olmasa millətin sərvətlərini bu qədər xərcləyib, özünü heyvan yerinə qoymasınlar. Milləti dolandırmayan əli tarix hər zaman kəsib. Milyardlarla avro vəsait daxil olur ölkəyə. Hələ də ac, işsiz, səfil vətəndaşlarımız var. Bu siyasətlə hara gedirik? Qoy bu sərvətlərin 80 faizini rüşvətlə, korrupsiya ilə yesinlər, amma heç olmasa bu millətə yazıqları gəlsin, onun halal haqqının 20 faizini özünə versinlər. 20 faiz kifayətdir ki, bu millət bu dövlətə sitayiş etsin. Onu da qıymırlar. Guya antikorrupsiya mübarizəsinə başladılar. Nə dəyişdi? Yenə hər şey öz qaydasında davam edir, hələ «taksa»ları birə iki artırmağa da macal tapıblar. Dövlət vərəqin birində bir cür məvacib yazır, paketdə də bir cür məbləğ verir istədiyi adama. Qalanı da gözünü qırpa-qırpa baxır. Bəyəm sadə insanlar bilmirlər ki, naziri, millət vəkili, dövlət rəsmisi ona rəsmi verilən məvaciblə dolanmır? Onların bu məmləkətdə, ondan xaricdə gördükləri işlərin milyonda birini o məvacib çərçivəsində etmək mümkün deyil. Mən bu gedişlə Azərbaycanın gələcəyini qaranlıq görürəm. Bir müddətdən sonra sosial təbəqələşmə o dərəcədə qabarıq özünü göstərəcək ki, bu da müstəqilliyimizi təhlükə altında qoyacaq. Əgər Azərbaycanda 4-cü hakimiyyət – mətbuat həqiqətən də müstəqil fəaliyyət göstərməsə, demokratikləşmə və liberallaşma siyasəti düzgün istiqamətdə aparılmasa, yaşlı nazirlər yerlərini daha gənc və perspektivli gənclərə verməsələr, çox da uzağa getmək mümkün olmayacaq. Bəyəm onların yerini tutacaq kadr yoxdur? Bəs bu hakimiyyət ötən illərdə nə ilə məşğul olub? Heç müxalifətin də fəaliyyəti qənaətbəxş deyil. Sıfır. Arada-sırada pul olanda bir az hərəkətə gəlirlər, onun da bir nəticəsi olmur, sakitləşib birdəfəlik yerlərində otururlar. Bəyəm müxalifət belə olur? Müxalifət də hər şeylə bu cür razılaşacaqsa, onda vay bu millətin halına. Mövcud müxalifətlə, siyasi partiya rəhbərlərilə belə bir məsul işi həyata keçirmək görünür müşküldür. Faktdır ki, onlar siyasi proseslərə təsir etmək gücündə deyillər. Yeni müxalifət yaranmayana qədər hakimiyyətin siyasəti necə varsa, o cür davam edəcək. Hələ bəlkə də illər keçdikcə daha da sərtləşəcək. Düzdür, mən «Müsavat» partiyasının üzvüyəm və bu gün də fəxr edirəm ki, bu partiyanın üzvü olaraq qalıram. Fəaliyyətimi Moskvada aparıram. Mənə təklif olunub ki, İctimai Palatanın Moskvada nümayəndəliyini yaradam. Bu məsələ ilə bağlı görüşlərimiz və danışıqlarımız olacaq. Əgər mən fərqli bir hərəkatın olduğunu görsəm, bu işə əl qoyacam. Yox, yeni bir şey görməsəm, mən təşkilat yaratmağın xatirinə təşkilat yaratmaqda maraqlı olan adam deyiləm.

 Son

Hazırladı:

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Sayin İsmailov Amirkhan Dzhilakhanovich,
    sanırım ki biz Sizinle 1990 yılında liningrad’ şehrinde Uluslararası Insan Haklari Konferansı’nda iştirak ettik. Marat Ismailov, Bashkiria

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button