Rusiyada inqilab başlayır?

Osetiyada Kremlin istəmədiyi namizədin seçkiyə qatılaraq qələbə qazanması Putini çətinə saldı
Rusiyada gözlənilən çat baş verdi. Cənubi Osetiyada prezident seçkiləri göstərdi ki, Kreml artıq vəziyyəti əvvəlki kimi nəzarətdə saxlaya bilmir. Media daha çox bir məsələni qabardır ki, Kremlmeyilli namizəd seçilməyib.
Fikrimizcə, əsas məsələ bu deyil. Birinci sual belə olmalıdır ki, Kremilmeyilli olmayan nüfuzlu namizəd Alla Cioyeva seçkilərə necə qatılıb və onun qələbəsi Moskvanı necə fakt qarşısında qoyub?
Yaddaşlı oxucularımız xatırlayarlar ki, prezident Dimitri Medvedevin ilk və ikinci ABŞ səfəri daha çox Rusiyadaxili məslələrin müzakirəsi ilə yadda qalmışdı. Bu kontekstdə Şimali Qafqaz məsləsi ciddi şəkilədə dünya mediasının diqqətini cəlb edirdi. Hətta ABŞ-ın BMT-dəki keçmiş səfirlərindən biri öz məqaləsində yazmışdı ki, Rusiya Şimali Qafqazda sabitliyi bərqərar etməsə, Soçi olimpiya yarışlarını unutmalıdır. Çünki beynəlxalq yarışın təhlükəsizlik məsələsi həll olunmalıdır. Rusiyadan bu mövqeyə müxtəlif reaksiyalar olsa da, görünürdü ki, Kreml vəziyyətin ciddi olduğunu və nəzarətdən çıxa biləcəyini anlayır.
Putinə ilk hədiyyə…
Cənubi Osetiyada baş verənlər, məcazi mənada desək, Putinin növbəti prezidentlik arzusunu cəhənnəmə çevirməkdir. Çünki məhz Putinə birbaşa yaxın olan Eduard Kokoytının seçkiləri uduzması və sadə seçicilərin ölkədə qarşıdurma yarada biləcək gücdə etiraza qalxması vəziyyəti qəlizləşdirir. Putin Alla Cioyevanın tərəfdarlarına qarşı silah tətbiq edəcəkmi? Edəcəksə, avtomatik olaraq Bəşər Əsədlə bir sıraya girməyəcəkmi? Başqa halda bu narazılığın seçkilərdən sonraya qədər uzanması bu cür etirazların bütün Rusiyaya yayılmasına səbəb olmazmı?
Beləliklə, Putin ilk çətin durumla üz-üzə qaldı. Onun prezident seçkilərinə kimi bu dilemma ilə məşğul olması xeyli vaxtını alacaq və yüksək olmayan nüfuzunu daha da zəiflədəcək.
Qərb xəbərdar etmişdisə…
Hərçənd, bu cür düşünmək üçün əsaslar o qədər də çox deyil, amma yeri gəlmişkən demək olar ki, Cənubi Osetiya Gürcüstandan təsirlənə bilər. Çünki hətta 2008-ci il avqust müharibəsi nəticəsində Gürcüstana ciddi ziyanlar dəysə də, indi Tiflisin nəzarətində olan əhali daha firavan yaşayır. Görünür ki, Rusiya artıq böyük olmasına baxmayaraq, rifah vəd etməyən dövlətdir. Kremlə bağlı namizədin səs almaması və seçicilərin bu cür fəal etirazı isə deməyə əsas veriri ki, fedarasiya daxilində alternativ nəfəslik axtarışı artıq başlayıb. Heç şübhəsiz ki, öz iradəsi ilə hakimiyyəti formalaşdıran Cənubi Osetiya xalqı Gürcüstana və ortada olan münaqişəyə münasibətdə Rusiya ilə həmrəy olmayacaq. Qərb diplomatlarının və mediasının uzun müddətdir barmaq tuşladıqları ərazidən ilk etiraz səsinin ucalması onu göstərdi ki, Kreml bir daha düşünməli və üzləşdiyi xəbərdarlıqları təkrar xatırlamalıdır. Unutmaq olmaz ki, ABŞ vitse-prezidenti Cozef Bayden Moskva Unversitetində çıxışı zamanı demişdi ki, Putinin yenidən prezidentliyə iddia etməsi onun özü və Rusiya üçün pis ola bilər. Fikrimizcə, baş verənləri bir də bu kontekstdə götürmək lazımdır. Biz bu hadisəni Kreml üçün xəbərdarlıq partalayışı da saya bilərik. Heç şübhəsiz ki, daha ciddi qarşılıqlı müqaviməti müşahidə edəcəyik.

Seymur Həzi

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button