Rusiyada keçmiş nazir mənimsəməyə görə 12 illik məhkum edilib

Moskvada məhkəmə keçmiş nazir Mixail Abızovu cəzasını sərt rejimli həbsxanada çəkməklə 12 illik həbsə məhkum edib. O, mütəşəkkil cinayətkar dəstənin tərkibində oğurluqda təqsirli bilinib.

Abızov keçmiş baş nazir Dmitri Medvedevin dövründə, 2012-2018-ci illərdə “açıq hökumət” məsələləri üzrə nazir işləyib.

Abızov 2019-cu ilin martında Moskvanın “Vnukovo” aeroportunda FSB əməkdaşları tərəfindən saxlanıb. O zaman İtaliyada yaşayan Abızov Rusiyaya ad gününü keçirməyə getmişdi.

Nazir olmazdan əvvəl iri enerji və dağ-mədən şirkətlərində rəhbər vəzifələrdə çalışıb, “Rusiya Vahid Enerji Sistemi” Səhmdar Cəmiyyətinin idarə heyətinin üzvü olub.

Müstəntiqlərin fikrincə, Abızov bir sıra uydurma sövdələşmələrə girib, enerji şirkətlərinin, ilk növbədə, “Sibeko” və “Regional Elektrik Şəbəkələri”nin səhmlərini şişirdilmiş qiymətlərlə alıb, əldə etdiyi 4 milyard rublu (43 milyon dollar) isə ofşor şirkətlər vasitəsilə xarici valyutaya çevirib. İstintaqın gedişində ona qarşı yeni cinayət işləri başlanıb.

Abızov bütün ittihamları rədd edir, ittihamnaməni “Cinayət Məcəlləsi mövzusunda qanunsuz esse” adlandırıb.

“Forbes” jurnalı Abızovu həbsindən qabaq Rusiyanın ən zənginləri siyahısına salıb, onun sərvətini 600 milyon dollar qiymətləndirirdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button