Rusiyanın müdafiə nazirliyi gecə Baxmutu tam tutduğunu iddia edir
Rusiyanın müdafiə nazirliyi iddia edir ki, mayın 20-dən 21-ə keçən gecə Baxmut şəhəri tam ələ keçirilib.
“Artyomovsk (Rusiya tərəfinin istifadə etdiyi Baxmutun keçmiş adı-AR) taktiki istiqamətində Vaqner hücum dəstələrinin hücum hərəkətləri nəticəsində Cənub Qüvvələr Qrupunun artilleriya və aviasiyasının dəstəyi ilə Artyomovsk şəhərinin azad edilməsi başa çatdırıldı.” Rusiya müdafiə nazirliyinin teleqram kanalında bildirilir.
“Svoboda”-nın verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Baxmutun tutulması ilə bağlı “Vaqner”-çiləri və ordunu təbrik edib. Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda Putin şəhərin alınmasında fərqlənənlərə dövlət mükafatı vəd edir.
“Vaqner” muzdlu döyüşçülərin komandiri Yevgeni Priqojin Baxmutun mayın 20-si günorta saatlarında ələ keçirildiyini bildirir.
Ukrayna tərəfi hələlik Baxmutdakı vəziyyətlə bağlı rəsmi şərh verməyib. Amma Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mayın 21-i səhər saatlarında yaydığı məlumatda Baxmut şəhəri uğrunda döyüşlərin davam etdiyi bildirilir.
“Baxmut istiqamətində düşmən hücum əməliyyatlarını davam etdirir, Baxmut şəhəri uğrunda döyüşlər dayanmır”.
Məlumatda həmçinin ötən gün Rusiya qoşunlarının 730-a yaxın itki verdiyi bildirilir.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın Baxmutla bağlı son şərhi isə şənbə günü olub.
O, Ukrayna ordusunun şəhərdəki “kritik” vəziyyəti və Ukrayna hərbçilərinin oradakı “müəyyən sənaye və infrastruktur obyektlərinə nəzarət etdiyi” barədə məlumat verib.
Baxmut Donetsk vilayətində vilayət mərkəzidir. Qərb ölkələrinin məlumatına görə, şəhər uğrunda gedən döyüşlərdə hər iki tərəf böyük itki verib. Şəhərə ciddi ziyan dəyib.
Ukraynalı və qərb analitiklərin, elə Priqojinin özünün dəfələrlə qeyd etdiyi kimi, şəhərin tutulmasının heç bir strateji əhəmiyyəti yoxdur – onun qərbində Ukrayna ordusunun yeni müdafiə xətləri yerləşir.