Rusiyanın son hücumundan sonra Kiyevdə istilik təchizatı bərpa edilib

Hərbi mənbələrin məlumatına görə, cümə günü Rusiyanın Kiyevə atdığı 40 raketdən 37-si məhv edilib

Rusiyanın Kiyevə son raket hücumlarından zərər çəkən istilik təchizatı sistemi tam bərpa edilib. Bu barədə məlumatı paytaxtın meri Vitali Kliçko Telegram kanalında yazıb:

“Bütün istilik təchizatı mənbələri normal işləyir”.

RBC Ukraynanın məlumatına görə, dekabrın 16-da Rusiya hərbçiləri Kiyevə 40 raket atıb, onlardan 37-si hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Hücumdan sonra elektrik enerjisinin kəsilməsi səbəbindən Kiyevdə su və istiliklə bağlı problemlər yaranıb.

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü axşam müraciətində Rusiyanın zərbələrindən sonra ölkənin enerji strukturunun yenidən qurulmasından danışıb.

“Gün ərzində təxminən 6 milyon ukraynalının elektrik enerjisi təminatı bərpa edilə bilib. Hazırda təmir işləri fasiləsiz davam edir”, – Zelenski bildirib.

BBC Rus xidmətinin yazdığına görə, enerji infrastrukturunun cümə günü Rusiya tərəfindən atəşə tutulması nəticəsində Ukrayna istehlakçıların təxminən yarısı işıqsız qalıb. O cümlədən, Xarkov və Xarkov vilayətində tamamilə enerji kəsilib, Kiyev əhəmiyyətli dərəcədə zərər çəkib.

Oktyabrın ortalarından Rusiya ordusu müntəzəm olaraq Ukraynanın enerji infrastrukturuna kütləvi zərbələr endirir.

Nəticəsində ölkənin bütün iri istilik elektrik stansiyaları və su elektrik stansiyaları zədələnib.
Rusiya prezidenti Vladimir Putin dekabrın 7-də İnsan Hüquqları Şurasının üzvləri ilə onlayn görüşündə Rusiyanın Ukraynanın kritik infrastrukturuna, o cümlədən elektrik stansiyalarına və elektrik xətlərinə raket zərbələri endirdiyini etiraf edib və belə obyektləri qanuni hədəflər adlandırıb.

Bir gün sonra Kremldə “Qızıl Ulduz” medalı mərasiminin iştirakçıları ilə danışan Putin Müdafiə Nazirliyinin enerji obyektlərinə zərbələr endirməsini Ukrayna hərbçilərinin hərəkətlərinə cavab adlandırıb.

Ukrayna mülki infrastrukturun bombalanmasını müharibə cinayəti kimi qiymətləndirir. Bu səbəbdən ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın Ukraynaya qarşı hərəkətlərini soyqırım kimi tanıyan qətnamə qəbul edib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button