Rusiyanın təqdimatında «VİKİLİKS»

 

“Biz bilmirik Mehdiyevin rolu nədir – o, kukladır, ya kukla oynadan?”

 «Görəsən, İlham Əliyev Ramiz Mehdiyev olmayanda kimdən kömək istəyəcək?» – «VİKİLİKS»

 Ruslar «Qərbin Azərbaycanın daxili işlərinə qarışması şübhəsini» ətrafa yayırlar…

«Vikiliks» saytının bu yaxınlarda açıqladığı məlumatlar Rusiya mətbuatında geniş şərh edilməyə başlayıb. Rusiyalı ekspertlər yayılan xəbərləri kifayət qədər maraqlı bir formada şərh etməyə başlayıblar. İlk olaraq Cənubi Qafqaz regionu ilə bağlı məlumatlar ruslar tərəfindən özlərinə məxsus formada şərh edilir: «Liviya və Suriyadan sonra Azərbaycandır deyən analitiklər deyəsən, səhv edirdilər. Əliyevin vəziyyəti möhkəmdir və o, tam ABŞ- ın tərəfinə keçmədən səliqəli şəkildə manevr edir. Vikiliks-in dərc etdiyi teleqramlar Zaqafqaziya siyasətinin əsas dönüş nöqtələrini vurğulamağa imkan verir.

 Zaqafqaziyada təzə kurs?

 Azərbaycanda baş verən ən əsas dəyişikliklər odur ki, Azərbaycan qərb yönümlü siyasətdən əl çəkib və Rusiyanın maraqlarını nəzərə alaraq daha balanslaşdırıcı siyasətə keçib. 2 oktyabr 2009-cu il (2019-cu ilə qədər məxfi saxlanılmalıdır) 09 BAKU 109 nömrəli teleqramında Enn Dersi qeyd etmişdir: «Rusiya Azərbaycanı, Qərb ilə olan energetik, müdafiə siyasəti  əlaqələrinin ziyanına olmasına baxmayaraq, öz tərəfinə çəkmək üçün diplomatik addımlar atır. Bu, Rusiyanın yenidən Cənubi Qafqazda siyasi və iqtisadi hakim rolunu oynaması üçün atdığı addımlardır. Əgər nəzərə alsaq ki, Əliyev ən çox stabilliyə önəm verir, demək olar ki, Rusiya Qərbi yenidən etibarsız tərəf müqabili kimi göstərməkdə davam edəcək. Rusiya Əliyevi inandırmaq istəyəcək ki, qərb yönümlü yol və demokrətikləşmə xaosa aparır, Moskva isə stabil yol təklif edir».

Rusiyanın Ermənistana böyük partiya silah ötürməsi haqda şayiələr Bakı və Moskvanın arasında soyuqluq yaradıb. 25 mart 2009–cu il tarixli 09 BAKU 73 nömrəli teleqramda səfir sövdələşmənin bütün xırdalıqlarını məxfi “xaricilər üçün deyil” qrifi ilə xəbər verib. Birinci xəbər 2009-cu ilin yanvar ayında verildi. Gümrüdə yerləşən 102 nömrəli rus hərbi bazasından erməni silahlı quvvələrinə 800 milyonluq silah verildiyindən söhbət gedirdi. Birinci hesabatda söhbət 21 T-72 tankları, 27 BMP-2, 210 SA-6  “yer-hava” tipli raketlərdən söhbət gedirdi. İkinci hesabatda bunun üstünə 4 ədəd SA-11 buraxılma qurğuları, 2 ədəd SA-13 sistemləri və HHQ üçün radar qurğuları gəldi. Rusiya sövdələşmənin olmadığını deyirdi. Azərbaycan tərəfi general- leytenant Qolovçenkonun məxfi əmrini üzə çıxardı. Bu məxfi əmrdə Ermənistana verilən hərbi texnikanın siyahısı var idi. Azərbaycan nümayəndəsinin sözlərinə görə, ruslar Kutaisidən gətirdikləri silahları sadəcə Ermənistanda qoyublar.

Moskvadan 10 fevral 2009-cu il 09 MOSKOV 313 nömrəli məxfi teleqramda deyilir ki, Rusiya səfiri Yuriy Merzlyakov silah sövdələşməsinin yalan olduğunu deyir və sənədləri “qaba saxtakarlıq” nümunəsi adlandırır. “Bu sənədlərdə o qədər səhv var ki, onu bu cür heç bir rus generalı imzalamazdı”. Amerika səfirliyinin Moskvada topladığı ekspert qrupu “ bu fikirlə razılaşdılar və Rusiya XİN-nin – Rusiyanın bu sövdələşmə ilə Azərbaycanla yaxşılaşan əlaqələrini zərbə altına qoyması, onun maraqlarına qulluq edə bilməz” bəyanatını dəstəklədilər.

Teleqramda rusiyalı ekspertlərin baş verənlərə münasibətləri də yer alır: «MDU-dan olan ekspert Aleksey Vlasov deyir ki, bu saxtakarlıq ancaq Ermənistanın radikal qruplarının əlinə oynayır. Yelena Kravçenko, XİN-in Dağlıq Qarabağ üzrə məsləhətçisi, Amerika səfirinə deyir ki, saxtakarlıqdan «Azərbaycanın Makiavellisi» Əliyev istifadə edə bilər.

– “Eksport voorujeniy” jurnalının redaktoru Ruslan Puxov dedi ki, onun təşkilatı sövdələşmənin izlərini tapa bilməyib, əgər sövdələşmə varsa, deməli, xəbər sızması da olmalıdır və biz bu sızmalara əsasən, bu sövdələşmənin izlərini tapmalıydıq. Onun fikrincə, siyahıdaki hərbi texnika ilə 800 milyonluq hesab düz gəlmir. Siyahıdaki texnikanin qiyməti 5-7 dəfə ucuzdur. Puxovun fikrincə bu – “Azərbaycanın provakasiyasıdır”. Moskvada olan Amerika səfirinin fikrincə, prezident Medvedyevin Qarabağdakı qarşıdurmanı sülh danışıqları ilə qurtarmaq  istədiyi bir vaxtda bu sövdələşmə real görünmür. Amerika səfiri yazırdı, “bu hadisədən ancaq sülh danışıqlarının düşmənləri uddu».

Sonra səfir yazır: «Guya Kremlin «yaxın xaricdə» Qərbin təsirini dağıtmaq planları var. Bunun üçün ruslar kəşfiyyat məlumatlarını saxtalaşdırır, əhaliyə yalan məlumatlar ötürür, KİV-ə təsir edirlər ki, liderləri “rəngli inqilablarla” qorxutsunlar. Bu liderlər «demokratiya aşiqləri deyillər».

Səfir hesab edir ki, azərbaycanlıları əsəbiləşdirən guya demokratikləşmədə və insan haqları sahəsində «Qərbin ikili standartları» deyimlərində «rus əlinin» izlərini görmələridir. Ruslar «Qərbin Azərbaycanın daxili işlərinə qarışması şübhəsini» ətrafa yayırlar.

 “Qırmızı xətt” – Moskva

 Daha sonra isə Rusiyadakı ABŞ səfiri Azərbaycanla bağlı maraqlı məlumatlar əks olunan teleqramlar yollayır: «Amerika səfirinin sözlərinə görə, Prezident Əliyev başa düşür ki, «Rusiyanın Azərbaycanda qanuni maraqları var; bunlar enerji, İran və Yaxın Şərqə gedən yollar, Şimal-Cənub dəhlizi, Gürcüstan və Şimali Qafqazla qonşuluq və Qəbələ radar stansiyasıdır. Əliyev özü Moskva tərbiyəsi görüb və orada təhsil alıb, Moskvada onun qohumları yaşayır və əgər Qərb onun nazı ilə oynamasa, o, Moskvaya daha da yaxınlaşa bilər».

Daha sonra Rusiyadan yollanan teleqramda enerji məsələləri barədə söhbət açılır: «Lakin Kreml amerikan bazalarının bu ölkədə yerləşməsinə və Azərbaycanın NATO-ya üzv olmasına icazə verməz. Gürcüstana birbaşa siyasi və ya hərbi kömək də Kreml üçün qəbuledilməzdir. “2007-ci ildə Rusiya tərəfindən hazırlanmış, Gürcüstanın qaz blokadasına alınmasının Azərbaycan tərəfindən pozulmasına hazırlıq, Rusiyanın səbr kasası üçün çox ciddi sınaq idi. Azərbaycanın Qərblə enerji resursları ilə bağlı birbaşa görüşləri Rusiyanı hövsələdən çıxarır. 1990-cı ilin ortalarında, zəif Rusiyanın başı çeçen müharibəsinə qarışan zaman, Bakı-Tiflis-Ceyhan layihəsini dayandıra bilməmələri rusları çox məyus edir. Onlar bu fiaskonun Azərbaycan və Xəzər qazı ilə təkrarlanmasına yol verməyəcəklər.

Bakının önəmli ailələrinin üzvləri rus universitetlərində təhsil alıblar. Azərbaycan elitasının Moskvada böyük maliyyə maraqları var. Rusiyada, Azərbaycandan olan 800.000 müvəqqəti işçi neftlə bağlı olmayan bölgələrdə yaşayır və öz kasıb ailələrinə pul göndərir. Əgər Rusiya bu işçiləri qovsa və ya pul köçürmələrinə icazə verməsə, Azərbaycana dəhşətli iqtisadi zərbə olar və bu, sosial gərginlik yaradar. Ruslar artıq bir dəfə bu dəyənəkdən istifadə ediblər. 2006-cı ilin qaz konflikti zamanı Moskva bazarlarında işləyən qeyri-leqal miqrantların qeydiyyatlarının yoxlanılması başlanmışdı”.

 ABŞ Əliyevdən narazıdır

 18 sentyabr 2009-cu il 09 BAKU 749 nömrəli və 2034-cü ilə qədər məxfi saxlanılması qrifi olan teleqramda Azərbaycanın prezidenti İlham Əliyevə sərt münasibət var.

Amerika səfirinin adını çəkmədiyi ekspertlərə istinadən təsdiqlədiyi xəbərdə, ailə bağlarına, müxalifəti sərt boğmağına , himayə almaq sisteminə görə Əliyev Administrasiyası mafioz strukturuna oxşayır və İlham mafiyanın başçısıdır. Əliyevin xarici siyasəti Rusiyadan asılılığa son qoymaq üstündə qurulduğu üçün amerikanları razı salır. Lakin onun daxili siyasəti “Sən mənim bacıma toxunsan, mən səni öldürərəm” prinsipi ilə, cox sərt olaraq qalır.

“Əliyev və onun komandası hakimiyyətlərinə olan ixtiyari bir təhdidlərə çox əsəbi reaksiya verir. O, Emin Milli və Adnan Hacızadədən – bu iki cavan bloqqerdən cox sərt intiqam almışdır. «Azadlıq» radiosu dünyanın ən hündür bayraq qülləsi ucaltmaq planlarını lağa qoyduğu üçün Əliyevin qəzəbinə tuş gəlmişdir.” İrəvandan göndərilən teleqramları paralel surətdə oxuyanda görürük ki, “Azadlıq” radiosuna münasibət azərbaycanlılarda və ermənilərdə eynidir. «Azadlıq» radiosundan rəsmi İrəvanın,  deyəsən, rəsmi Bakıdan çox zəhləsi gedir. “Ata Əliyevin zamanında daha azad nəfəs almaq olurdu” – deyə yerli saray adamlarına istinadən amerikanlar bildirir. Oğul Əliyevin yanaşması «Mən hamını öldürmək istəmirəm, ancaq düşmənlərimi…» prinsipidir.

Öz siyasi üstünlüyünə qarşı olan hər bir şeyi məhv etmək üçün ölçülər götürür. O, elə bir siyasi atmosfer yaratmaq istəyir ki, bu atmosferdə Əliyevlər sülaləsinin hakimiyyəti hüdudsuz olsun. Onun keçirdiyi referendum taxt-taca ümid edənlərin ümidini kökündən boğdu. Bu, Paşayevlər klanının üzvü kimi qəbul olunan onun xanımına da aiddir. Amerikalıları bu adamların gözəl tikilmiş kostyumlarda, əla ingilis dilli, geniş dünyanın insanı kimi görünüşlü və xoşagəlməz daxili siyasətinin bir–biri ilə yaratdığı dissonans heyrətə gətirir.

 Amerikanların Ramiz Mehdiyev əndişəsi

 Amerikanları həm də ata-oğul Əliyevlərin sərt addımları ilə bağlı olan Ramız Mehtiyevin rolu narahat edir. Lakin onlar qeyd edirlər ki «Biz bilmirik Mehtiyevin rolu nədir – o, kukladır, ya kukla oynadan? Aydın deyil, Ramiz olmayandan sonra İlham Əliyev kimə müraciət edəcək».

2010-cu ildə ABŞ xarici işlər nazirinin müavini Bernslə görüşən İlham Əliyev, işlərin gedişindən narazı idi. İlham Əliyevin sözlərinə görə, baxmayaraq ki, prezident Medvedyev Dağlıq Qarabağ probleminin həlli üçün aktiv çalışaraq bu istiqamətdə Azərbaycan və Ermənistan pezidentləri ilə beş dəfə görüşüb, ermənilər nəinki razılaşma yolunda irəli addım atdılar, onlar hətta əvvəlki razılaşmalardan belə imtina etdilər. Azərbaycanla danışıqlarda irəliləyiş olmamasına baxmayaraq, Türkiyə və Ermənistan arasında danışıqlar gedirdi. Əliyev ABŞ-dan Ermənistana təzyiq etməyi xahiş edirdi. Amerikanın xarici işlər nazirinin müavini cavab verdi ki, Ermənistanla Türkiyənin arasının düzəlməsi işin xeyrinə ola bilər, çünki bu, erməni prezidentinin mövqelərini gücləndirəcək. Əliyev İrandan da narazılıq edirdi, lakin başa düşmək olmurdu, o, bu şikayəti həqiqətən edir, ya amerikan qonağa xoş gəlmək üçün? O, Türkiyədən də razı deyildi. Onun sözlərinə görə, türklər «Nabucco» layihəsinin razılaşmasına imza atmaq istəmirlər, çünki bu razılaşma Ankara ilə Moskvanın arasını poza bilər.

Əliyev Türkiyənin islamçı hökumətinin İsraillə bağlı siyasətini tənqid edirdi. O, hesab edir ki, İsrail ilə aranı pozmaq təhlükəlidir və heç bir divident gətirməz. Əliyevin bu sözlərinə ardınca gələn növbəti teleqram aydınlıq gətirir. Bu teleqrama əsasən, İsrail Azərbaycanın əsas silah təchizatçısına çevrilib.

 İlham Əliyevdən acı etiraf

 Amerikanın səfiri Vaşinqtonun iradəsinə tabe olan yerli rəhbərlərin açıq narazılığı ilə nadir hallarda rastlaşardı. Belə olan halda, bunu kursun dəyişməsinin siqnalı kimi qəbul edirdi. 2009-cu ilin yayında səfir Enn Dersin prezident Əliyevlə görüşü belə keçdi. Enn Dersi gedirdi, İlham Əliyev isə Peterburq görüşündən yeni qayıtmışdı. İlham Əliyev Amerikanı maraqlandıran məsələlərdə Bakının köməyinə baxmayaraq, Birləşmiş Ştatların Azərbaycanın maraqlarına etinasız yanaşdığını deyərək, ürəyini boşaltdı.

Əliyevi Türkiyə ilə Ermənistan arasında gedən barışıq prosesi narahat edirdi. Dəqiq desək, özünün də razı olduğu prosesdən yox, sadəcə Dağlıq Qarabağ məsələsinin bu proses çərçivəsindən qırağa çıxarılması narahat edirdi. O, boynuna alırdı ki, Bakıda demokratiya və insan haqları ilə bağlı hər şey yaxşı deyil, lakin bu sahədə də tərəqqi var.

Əliyevin problemlərindən biri odur ki, ABŞ ( Rusiya da həmçinin) ölkəni müasir silahla təchiz etmir.

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button