Rüstəm İbrahimbəyovun xaricdə xeyli işləri var

115902.06.2013

Rüstəm İbrahimbəyov: “Əgər məni həbs etsələr, bu, ümumi işin xeyrinə olacaq. Xalq birdəfəlik başa düşəcək ki, onun qarşısındakı rəhbərlik antidemokratik mahiyyətə malikdir”

Bu gün müxalifətin vahid namizədi elan edilən Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bu statusda ilk müsahibəsini virtualaz.org saytına verib. İbrahimbəyovun həmin müsahibəsində ilginc açıqlama və mesajlar var.

İbrahimbəyov deyib ki, o, yaxın vaxtlarda Azərbaycana dönəcək. Həbsini də istisna etməyən MŞ sədri bunu ümumi işin xeyrinə olacaq hadisə adlandırıb.

Müxalifət qüvvələrinin Milli Şurada birləşən koalisiyası bu gün vahid namizəd məsələsini həll elədilər. Gözlənildiyi kimi, o, Ziyalılar Forumunun və Milli Şuranın sədri Rüstəm İbrahimbəyov oldu.

Milli Şuranın qərarı elan olunandan dərhal sonra əməkdaşımız hazırda Moskvada olan İbrahimbəyova telefon açaraq suallarını cavablandırmağı xahiş edib.

– Siz müxalifətin prezident seçkilərindəki vahid namizədi oldunuz. Bəs Azərbaycana nə zaman qayıdırsınız?
– Mənim indi işlərim var. Avropaya getməliyəm. Avropa təşkilatları ilə görüşməliyəm. Həmçinin Türkiyəyə gedəcəyəm. Yəni xaricdə xeyli işim var. Onları başa çatdırandan sonra seçkilərə az qalmış mən Azərbaycana mütləq qayıdacağam. Başqa cür necə ola bilər ki?! Buna heç bir şübhəniz olmasın. Normal bir adam kimi başa düşürəm ki, Azərbaycan rəhbərliyindən nələri gözləmək olar. Lakin mən qəti şəkildə əminəm ki, mənim problemlərimin mənim payıma düşən missiya ilə heç bir əlaqəsi yoxdur. Mən bu missiyanı minnətdarlıq hissi ilə qəbul edirəm.  Ölkəyə gələcəyəm və məni dəstəkləyən insanların  ümid və inamlarını doğrultmaq üçün məndən asılı olan hər şeyi edəcəym. Qəti əminəm ki, Azərbaycan əhalisinin əksəriyyəti məni dəstəkləyir. Ona da əminəm ki, Azərbaycan hakimiyyəti seçkiləri saxtalaşdırmaq üçün hər şeyə gedəcək. İndi əsas məsələ bu saxtakarlığa mane olmaqdır. Ona görə də ölkəyə qayıtmağım ləngiyir. Ümid edirəm ki, əgər məni həbs etsələr, bu, ümumi işin xeyrinə olacaq. Xalq birdəfəlik başa düşəcək ki, onun qarşısındakı rəhbərlik antidemokratik mahiyyətə malikdir. Buna görə də mənim həbsim işlərin xeyrinə olacaq. Mən hadisələrin bu cür cərəyan edəcəyini istisna etmirəm və qorxmuram.

– Bəs siz hakimiyyətin dəyişilməsi mexanizmini necə təsəvvür edirsiniz?
– Hakimiyyətin dəyişilməsi mexanizmi mütləq mənada konstitusion xarakterlidir. O, əsas qanunda da yazılıb. Yeni nəsə icad etməyə gərək yoxdur. Hadisələrin sonrakı inkişafı məsələsinə gəlincə isə bunlar Milli Şuranın bəyanatlarında ətraflı əks olunub. Milli Şuranın vahid namizədi bu məsələlərə riayət etməlidir.

Qəti əminəm ki, seçkiləri saxtalaşdırmaq cəhdləri olacaq. Bunu artıq 20 ildir edirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button