Səadət Cahangir şeiri: ““Hardasan” çağır, gəlim”
Bu yağmurlu gecədə
“hardasan” çağır, gəlim,
bir dayanacaqda dur,
çətir aç, yağır, gəlim…
çağır, bəlkə bu küçənin
kənarından keçirsən,
qısıldığım qaranlığın
fanarından keçirsən…
çağır, islaq gözlərim
ünvanları çaşdırır,
fikirli əllərim dönüb
saçımı dolaşdırır…
çağır gəlim, tufan qopa,
leysan yağa, razıyam,
gəlim, lap quş dimdiyində
çöp olmağa razıyam…
çağır gəlim, son qatarın
bəlkə, son fiti qalır,
gəlim, gecə uçuşlardan
bir şans bileti qalır…
bu islanmış gecədən çıx,
“hardasan” çağır, gəlim,
bir dayanacaqda dayan,
sənsizlik yağır, gəlim…
Xural.com