Səfər Əbiyevin xarici səfərlərinə qadağa qoyula bilər

Hərbçilər Səfər Əbiyevin xaricə səfər etməsinə qadağa qoyulması barədə məhkəməyə müraciət edəcəklər

 Ehtiyatda olan bir qrup hərbi qulluqçu barələrində verilən məhkəmə qətnaməsini icra etmədiyinə görə, iddia ərizəsi ilə müdafiə naziri Səfər Əbiyevin xaricə getməsinə qadağa qoyulması barədə məhkəməyə müraciət etmək istəyirlər. Bu barədə Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzinin sədri, ehtiyatda olan Ədliyyə mayoru Telman Əbilov bildirib. Onun sözlərinə görə, yaxın günlərdə məhkəməyə müraciət olunacaq.

«Qanunla Səfər Əbiyevin xaricə çıxışına qadağa qoyulmalıdır» deyən T.Əbilov bildirdi:

“Prezidentin təşəbbüsü ilə bu yaxınlarda məhkəmə qərarlarının icrası haqqında Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi barədə parlamentə qanun layihəsi göndərilib və parlament bu layihəni qəbul edib. Bu qanunda göstərilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməyən vətəndaşların xarici ölkələrə getməsinə qadağa qoyulur. Bu qanun həm də qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməyən vəzifəli şəxslərə də aiddir. Respublikada ən çox məhkəmə qətnamələrini icra etməyən vəzifəli şəxslərdən biri də Müdafiə naziri Səfər Əbiyevdir. Yüzlərlə icra olunmayan məhkəmə qətnaməsi var.

Qanunla onların hər biri cinayət tərkibli əməllər sırasına daxildir. Buradan belə nəticə çıxır ki, Səfər Əbiyev yüzlərlə cinayət hərəkətlərinə yol verib. Amma ən çox xarici ölkələrə səfər edən də odur. Bu da ölkəmizin beynəlxalq imicinə ciddi zərbələr vurur. Çünki Avropa ölkələrində qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası vacib hesab olunur. Avropada məhkəmə qətnaməsinin icra olunmaması dövlətə qarşı ən böyük hörmətsizlik və xəyanət hesab olunur. Bu qanunsuzluğa yol verən heç bir məmura güzəşt olunmur ”, – deyə hərbçi əlavə etdi.

“Ümid edirəm ki, bu səfər Əbiyevin Brüsselə, ümumiyyətlə xarici ölkələrə sonuncu səfəri ola bilər” deyən T.Əbilov bildirdi ki, ölkə başçısının bu qanunsuzluğa reaksiya verməsi vacibdir.

Xatırladaq ki, Səfər Əbiyev oktyabrın 5-də Brüsselə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səfər Əbiyev NATO baş katibinin dəvəti ilə NATO və İSAF əməliyyatına töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək.

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Qerarlari ve tapshiriqlari yerine yetrilmeyen preziden istefa vermelidir. onun yerine sechilecek (teyin edilecek yox ) yeni prezident ise s.abiyevi etdiyi cinayetlere göre istefaya gönderib,ishine mehkeme qaydasinda baxmasina serencam vermelidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button