Səfərbərlik Xidmətinin İmişli şöbəsinin rəisi həbs olunub
Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi həbs olunub.
Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, polkovnik-leytenant Xəyyam Babayevə Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü ( təkrar və küllü miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Hərbi Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
İttihama X.Babayev və onun yaxınlarından münasibət almaq mümkün olmayıb. Həmin maddələrlə şəxsə 12 ilə qədər həbs verilə bilər.
Ötən ay isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov eyni ittihamla həbs edilmişdi.
Belə həbslər 2023-cü ildə də baş verib. Ötən il Xidmətin Xəzər, Xaçmaz, Cəlilabad və Laçın rayon şöbələrinin vəzifəli şəxsləri oxşar ittihamlarla üzləşmişdilər. Onlar isə, əsasən, ittihamları qəbul etmirdilər.
Azərbaycanda hər il dörd dəfə – yanvar, aprel, iyul və oktyabrda müddətli həqiqi hərbi xidmətə çağırış gerçəkləşdirilir və minlərlə gənc hərbi xidmətə cəlb olunur.