Şəfiqə Məmmədova birləşmiş kino ittifaqına sədr olmaq istəyir

Yayımlandı: 21 Fevral 2024 18:09


Yeni ittifaqın rəhbəri martın 5-də bəlli olacaq

2023-cü ilin iyulunda birləşdiklərini elan edən Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birgə konfrans keçirəcək.

ARKİ-nin yaydığı məlumatda bildirilir ki, birgə konfrans martın 5-də Teatr Xadimləri İttifaqında olacaq.

“Konfransın gündəliyində duran ən vacib məsələlər birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi, sədr və idarə heyətinin seçilməsi olacaq. ARKİ  birləşmiş kino ittifaqına namizəd Xalq artisti Şəfiqə Məmmədovadır. Konfransda digər namizədlərin təklif olunacağı istisna edilmir”, – məlumatda deyilir.

AKİ-nin birləşmiş kino ittifaqına namizədi isə Xalq artisti Rasim Balayevdir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 2012-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) alternativ olaraq yaradılıb. Həmin ildən İttifaqa Xalq artisti, aktrisa Şəfiqə Məmmədova rəhbərlik edir.

Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) 1981-ci ildən Rüstəm İbrahimbəyov rəhbərlik edirdi.

2012-ci ildə Rüstəm İbrahimbəyovun siyasi baxışlarına görə İttifaq Hökumət Evindəki ofisindən çıxarılıb.

Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin Prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürəndən sonra AKİ-də ciddi problemlər yaranıb.

Rüstəm İbrahimbəyov Moskvaya gedəndən sonra İttifaqın fəaliyyəti dayanıb.

Bir neçə ildən sonra İttifaq yenidən fəaliyyətini bərpa edib.

Ölkədə iki kino ittifaqının fəaliyyət göstərməsi kino adamları arasında ciddi problemlər, söz-söhbətə, ayrıseçkiliyə səbəb olurdu.

Vaxtilə Azərbaycan Kinematoqrafçılar İttifaqında birləşmiş rejissorlar, kino adamları iki ayrı cəbhəyə ayrılmışdılar.

2022-ci ilin martında Rüstəm İbrahimbəyov vəfat edib.

Ardınca AKİ-də qurultay keçirilərək, sədr postuna Xalq artisti, aktyor Rasim Balayev gətirilib.

2022-ci il dekabrın 17-də ARKİ məlumat yaydı ki, ittifaqın nizamnaməsinə uyğun olaraq Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən, yenidən İdarə Heyətinin sədri seçilib.

2022-ci ilin dekabrın 22-də isə Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudovbəyov üzvü olduğu ARKİ-nin sədri Şəfiqə Məmmədovanı saxta seçkilərdə ittiham etdi.

O bildirdi ki, Şəfiqə Məmmədova ARKİ-nin bir neçə üzvü ilə iclas keçirərək, özünü yenidən qurumun sədri seçib.

Şeyx Əbdül Mahmudovbəyov dəfələrlə hər iki Kino İttifaqın birləşdirilməsini təklif etsə də, buna müsbət reaksiya gəlmədi.

Digər İttifaqın – AKİ-nin sədri, Xalq artisti Rasim Balayev baş verənlərə münasibət bildirərkən demişdi ki, bütün ölkələrdə kino ittifaqı birdir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button