Səfirliyə hücumun pərdəarxası: “Azərbaycana xəbərdarlıqdır”

Cəmil Həsənli: “Onların əksəriyyəti Azərbaycanın harada yerləşdiyini bilmir”

Avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum olub.

Səfirliyə hücumun məsuliyyətini “Mehdi Xidmətçiləri” şiə ekstremist qruplaşmanın öz üzərinə götürdüyü bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hadisəni vandalizm aktı adlandırıb və bəyan edib ki, yerli hüquq-mühafizə qurumları olayla bağlı araşdırma aparır.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Twitter” səhifəsində səfirliyin diplomatlarının fəaliyyətlərini davam etdirdiklərini bildirib.

Hazırda Bakıda olan səfir Londonda radikalların səfirliyə hücumunun qəbuledilməz olduğunu bildirib və hadisəni “barbarlıq” adlandırıb.

“Bu, diplomatik müəssisələrin toxunulmazlığı prinsipini birbaşa pozub”, – Elin Süleymanov belə yazıb.

Səfir bildirib ki, vətəndaşların, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsizliyi diplomatik qurumun əsas prioritetidir.

Elin Süleymanovun sözlərinə görə, hazırda Londonda olan Azərbaycan diplomatları hətta təzyiq və təhlükə şəraitində də öz işlərini davam etdirirlər”.

Elin Süleymanov. Foto: “Trend”

Avqustun 5-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-in yaydığı məlumata görə, Britaniya müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib.

“Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxardığını və ev sahibi ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb edilib”, – deyə XİN vurğulayıb.

Eyni zamanda, baş vermiş hadisə ilə bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən hərtərəfli istintaq araşdırmasının aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi səsləndirilib:

“Britaniya müvəqqəti işlər vəkili baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi və narahatlıqlarını ifadə edib. Hadisə ilə bağlı istintaqın aparıldığı bildirilib”.

Hazırda Londonda olan Milli Şuranın sədri, professor Cəmil Həsənli Meydan TV-yə bildirib ki, baş verən hadisə çoxlu sual doğurduğundan hadisənin təfərrüatı barədə əhatəli bilgiyə malik deyil:

“Məsələn, bu aksiya niyə Londonda olmalıdır? Çünki bu şəhər şiə təəssübkeşliyinin mərkəzi deyil. Hərçənd ki, Londonda 1 milyona yaxın müsəlman yaşayır və böyük əksəriyyət də Pakistan və Hindistandan gələnlərdir. İkinci sual, İslam ölkələrinin hamısında Azərbaycan səfirliyi var, niyə məhz Londonda aksiya keçirilir? Üçüncüsü, bu qruplaşmanın üzvlərinin küveytli olduğu deyilir. Əminəm ki, onların əksəriyyəti Azərbaycanın harada yerləşdiyini də bilmir. Dördüncüsü, dünya paytaxtlarının birində Azərbaycan səfirliyinin hədəfə gəlməsi nə ilə bağlıydı və hücum edənlər nə istəyirdi? Bildiyimə görə aksiyada tutarlı tələb də səslənməyib. Ona görə suallar doğuran məsələlər çox olduğundan, aksiyanı Britaniya hökumətinin təşkil etməsi barədə qəti fikir bildirmək olmaz”.

Cəmil Həsənli səfirliyin daxili mühafizəsi ilə bağlı məsələni də vacib məqam kimi qeyd edir və hesab edir ki, bu sualların cavabı araşdırılmalıdır:

“Çünki səfirliyin qapısının açılması sıradan hadisə deyil. Londondakı səfirlik mühafizə və texniki cəhətdən daha çox təchiz olunub. Bəlkə də, cəhd olub, bilmirəm. Bütün hallarda Britaniyadakı səfirliyimiz və Xarici İşlər Nazirliyi bu suallarla bağlı açıqlama yaymalıdır. Videolar elə tərtib olunub ki, polisin günahkar görünməsi vizual təsir bağışlayır. Amma mən fərqli düşünürəm”.

Cəmil Həsənli, Foto: Meydan TV

Onun fikrincə, Azərbaycan səfirliyi digər ölkələrin diplomatik binalarından fərqli olaraq küçəyə baxır və arada qoruyucu heç nə yoxdur:

“Amma digər səfirliklər dəmir çərçivələrlə əhatə olunub. Azərbaycan səfirliyinin qarşısında isə hansısa polis postu yoxdur. Çox ehtimal ki, hadisə baş verəndə polisləri ora çağırıblar, onlar da hücumdan sonra gəliblər. 2 saatdan çox davam edən videodan görünən odur ki, polislər səfirliyi mühafizə edən polislər deyil, əraziyə nəzarət edənlərdir. Ona görə əlavə qüvvələr göndərilib. Bu baxımdan hadisə haqqında nəticə çıxarmaq tezdir”.

Siyasi şərhçi Ərəstun Oruclu Meydan TV-yə açıqlamasında baş verən hadisəni yalnız təxribat deyil, Azərbaycan dövlətinə xəbərdarlıq kimi dəyərləndirib.

Onun fikrincə, hökumətin son addımları hansısa dairələri qane etmədyindən belə vasitələrdən istifadə edərək Bakıya təzyiq edirlər:

“Təzyiq ilk baxışdan səfirliyə hücumdur, amma bunun uzaqgedən nəticələri də ola bilər. Yəni təxribatın daha böyük hissəsi Azərbaycanın daxilində baş verər”.

Ərəstun Oruclu bildirib ki, London polisinin, ümumiyyətlə, Böyük Britaniya dövlətinin yanaşması yumşaq şəkildə ifadə etsək, suallar doğurur:

“Səfirlik hər bir dövlətin ərazisi sayılırsa, bu halda, Böyük Britaniyanın dövlət orqanları çox sərt münasibət göstərməliydilər. Amma biz əksini gördük. Polis sadəcə olaraq səfirliyi zəbt edən radikal dini qruplaşmanın hərəkətlərini müşahidə edirdi. Elə buna görə Bakı Londondan izahat istəməlidir. Təsəvvür edin ki, Bakıda Britaniya səfirliyinə qarşı belə bir hadisə törədilsəydi, məsuliyyəti Azərbaycan dövləti daşıyardı. Ona görə ilk suallar Böyük Britaniya hökumətinə ünvanlanmalıdır”.

O, səfirliyə hücum edən qruplaşmanın İrana bağlı olmasının xeyli dərəcədə istisna sayır:

“Əvvəla, 2018-ci bu qruplaşma eyni hücumu İran səfirliyinə edib. İkincisi, onların Londonda rahat fəaliyyət göstərməsi, hətta televiziya kanallarına malik olması suallar yaradır. Yəni bu qruplaşma İrana bağlı olsaydı, Böyük Britaniya fəaliyyətlərinə razılıq verməzdi. “Mehdi Xidmətçiləri” şiə ekstremist qruplaşma 2018-ci ildə İran səfirliyinə hücum edəndən sonra, qanundankənar elan olunmalıydı. Çünki “Mehdi Xidmətçiləri” şiə ekstremist qruplaşması yalnız diplomatik skandal deyil, həm də dövlətlərarası münaqişə üçün zəmin yaradırlar. Amma bu qruplaşmanın cəzasız şəkildə fəaliyyəti və bu günə qədər davam etməsi, nəhayət, Azərbaycan səfirliyinə hücumları göstərir ki, onlara kifayət qədər dözümlü münasibət var”.

Siyasi şərhçi Ərəstun Oruclu
Mənbə: AFU

Ərəstun Oruclunun qənaətincə, səfirliyə hücum Azərbaycanın 3 avqust hərbi əməliyyatına reaksiyadır:

“Azərbaycanda hərbi əməliyyatla bağlı eyforiya olduğundan bir çox insan gerçəkliyi deməkdən çəkinir. Gerçəklik isə belədir: 3 avqust əməliyyat birmənalı şəkildə Rusiyayla razılaşdırılmışdı. Azərbaycan və Rusiya hərbi qurumları arasındakı təmaslar, məsələn, Baş Qərargah rəisi Kərim Vəliyevin Moskvaya səfəri, avqustun 2-də Şoyqunun həmkarı Zakir Həsənova zəng etməsi. Elə həmin ərəfədə Rusiya-Ermənistan və Qərb-Yerevan təmasları göstərdi ki, əməliyyatın arxasında yüksək ehtimalla Moskva dayandırdı. Həmçinin Rusiya sülhməramlıları özünü neytral aparması ehtimalımı gücləndirir”.

“Yeri gəlmişkən, əməliyyatın adı da çox uğursuz idi, çünki ordu qisas əməliyyatı keçirmir və ordunun missiyası tamamilə başqa fəaliyyət sahəsidir. Londonda baş verən hadisə də ona cavabdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Bakı yaranmış mürəkkəb geosiyasi situasiyada bugünə qədər balanslı mövqe sərgiləməyə çalışır:

“Gah Rusiya, gah Qərb, gah Türkiyə, gah da İranla bu və ya digər məslələrdə anlaşmaqla mürəkkəb situasiyadan çıxmağa cəhd edir. Bəlkə də, bu, anlaşılandır. Amma indiki geosiyasi reallıq ortaya konkret mövqe qoymağı tələb edir. Bunu Ukrayna müharibəsi, Çin-ABŞ qarşıdurması göstərdi. Mövqe sərgilənmədikcə, daha ciddi hadisələr olacaq. Bir daha deyirəm, 4 avqustda səfirliyə hücum ciddi təxribatdır”.

“Ən böyük təxribat hadisədən sonra səslənən çağırışlardır. Beləliklə, təxribatın qığılcımı Londonda parladı, amma onun partlayışı Azərbaycanın daxilində ola bilər. Ona görə də biz ehtiyatlı olmalıyıq, məsuliyyətsiz və ekstremist çağırışlar, düşünülməmiş hədəf göstərmələr dövlətin və xalqın maraqlarına xidmət etmir. Biz nədənsə təxribatı hər zaman İran və Rusiyadan gözləyirik. Amma unuduruq ki, böyük geosiyasətin cızılması prosesi gedir, belə olanda təxribat hər kəs tərəfdən mümkündür. Bu baxımdan mərkəzdə Azərbaycanın milli maraqları qoyulmalıdır, nəzərə almalıyıq ki, hər tərəfdən hədəfə gələ bilərik”, – deyə Ərəstun Oruclu qeyd edib.

Avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum olub.

Hücum edənlərin bir qrup radikal dini dəstənin üzvləri olduğu deyilir.

Azərbaycan səfirliyinə edilən hücumun məsuliyyətini “Mehdi Xidmətçiləri” şiə ekstremist qruplaşmanın öz üzərinə götürdüyü bildirilir.

KİV həmin qruplaşmanın radikallar tərəfindən Londonda yaradıldığını yazır.

Bu qruplaşmanın İran İslam Respublikası hökumətinə qarşı olduğu və İranın Ali Dini rəhbəri Xameneinin dini etimadnaməsini şübhə altına aldığı bildirilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button