ŞƏKİLLƏR…

Baxıcı

Hüsamə bin Sərxan

BAŞDAŞINDAKI ŞƏKLİMİZ

Kəndimizin məscidi ilə qəbiristanlığı qonşudu. Aşura günü ataannesi ilə məscidə gedən 4 yaşlı uşaq şaxsey-vaxsey vaxtı baş verən qarışıqlıqdan istifdə edib qəbiristanlığa keçir. Ataannenin başı başına qapaz döyməkdən aynıyandan sonra görür nəvəsi yoxdu. O yana nəvə, bu yana nəvə, əl qatır özünə… Söhbətin nədən getdiyini anlamayan aşura iştirakçıları ataanneyə baxıb,yenidən cuşa gəlirlər. Nəvə isə öz keyfində, qəbiristanlığı o baş-bu baş gəzib qayıdır ataannesinin yanına.Ataanne başlayır uşağı duz kimi yalamağa. Uşaqsa heç nə olmamış kimi ataannenin əlindən yapışıb çəkir qəbiristanlıq tərəfə. Uşağın narahatçılığını hiss edən ataanne müqavimət göstərmir. Elə ki boy-boya dayanmış başdaşıların bərabərinə çatırlar, nəvə soruşur:

– Hamının şəkli burdadı, bə sənin şəklin hanı?

Ataanne nə qədər fikirləşirsə, nəvəsinin sualına cavab tapa bilmir.

Doğrudan da çox fəlsəfi-əndrəbadi sualdır və hər adam bu sualın cavabını tapa bilməz. Amma mən ağıl və kamalımın qüdrətindən istifadə edib, bu sualı cavablandırmağa çalışacam.

HƏYATDAKI ŞƏKLİMİZ

Əslində hamımız şəkilik və başdaşındakı şəkildən qətiyyən fərqimiz yoxdu. Sadəcə, başdaşındakı şəklimiz həyatdakı şəklimizdi, həyatdakı şəklimizsə-iblisin, canavarın, qoyunun, camışın, keçinin…

Bax belə-belə işlər, mənim balam! Şəkil olan şəkildi, şəkil olmayanın da şəkli var. Birilərini axtarışda olanların siyahısından, başqa birilərini şərəf lövhələrindən, digərlərini deputatxana və quşxanalardan… asıblar. “Ana Sakit” (müəllif “Ana Vətən” demək istəyir – Red.), ”Müsavat”, AXCP-də asılanlar da öz yerində. Hələ ürəyimizdən asdığımız şəkilləri demirəm. “Ay bir qızın ürəyində itən şəklim, batan şəklim”…

Bax bu məqamda, beynimin hansısa küncündə dəfn etdiyim xatirələr xortlayır və xortdan olub yapışır yaxamdan. Mən o xortdanı qınamıram. Əgər mən nə vaxtsa Aygün Kazımovanı sevmişəmsə və onun bu günkü əndamının zülmündən maqazin verlişlərinə baxmıramsa (nədi-nədi yenidən məhəbbətim cuşa gələr), xortdanın günahı nə?

O günləri yolum Lənkərandakı hamamlardan birinə düşmüşdü. Ləzzət elədi. Bundan sonra altı ay çimməsəm bəsimdi. Çiməndən, daha doğrusu, çimizdiriləndən sonra güzgüyə baxdım və özüm-özümü tanımadım, mənim balam. Məsələ ondadır ki, tamam başqa şəkildə varlığa çevrilmişdim. Əgər çimənə qədər Qəddafinin şəkliydimsə, çiməndən sonra “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev-fason bir şey olmuşdum. Uşaqlar baxıb “nə yakışıklı oğlandır”- dedilər. Mən isə öz-özümdən iyrənirdim. Çünki bu dünyada itin-pişiyin, bədə-bəddə Fəzail Ağamalının, Zəlimxan Yaqubun şəkli olmağa hazırdım, amma özün qoru, özün saxla ilahi, Etibar olmaq mənlik deyildi.

ŞƏKİLƏ TAPIN, MİLLƏT!

“Qolos”qəzetinin redaktoru serial azarkeşi olmasa da, günlərin bir günü necə olursa şeytan onu yoldan azdırır. Redaktor-müəllim serialda görür ki, bir adam on mərtəbəli evin damından dombalaq aşıb düşdü yerə, amma ona heç nə olmadı. Dərd dırmaşır müəllimin kəlləsinə. Əcəba, necə olur ki, insan 40 metrlik hündürlükdən təpəsi üstə dəyir yerə, ancaq ona heç nə olmur? Əlqərəz, redaktor 17 həftə evə vaxtlı-vaxtında gəlir ki, bu sualın cavabını tapsın. 17-ci həftənin sonuncu günü gözlərini açan serial qəhrəmanı deyir:

– Məni Uqo Çavesin şəkli xilas etdi!

Bəzən belə də olur, mənim balam! Sən bizim məmləkətə baxma. Bizdə hər şey başqa cürədir. Tanrının adını çəksən, acından öləcəksən, şəkilə tapınsan, jımıxdan-zaddan tapacaqsan.

Hələ bu harasıdır, mənim balam! Sən elə bir nazir, yaxud başçı göstərə bilərsən ki, onun oğlunun şəkli nəinki şəhid olsun, ”xotya-bı”əsgərliyə getsin?!

SEV(MƏƏƏ)DİYİM ŞƏKİLLƏR

Mən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun şəklini çox sevirəm. Axı o, milli-sadiq Fəttah kişinin şəklidir. Onların balası Talehdənsə zəndeyi-zəhləm gedir. Çünki məndə elə bir təəssürat var ki, bu uşaq nə vaxtsa demokratiyanın şəkli olacaq. Yaxud Nəqliyyat naziri Ziya Məmmədovun şəklini görməyə gözüm yoxdur. Əvvələn, onun kimin şəkli olduğunu bilmirəm, ikincisi çox “simpatiçni”di. Oğlu Anarın şəkli isə, tamam başqa məsələ. Təmiz ayının şəklidir. Eşitdiyimə görə, Kəmaləddinin ayısı ondan “ayı”gözləyir. Bax burda deyiblər: kəsmək başqa, basmaq başqa, mənim balam!

YAZIMIN “DABAN”I:

Hamı öləcək. Hamı həşəratlara yem olacaq. Hamı sonda torpağa qarışıb Yer kürəsinin kütləsini daha bir ovuc ağırlaşdıracaq. Yer üzünün əşrəfi sayılan Azəri insanı ona verilmiş ömür payını necə gəldi xərclədikdən sonra ”kredit”ə ehtiyac duyacaq. Ki, ömrünü bir az da uzada bilsin. Amma bütün bunlar heç nəyi dəyişməyəcək. Dəyişməkdən ötrü hökmən şəkillər dəyişməlidir, mənim balam!

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. husamanin bu yazisini diqqetle oxudum. husamanin ozunemexsus bir musiqi altinda yazilib nece deyerler hezin hezin
    mene bir sey qaranliq qaldi 3-cu hisse ŞƏKİLƏ TAPIN, MİLLƏT! hissesi var e ora
    ay husame bir bize ac gorek bu qolos qezeti nedir? onun bas redaktoru kimdir? bu endrabadi hadise nedir onun basina gelib? ce qevara zdes pricem? evez muellim ondan menim adimdan xahis eleyin gelecek yazilarinda bunun acmasini versin!
    bundan sonra qezetinizi de husamenin yazilarini da diqqetle oxuyub reylerimi yazacam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button