Şəmkir sakini: “Qardaşıma elə zülm veriblər ki, o hərəkətləri eləyən özünə “insan” deməməlidir”

Yayımlandı: 19 İyun 2024 21:58

“Polis idarəsində qanaxmaya görə neçə dəfə təcili yardım gəlib, indi də vəziyyəti yaxşı deyil”

Şəmkir sakini İzmir Rüstəmovun yaxınları onun Zərdab rayon Polis Şöbəsində işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qaldığını bildirir. Bacısı Əminə Məmmədova deyir ki, polislər qardaşına qarşı insanlığa sığmayan hərəkətlərə yol veriblər:

“Qardaşıma elə zülm veriblər ki, o hərəkətləri eləyən özünə “insan” deməməlidir. Polis idarəsində qanaxma dayanmayıb, ona görə neçə dəfə təcili yardım gəlməli olub. O hərəkətləri özlərinə rəva görənlərin adları bizə məlumdur: Anar, Elman, Mircəfər…”.

“Onlarla “iranlı” adı ilə danışıb, Zərdaba gətirdən də polislər olub”

24 yaşlı İzmir Rüstəmov iyunun 8-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə ittiham irəli sürülüb.

Zərdab Rayon Polis Şöbəsi. Foto: DİN

Şəmkir sakini olan İzmir Rüstəmov həmyerlisi Rövşən Bayramlı ilə birlikdə tutulub. Ona da eyni maddələrlə ittiham verilib. Hər ikisinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əminə Məmmədova danışır ki, qardaşı narkotik istifadəçisidir. O, Zərdaba da həmyerlisi ilə birlikdə narkotik almağa gedib:

İzmir 20 qram nəşə almaq üçün Zərdaba gedib. Sən demə, “iranlı” adı ilə danışıb, onları Zərdaba gətirən elə polislərin özləri olub. Narkotik istifadəçilərinə bu cür üsullarla tələ qururlar. “Satıcı” kimi danışıb, deyiblər ki, “filan yerə qoymuşuq, götürərsən”. Bunlar da gedib götürmək istəyəndə tutublar. Mən demirəm ki, qardaşım “aydan arı, sudan durudur”. Düzdür, narkotik istifadəçisidir. Bu, o demək deyil ki, onun boynuna 2 kilodan çox narkotik yükləməlisiniz. Görüntü yaradılır ki, guya 2 kilo narkotik tutublar. İzmir bu boyda narkotiki boynuna götürmək istəməyib. Elə ona görə işgəncə veriblər”.

“Bu cür hallara göz yummaq eyni əməllərə şərik olmaqdır”

Qardaşının Şəki Penitensiar Müəssisəyə köçürüldüyünü deyən Əminə Məmmədovanın sözlərinə görə, həbsindən 10 gün keçməsinə baxmayaraq, o, hələ də işgəncənin fəsadlarından əziyyət çəkir:

Şəki türməsinə gələndən sonra da qanaxma davam edib. Baş Prokurorluğa, Ombudsman Aparatına şikayət eləmişik. Ekspertiza üçün Ağcabədiyə aparılıb. Orada elə davranıblar, açıq-aşkar görünüb ki, ekspertlər polislərin təsiri altındadılar. Bu cür hallara göz yummağın özü də eyni əməllərə şərik olmaq deməkdir. Qardaşımın vəziyyəti yaxşı deyil. O, təcili xəstəxanaya köçürülməlidir, təkrar ekspertizadan keçirilməlidir”.

Foto: İzmir Rüstəmovun ailə albomundan

Əminə Məmmədova əlavə edib ki, Zərdab Rayon Polis Şöbəsində işgəncə nəticəsində qardaşının vəziyyətinin pisləşdiyini, qanaxma olduğunu, bu üzdən bir neçə dəfə təcili yardım çağırıldığını təsdiqləyən sənədlər-sübutlar var. Meydan TV əməkdaşı da həmin sənədləri görüb.

Daxili İşlər Nazirliyi təkzib edir

Daxili İşlər Nazirliyi (DİN) isə İzmir Rüstəmovun Zərdab Rayon Polis Şöbəsində işgəncəyə məruz qalması, ona aid olmayan 2 kiloqramdan artıq narkotikin üzərinə qoyulması barədə ailəsinin dediklərini təkzib edib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Meydan TV-nin məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, iyunun 8-də Zərdabda polis əməkdaşları tədbir keçirib, əcnəbi narkotacirə kuryerlik edən Rövşən Bayramlı və İzmir Rüstəmovu saxlayıb:

Daxili İşlər Nazirliyi. Foto: DİN

Onlardan ümumi çəkisi 2 kiloqramdan artıq olan tiryək, heroin, metamfetamin və marixuana, eləcə də 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Dindirilmə zamanı adıçəkilən şəxslər maddi gəlir qarşılığında İran vətəndaşı olan narkotacirə kuryerlik etdiklərini etiraf ediblər. Faktla bağlı cinayət işi başlanıb, Rövşən Bayramlı və İzmir Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib”.

İzmir Rüstəmovun təzyiqlərə məruz qalması ilə bağlı iddialar həqiqəti əks etdirmir”, – DİN-dən bildirilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button