Şəmkirin keçmiş icra başçısına hökm oxundu

Yayımlandı: 24 İyun 2024 12:26

Alimpaşa Məmmədov son sözündə deyib ki, Qarabağda bərpa-quruculuq işləri görmək istəyir

7 il – 2014-cü ildən 2021-ci ilin mayında həbs olunana qədər Şəmkir rayonunun icra başçısı olmuş Alimpaşa Məmmədovun məhkəməsi yekunlaşıb. İyunun 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Elmin Rüstəmovun sədrliyilə çıxarılan hökmə əsasən, Alimpaşa Məmmədov 11 il 6 ay azadlıqdan məhrum edilib. Həmçinin onun özünə və yaxınlarına məxsus bir sıra əmlakların müsadirəsinə qərar verilib.

Keçmiş icra başçısı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və başqa maddələrilə təqsirli bilinib.

O, özünü təqsirli bilir. Məhkəmədə son sözündə bildirib ki, 3 ildən çoxdur həbsdə cəza çəkir, artıq azadlığa çıxaraq, Qarabağda bərpa-quruculuq işlərinə töhfə vermək istəyir.

Prokuror onun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Alimpaşa Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət yoluyla 6.8 milyon manata yaxın vəsait əldə edib.

Məhkəmədə ittihama münasibət bildirən sabiq icra başçısı özünü təqsirli bilsə də, müəyyən məqamlarla razılaşmadığını demişdi:

Mən müəyyən mənada qanunsuzluq eləmişəm. Amma məqsədim şəxsi mənafeyim olmayıb. Rayonda iş yerləri açmışam. Elə sahələr var ki, ora büdcədən vəsait ayrılmır. Qeyri-rəsmi ödənişlər hesabına biz o işləri görürdük”.

İttihama əsasən, Şəmkirdə müxtəlif bələdiyyələrin təsis etdiyi iri müəssisələrə məxsus, dəyəri milyonlarla olan paylar icra başçısının göstərişiylə onun oğlunun adına keçirilib. Məsələn, Şəmkir şəhər bələdiyyəsinə məxsus “Abad Şəmkir” MMC-nin (zavod) 1 milyon 335 min manat dəyərində payı 2018-ci ildə Alimpaşa Məmmədovun oğluna satılıb. Satış isə cəmi 180 manata rəsmiləşdirilib. İki il sonra – 2020-ci ildə isə Adil Məmmədov da müəssisəni Fərid İslamzadənin adına keçirib.

Çinarlı bələdiyyəsinə məxsus “Çinarlı qəsəbə” MMC-nin 3 milyon 344 min manatlıq payları isə “Şəmkir səbəti” MMC-yə 40 manata satılıb. Bu şirkətin də rəsmi sahibləri keçmiş icra başçısının oğlu Adil Məmmədov, köməkçisi Mahir Əliyevdir.

Bundan başqa, ittihamda yazılıb ki, Alimpaşa Məmmədov “Şəmkir-Yeni Göyçə-Dağ Çəyir” avtomobil yolunun çəkilişi üçün satınalma müsabiqəsinin qalibi olmuş idarənin müdirindən 240 min manat pul alıb.

O, həmçinin 2015-2016-cı illərdə icra hakimiyyətinin keçirdiyi satınalmaların qalibi olmuş “Ağstafasutikinti” ASC-nin müdiri Vaqif Məmmədovdan 218 min manat rüşvət almaqda ittiham olunur.

Alimpaşa Məmmədova Bakının Nərimanov rayonu ərazisində “Sipark” yaşayış kompleksində iki mənzilin də rüşvət kimi verildiyi iddia olunur. İttihama əsasən, sabiq icra başçısı, Şəmkir şəhəri, Nizami küçəsi 2 ünvanında “Sipark Şəmkir” MMC-yə torpaq sahəsi ayrılması, ümumi himayədarlıq və laqeydlik müqabilində şirkətin sahibindən 2018-ci ildə iki mənzili alıb. İki mənzilin ümumi dəyəri 700 minə yaxındır.

Alimpaşa Məmmədova 132 epizod üzrə ümumilikdə 1 milyon 700 min manatdan çox rüşvət almaqla bağlı ittiham verilib.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib. Həbs edilən icra başçılarının sonuncusu Alimpaşa Məmmədov olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button